"O polis əclafdı ki, qoca qadının gözünə elə gözyaşardıcı maye vurur" - Deputat
Tarix: 23-06-2023, 16:57
Baxılıb: 154
Google+ Paylaş
Tumblr Paylaş

"O polis əclafdı ki, qoca qadının gözünə elə gözyaşardıcı maye vurur" - Deputat

23-06-2023, 16:57

"Gədəbəydəki hadisə əlbəttə ki, hər birimizi çox ciddi təəssüfləndirir. Mən ona baxdım, o insanlar kim tərəfindənsə öyrədilmişdi. Mən düzün deyim. Çünki əgər onlar öz təkliflərini, xahişlərini deyirsə, bunu sivil qaydada deməli idilər".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev Gədəbəyin Söyüdlü kəndində vətəndaşlarla polis arasında baş verən qarşıdurmanı şərh edərkən deyib.
Onun sözlərinə görə, o kəndin ağsaqqalları, ziyalıları yığışıb icra başçısının, müvafiq orqanların yanına gedə bilərdi:
"Tutaq ki, orda baxmırdılar, onsuz da Bakıda rəhbər işçilər onları qəbul edirlər. Bizə parlamentdə görürsən beş nəfər ağsaqqal gəlir. Sədr səviyyəsində, müavinlər səviyyəsində, komitə sədri səviyyəsində onlar qəbul olunur. Müəyyən məsələlər izah olunur. Müəyyən tapşırıqlar verilir, onlar razı gedirlər. O kəndin ağsaqqalları var, ziyalıları var, bunlar qabağa getməli idilər. Yoxsa, mənə təəssüf doğurur ki, qadınlar gəlib icra başçısına qarşı çox ağır ifadələr işlədirlər, polisi daşqalaq eləyirlər, ağır söyüşlər söyürlər. Bizim oğullarımıza, bizi qoruyanlara deyirlər ki, "ermənilərdən betərsən", "erməni səndən yaxşıdır". Bu, ciddi aqressivlikdir. Olmaz. Mən orda rəhbər işçiləri günahdan kənara qoymuram. Sözsüz, onların da müəyyən günahları var. Təqsirləri var ki, vaxtında bu məsələlərə lazımi münasibət göstərməyiblər. Ancaq belə olmaz. Polis bizi qoruyur. Üç dəfə öz mövqeyini dəyişib ki, camaat bir az sakitləşsin. Ancaq mövqeyini dəyişdikcə bunun arxasınca gedirlər. Uşaqlar, qadınlar polisi daşqalaq edirlər. Bu, düzgün münasibət deyil. Orda hansı başçı da olsa, lap öz rayonundan olsun, onun qarşısını almaqda çətinlik çəkərdi. Çünki danışmağa qoymurdular, imkan vermirdilər".

Deputat Söyüdlüdəki vəziyyətin gərginləşməsində jurnalistləri də qınadı.
"Jurnalistlər aqressiv sual verməməlidirlər. Jurnalistin borcu odur ki, müəyyən qaydada adamları sakitləşdirici sual versin. Yoxsa aqressiv sual verirlər, camaat da daha da qızışır və hücuma keçirlər. Belə olmaz. Ölkədə ictimai, siyasi sabitlik olmasa, bizim heç bir nailiyyətimiz ola bilməz. Bu gün biz 90-cı illərdə bu məsələləri gördük. Rayonlarda da belə gəldilər qıraqdan camaatı qızışdırdılar, ictimai, siyasi sabitlik pozuldu və əhali pis vəziyyətdə qaldı, torpağımız getdi. İndi yenə deyirəm, adamlar yola gəlməlidirlər və ciddi söhbətlər olmalıdır. Tələbləri var, qarşıya qoysunlar. Dövlət rəhbəri dəfələrlə müntəzəm rayonlara gedir, camaatı dinləyir, qulaq asır. Dövlət rəhbərinə müraciət edərdilər. Hörmətli Mehriban xanıma müraciət etmək olardı. Görüm bir yerə vacib məktub gedibmi? Mən inanmıram. Getsə, camaatı elə qırğına verməzlər axı. Mən o adamları da qınamıram, onları da öyrədənlər var. Təəssüflər olsun ki, belə adamlar xaricdə də var, daxilimizdə də var. Çünki azərbaycanlı anası, Azərbaycan qadını bizim başımızı kəsən, bizim balalarımızın gözünü çıxardan, 30 il bu ölkəni işğalda qoyan ermənini gətirib bizim polisdən yuxarı tutmaz. Deməz ki, erməni səndən yaxşıdı, sən ermənidən betərsən. Bunu elə bilirəm ki, əsl Azərbaycan anası deməz. Deyə bilər ki, nankorsan, ay oğul, bunu eləmə, yoxsa sən bunu daşqalaq elə... O polisi də mən qınayıram, o, əclafdı ki, qoca qadının gözünə elə gözyaşardıcı maye vurur. Ona da ar olmalıdır. Anadır, bacıdır. Qəbahəti olub. Sakit gedir. Sən bunun qoluna girməlisən, sığallamalısan, bir balaca əzizləməlisən, deməlisən elədi, qaydaya qoyarıq. Sən sakit adamla elə rəftar eləməməli idin", - deyə Tahir Rzayev bildirdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ