İrandakı sirli istefanın detalları: Əli Əkbər Əhmədian kimdir?
Tarix: 22-05-2023, 15:24
Baxılıb: 202
Google+ Paylaş
Tumblr Paylaş

İrandakı sirli istefanın detalları: Əli Əkbər Əhmədian kimdir?

22-05-2023, 15:24

İranda hakimiyyətdaxili çəkişmələrin daha bir qurbanı bəlli olub. Bir müddət əvvəl İran diplomatiyasının "yeni ulduzu" kimi təqdim edilən, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri və İran arasında gərginliyin yumşalmasında, Tehranın Pekinlə yaxınlaşmasında müstəsna rol oynamış, İranı faktiki diplomatik mühasirədən xilas etmiş Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani istefaya göndərildiyi barədə məlumat vermişdik.
Xatırladaq ki, Ə.Şəmxani əvvəllər SEPAH-da komandan olan admiraldır. Etnik mənşəcə Əhfaz ərəbidir, dini rəhbərə yaxın şəxs sayılırdı. İbrahim Rəisi hakimiyyətə gəldiyi ilk aylarda Şəmxaninin istefaya göndəriləcəyi ilə bağlı söz-söhbətlər yayılmışdı, lakin bir neçə aydan sonra bu söz-söhbətlər səngimişdi. Ötən ilin sonlarından başlamış hicaba qarşı etiraz aksiyalarından sonra Şəmxaninin istefası yenidən gündəliyə gəlmişdi. Radikal fundamentalistlərdən biri Həmid Rəsai repressiyaları daha yaxşı idarə etmək üçün Şamxaninin vəzifədən çıxarılmasını tələb etdi.
SEPAH-a yaxın “Sabrin News”, Şəmxaninin işdən çıxarılmasını onun keçmiş müavini Əlireza Əkbərinin ölüm hökmü ilə əlaqədar olduğunu bildirirdi. Mənbə yazırdı: “İngiltərə kəşfiyyat xidmətinə İranın hərbi, nüvə, diplomatik və regional siyasətləri haqqında həyati əhəmiyyətli məlumatlar verən Əlireza Əkbəri bu gün səhər edam edilib”.
“Hüseyniyyun” terror qruplaşmasının rəhbərləri olan Tohid İbrahimbəyli və Orxan Məmmədov həbs edildikdən sonra da SEPAH-a yaxın nəşrlər Şəmxanin hədəfə gətirmişdilər. “Sual doğurur ki, bu adamlar Ali Milli Təhlükəsizlik Şurası kimi qurumların mövcudluğuna baxmayaraq niyə həbs olunublar və İran qanunlarına görə onlara hansı ittihamlar irəli sürülüb?” deyə Şəmxani açıq mətnlə şantaj edilirdi: “İranda “Hüseyniyyun”a qarşı bu aksiya son iki ayda Bakıda İran tərəfdarı olan yüzlərlə dini və ictimai fəalın da həbs edildiyi halda baş verir, lakin təəccüblü odur ki, İranda Əliyev rejiminin tərəfdarları deyil, İran tərəfdarları həbs olundular”.
Hərçənd ki, aprelin əvvəllində Şəmxaninin İrəvana səfəri İran mediası tərəfindən Azərbaycan -İsrail yaxınlaşmasına cavab kimi təqdim edilirdi. Şəmxani görüşdə yenə sərhədlərin toxunulmazlığı, İranın “qırmızı cizgiləri” haqda danışmış, Azərbaycan-Türkmənistan-İran svop anlaşması kimi Ermənistanla anlaşma olması zərurətindən bəhs etmişdi.
Şəmxaninin önə çıxması, Çinin vasitəçiliyi ilə Körfəz ölkələri və “Taliban”la əldə edilən razılaşmalarda uğuru çoxlarını narahat edirdi, Bakı və Tehran arasında gərginliyin yumşalmasında da Pekinin vasitəçi ola bilməsi haqda şərhlər də verilirdi.
Bu kontekstdə İranın Rusiya ilə əlaqələrinin perespektivi ziddiyyətli görünürdü. İran Ali Təhlükəsizlik Şurasının körfəz mediasına sızdırmaları əsasında hazırlanan materiallardan belə analşılırdı ki, İran, ABŞ-la yumşalma olarsa və Çinlə əlaqələr genişlənərsə, Rusiyadan imtina etməyə hazırdır. ABŞ-la gizli təmaslar SEPAH-ın tədricən sıxışdırlaması demək olardı, prinsipcə belə bir perspektiv kütləvi aksiyalar zamanı hakimiyyətdaxili qrupların gizli ümumi toplantısında da müzakirə olunmuşdu.
Ali Təhlükəsizlik Şurasının sızdırmasında deyilirdi ki, Azərbaycan və Ermənistan arasında son qarşıdurmadan sonra İran qüvvələrini də sülhməramlılara daxil etmək haqda Tehranın tələbləri Moskva tərəfindən rədd edilib. Tehran hesab edir ki, regional münaqişələrdən ən çox əziyyət çəksə də, onun həllindən kənarda saxlanır, halbuki Türkiyə iştirak edir..
İstefa təsdiqlənməzdən əvvəl varis kimi təklif edilən şəxslərin dosyesinin təhlili göstərirdi ki, o, vəzifəsindən azad ediləcəyi təqdirdə, Ali Milli Təhlükəsizlik Şurası üçün SEPAH-a yaxın güclü mövqelərə malik bir katib tapılacaq. Təklif edilən variantlardan biri hazırda “Xatəm Əl-Ənbiya” qərargahının komandiri olan Qulam Əli Rəşid idi. O, İsrailə qarşı sərt mövqeyə malik olanlardan, Xamneyinin qohumlarından və məsləhətçilərindən biridir.
İkinci namizəd Mustafa Məhəmməd Nəccar repressiya sahəsində xüsusi təcrübəyə malik olan SEPAH komandirlərindən biridir. İnqilabın ilk illərində o, kürdlərin sıxışdırılmasında, Mahmud Əhmədinejad hökumətində isə Daxili İşlər Naziri və Ali Baş Komandanın müavini kimi 2008-ci il etirazlarının yatırılmasında mühüm rol oynayıb.
Hazırda Daxili İşlər Naziri kimi son ümummilli etirazların dağıdılmasında əsas adamlardan biri olan Əhməd Vahidi də seçimlərdən biri idi. “Washington Post” qəzetinin yazdığına görə, cinayətlərdə iştirakına görə beynəlxalq həbs qərarı olan Vahidi yüksək rütbəli Əl-Qaidə rəsmiləri ilə əlaqə saxlayırdı.
Amma bu gözləntilərin əksinə olaraq Şuranın yeni katibi Əli Əkbər Əhmədian təyin edilib. Qeyd olunur ki, müvafiq sərəncamı İran prezidenti İbrahim Rəisi imzalayıb.
O, 1997-ci ilin avqustunda SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı, 2000-ci ilin iyulunda SEPAH-ın Birləşmiş Qərargah rəisi təyin edilib və 2007-ci ilin sentyabrında briqada generalı Məhəmməd Hicazi ilə əvəz olunub. 2005-ci ilin oktyabrında İmam Hüseyn Universitetinin rektoru olub və 2007-ci ilin iyulunda universiteti tərk edib. 2007-ci ilin sentyabrında SEPAH-ın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri təyin edilib.
1961-ci ildə İranın Kirman şəhərində anadan olub. Pakistanla sərhədə yaxın Kirman vilayətində bəluclar və farsdillli əhali çoxluq təşkil edir. Amma farsdilli icma gərmsari, qumzari və s. çoxsaylı etnoqrafik icmalara bölünmüş vəziyyətdədir və ədəbi farscadan xeyli fərqli dialektlərdir, çox zaman müstəqil dillər kimi də nəzərdən keçirilir.
24 mart 2007-ci ildə BMT Təhlükəsizlik Şurası tərəfindən 1737 (2006) saylı qətnaməyə əsasən SEPAH-la əlaqəli şəxs kimi sanksiya məruz qalıb. 21 aprel 2007-ci ildə Avropa İttifaqı tərəfindən müvafiq siyahıya salınıb.
25 oktyabr 2007-ci ildə ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən saxlanılan Xüsusi Təyin edilmiş Vətəndaşlar (SDN) siyahısına əlavə edilib.
Tərcümeyi-halına əsasən demək olar ki, Əhmədian sərt xətt tərfadarlarındandır, həm də postxamenei dövrü üçün iddiaları olan SEPAH-ın düşünən beyinlərindən biri olduğunu söyləmək olar. İran hakimiyyət ierarxiyasında mühüm post sayılan daha bir mövqenin SEPAH tərəfindən tutulması digər qrupların sıxışdırılması mənasına da gəlir.
Oman və BƏƏ vasitəsilə ABŞ-la gizli danışıqlar aparılmasının da Şəmxaniyə həvalə olduğu bəlli idi. İndi bu prosesin sonu necə olacaq? Şəmxaninin gələcəkdə hansı post tutacağı və ya tutmayacağı elan edildikdən sonra tam qənaət formalaşdırmaq mümkün olacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ