Ukraynanın gecikən əks-hücumu
Tarix: 13-05-2023, 11:59
Baxılıb: 433
Google+ Paylaş
Tumblr Paylaş

Ukraynanın gecikən əks-hücumu

13-05-2023, 11:59

Zaman kimə işləyir - Qərbə, yoxsa Rusiyaya...
“Ukrayna ordusunun əks-hücumunun yekun planları, o cümlədən qoşunların irəliləməsinin vaxtı və istiqaməti hələ Ali Baş Komandan tərəfindən təsdiqlənməyib”.
Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Ali Baş Komandanın kabinetində əks-hücumun şərtləri və istiqamətləri barədə qərar veriləcək. İnanın ki, dünyada bizim planımız barədə dəqiq məlumatı olan yoxdur. Çünki yekun plan hələ təsdiq olunmayıb”, - Danilov bildirib.
Onun sözlərinə görə, hazırda əks-hücumun bir neçə variantı işlənib hazırlanır.
“Rusiya qüvvələrinə əks-hücum təşkil etmək üçün Ukraynaya vaxt lazımdır”.
Bu barədə isə Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində deyib.
Zelenski Qərbin göndərəcəyinə söz verdiyi silah və texnikanı gözlədiklərini bildirib: “Hələ gözlədiyimiz şeylər var. Zirehli texnikaları gözləyirik. Ayrı-ayrı partiyalarla gəlir. İndi əlimizdə olan silahlarla başlaya bilərik, amma çox insan itiririk. Ona görə də gözləməliyik. Bir az daha vaxta ehtiyacımız var”.
Lakin maraqlıdır ki, ABŞ dövlət katibi Entoni Blinken Kiyevin uğurlu əks-hücum üçün lazım olan bütün silahları aldığını deyib. “Onların daha uğurlu olmaları üçün bu istiqamətdə lazım olan hər şeyləri var”, - Blinken əlavə edib.
Öz növbəsində NATO baş katibi Yens Stoltenberq Ukraynanın gözlənilən irimiqyaslı əks-hücum əməliyyatı haqda danışarkən deyib ki, Rusiya qüvvələrinin gücünü gözardı etmək olmaz, çünki ruslar əks-hücumu dəf etmək üçün əhəmiyyətli müdafiə xətləri yarada bilib.
“Vaşinqton Post” qəzetinin redaksiya məqaləsində isə bildirilir ki, Ukraynanın dünyanı heyrətə gətirən, neçə-neçə analitikin bədbin proqnozunu yerə vuran, Rusiya ordusunun mifini dağıdıb onu rüsvay edən misilsiz müqavimətinə, faktiki strateji qələbəsinə baxmayaraq ölkənin 18 faizi hələ də işğal altındadır: “Kiyevin planlaşdırdığı əks-hücumda əsas məqsəd həmin ərazilərin mümkün qədər çox hissəsini geri qaytarmaqdır”.
Ancaq “Vaşinqton Post” qeyd edir ki, Rusiya ordusunun sayca üstünlüyünü və Putinin hərbi sənayeni var qüvvəsi ilə ordunu dəstəkləməyə səfərbər etdiyini unutmaq olmaz: “Ona görə Ukrayna əks-hücumdan nə qazansa, onu yüksək qiymətləndirmək gərəkdir. Hərçənd bu hücumda Ukraynanın ciddi bir ərazi qaytaracağı ehtimalı azdır”.
Məqalədə Qərb dövlətlərinin ünvanına tənqid də yer alır. Bildirilir ki, Ukraynanı tək qoymasa da, ona böyük hərbi yardım göstərsə də, istər ABŞ, istər digər Qərb ölkələri Kiyevə bütün silahları verməyə razılaşmayıb, məsələn, prezident Vladimir Zelenskinin ardıcıl xahişlərinə baxmayaraq Ukrayna Ordu Taktiki Raket Sistemləri (ATACMS) və F-16 qırıcıları ilə təchiz edilməyib: “Bu o demək deyil ki, ukraynalıların gözlənən əks-hücumu puça çıxacaq. Yox, sadəcə, ABŞ və Avropa ölkələri təmtəraqlı vədləri heç də axıracan yerinə yetirməyib, Kiyevin və bir çox hərbi ekspertin təkid etdiyi, ukraynalı əsgərlərin ehtiyac duyduğu silahların heç də hamısını onlara verməyib”.
Qəzet həmçinin vurğulayıb ki, əks-hücumun nə ilə bitir-bitməsindən asılı olmayaraq Qərb Kiyevin arxasında durmalı, heç bir halda tərəddüdə düşməməlidir.
Rusiya-Ukrayna müharibəsində zaman kimə işləyir - Qərbə, yoxsa Rusiyaya?
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, müharibə istək və arzular pavilyonu deyil: “Müharibə maksimum enerji, maksimum potensial və həmçinin yaranan fors-major vəziyyətlərdən çıxış imkanına malik olan iqtisadi, siyasi, hərbi-texnoloji resurslardır. Və bütün bunları ifadə edən kadr potensialıdır. Kadr amili proseslərin idarə edilməsində əsas rol oynayır.
Hesab edirəm ki, bu gün Ukraynadakı müharibədə yaranan əsas problem kadr problemidir. Ukraynanın problemi bütün parametrləri ilə - ölkənin birinci şəxsindən tutmuş, hərbi strukturlarda xidmət aparan şəxslərin yerində olmaması və ya müxtəlif cinayətlərə bulaşmaları səbəbindən meydana gəlib. Bu amildən istifadə edən Rusiya öz hərbi imkanları ilə Ukraynanın 140 min kilometr ərazisini işğal edib. Təbii ki, Ukraynanın rəhbər şəxslərinin əks-hücumla bağlı səsləndirdikləri fikirlər milyonlarla insanda, Ukraynanı dəstəkləyən qüvvələrdə gözlənti yaradıb. Bu adamlar bəzi məqamlara diqqət etməyiblər. Müharibənin ilk günlərində Ukrayna sürətli şəkildə geri çəkilməyə məcbur oldu. Özü də strateji mövqelərdən geri çəkildilər. Bu müddət ərzində Ukraynanın Rusiya qarşısında duruş gətirəcəyini vəd etmiş ABŞ öz dəstəyini tam gücü ilə göstərmədi. Zaman isbatladı ki, bu yardım yalnız müdafiəyə və maksimum lokal əməliyyatların həyata keçirilməsinə imkan verir".
Hərbi ekspert deyir ki, belə olmasaydı, bu günə Ukrayna strateji əhəmiyətli silah və texnikalarla təmin olunardı: “Yer-yer” tipli raket kompleksləri, güclü döyüş aviasiya vasitələri verilmədi. Bu baxımdan indiki halda zaman Rusiyanın xeyrinə işləyir. Rusiya tərəfindən Ukraynanın olduqca əhəmiyyətli əraziləri işğal olunub. Həmin ərazilərin arxa cəbhəsi də Rusiyanın özüdür. Rusiya Afrikada, Cənubi Amerikada müharibə aparmır. Rusiya həmsərhəd ərazidə müharibə aparır. Təchizat məsələləri ilə bağlı da hər hansı bir problemləri yoxdur".
Hərbi ekspertə görə, əgər Ukrayna müasir texnologiyalarla təchiz olunarsa, ona canlı qüvvə ilə dəstək verilərsə, bu halda yaxın gələcəkdə Ukrayna vəziyyəti öz xeyrinə dəyişə bilər: “Görünən odur ki, Ukraynaya ABŞ başda olmaqla dəstək verən dövlətlər yalnız anbarlarda olan silah və texnikaları Ukraynaya ötürməklə işlərini bitmiş hesab edirlər. Nəticədə Ukrayna həmin ölkələr qarşısında mənəvi və maddi baxımdan borclanır. Artıq Zelenski də bunu dərk edib. Görürlər ki, proses düşündükləri istiqamətə getmir. Anlayırlar ki, əks-hücum üçün çox ciddi dəstəyə ehtiyac var və buna görə dəstəkçilərin ciddi-cəhdlərinə baxmayaraq əks-hücum əməliyyatından yayınmağa çalışır. Zelenskinin komandası ABŞ və Qərbin Ukraynanı tora saldığını anlayıblar. Bu mənada Rusiyanın yaxın 30 ildə işğal etdiyi ərazilərin Ukraynaya güzəştə gedəcəyinə inanmıram”.
Əlbəttə, bu bir subyektiv yanaşmadır. Təbii ki, fərqli mövqelər də var. Ən əsası isə Ukrayna xalqının işğala qarşı sərgilədiyi iradədir. Çox şeyi də elə bu amil həll edəcək. Hər halda, o, öz torpağında vuruşur...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ