Paşinyanın kəndləri “barter” etmək təklifi - niyə 1975-ci il xəritələri indi yada düşdü?
Tarix: 11-05-2023, 14:24
Baxılıb: 504
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyanın kəndləri “barter” etmək təklifi - niyə 1975-ci il xəritələri indi yada düşdü?

11-05-2023, 14:24

Avropa Birliyi Qazağın 7 kəndi və Kərkinin işğaldan azad olunmasını qaçılmaz sayır, İrəvan isə üçtərəfli sənəddə adı olmayan əraziləri bizdən tələb edir, halbuki həmin kəndlər iki ordunun dayandığı sərhəd xəttində yerləşir; “Güc yolundan istifadə edə bilərik” - ekspert
“Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesində kəndlər məsələsi qaçılmaz olaraq öz həllini tapmalıdır”. reportyor.org xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
T.Klaar qeyd edib ki, sözügedən məsələlərlə bağlı həll yolunun tapılması asan olmalıdır: “Əminəm ki, Ermənistandan keçməklə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında tranzit əlaqələrinin razılaşdırılması məsələsində irəli getmək kifayət qədər asandır və ya asan olmalıdır. Düşünürəm ki, bu, bütün iştirakçı tərəflər üçün maraqlı vəziyyətdir, maraqlı nəticə mövcuddur. Ümid edirəm ki, hər tərəfdən bir qədər xoşməramlıqla biz bu sahədə real irəliləyiş əldə edə biləcəyik. Çünki düşünürəm ki, belə olan halda Azərbaycandan Ermənistandan keçərək Naxçıvana, Naxçıvandan isə Gümrüyə və nəhayət, Qarsa gedən dəmir yolumuz varsa, bu, təkcə Azərbaycanın deyil, Ermənistanın da maraqlarına uyğundur”.
Görünən odur ki, Avropa İttifaqı işğal altında olan kəndlərin qaytarılması ilə bağlı Azərbaycana dəstək verməkdə qərarlıdır. Söhbət Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndindən gedir. Ermənistanın baş naziri Nikol Paşinyan Praqada AzadlıqRadiosuna müsahibəsində 8 kəndi - Qazağın 7 kəndi və Kərki kəndini qaytarmağa hazır olduqlarını bildirib, lakin bir şərtlə ki, Azərbaycan da “erməni kəndlərini təhvil verməlidir”. Baş nazirin iddiasına görə, “Berkaber (tarixi adı Bibiş), Vazaşen (Lələkənd), Ayqeovit (Uzuntala) və  Paravakar (Tatlı) kəndləri Azərbaycanın nəzarətindədir” və Bakının tələb etdiyi 8 kənd yalnız bu kəndlərin “qaytarıldığı” təqdirdə həllini tapa bilər. İrəvan bununla “barter” təklif edir. Baxmayaraq ki, onun adını çəkdiyi ərazilər tarixi olaraq, Azərbaycan ərazisidir və I Qarabağ müharibəsi başlayana qədər bu ərazilərin böyük hissəsində azərbaycanlılar yaşayıb.
Asif Nərimanlı yazır...
Asif Nərimanlı 
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Azərbaycan torpaqları olan bu ərazilər əslində birbaşa bizim nəzarətimizdə deyil: "Bu kəndlər Azərbaycan və Ermənistan ordusunun hazırda dayandığı sərhəd xəttində yerləşir. Paşinyanın sözlərindən aydın olur ki, İrəvan Azərbaycan Ordusunun geri çəkilməsini və bu kəndlərin ərazilərindəki nəzarətin aradan qalxmasını istəyir. Diqqətçəkən məqam Paşinyanın “Azərbaycanda qalan ərazilər” iddiasında Gədəbəyin Başkənd kəndinin adını çəkməməsidir. Başkənd Azərbaycan torpağıdır, lakin SSRİ dövründə burada ermənilər yaşadığı üçün “erməni anklavı” kimi qəbul olunurdu. 1992-ci ildə ordumuz kəndə nəzarəti bərpa etdi. Ermənistan zaman-zaman Başkəndin onlara məxsus olduğunu iddia edir, 8 kəndin qaytarılması məsələsi gündəmə gələndə də bunu ortaya atırlar. Hərçənd bu dəfə Paşinyanın Başkənd iddiasını yeniləməməsi maraq doğurur. Mümkündür ki, erməni baş nazir daha real hesab etdiyi əraziləri - sərhəd boyunca ordumuzun nəzarət xəttində yerləşənləri ala biləcəyini düşünür. O baxımdan, Bakının 8 kənd tələbinə qarşı bu iddianı ortaya atır".
Erməni baş nazirin sərhədlərin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparmağa hazır olduğunu bəyan etməsi də “erməni kəndləri” adlandırdığı əraziləri ələ keçirmək məqsədi daşıyır. Görünür, Ermənistan Azərbaycanın 8 kənd tələbini icra etmək məcburiyyətində qalacağını anladığı üçün nəsə əldə etmək naminə bu xəritəni irəli sürür. Lakin Bakının bu məsələdə razılaşacağı gözləntisi azdır. SSRİ xəritələrinin gündəmə gəlməsi həm də prosesin Moskva masasında müzakirə edilməsi ehtimalını önə çıxarır. Rəsmi Bakı bu məsələdə əsrin əvvəlindəki xəritələrin əsas götürülməsi mövqeyindən çıxış edir. Paşinyanın təklifi kəndləri qaytarmamaq niyyətindən doğur, yoxsa erməni ictimai rəyini öz xeyrinə dəyişmək istəyir?
Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO -  Sonxeber.net
 Xəyal Bəşirov
“Yeni Müsavat”a danışan siyasi ekspert Xəyal Bəşirov hesab edir ki, Paşinyan hakimiyyəti bu məsələdə əvvəldən qeyri-səmimi mövqe nümayiş etdirir: “Onda gərək üçtərəfli sənədə imza atmazdı. Paşinyan Münhendə kapitulyasiya ifadəsini Ermənistan üçün təhqir hesab etdiyini söyləmişdi. İrəvanın şərt kimi irəli sürdüyü kəndləri özlərindən çıxarıblar. 10 noyabr sənədində belə razılaşma yoxdur. Amma Qazaxın 7 kəndi və Kərki anlaşması var. Ermənistan bu məsələdə bəhanə edir”. X.Bəşirovun sözlərinə görə, Azərbaycan qanuni addımlar atır: “Həm 10 noyabr sənədinə istinad edirik, həm beynəlxalq hüquqa söykənərək həmin kəndləri tələb edirik. Amma Ermənistan nə edir, hələ də prosesi uzatmağa, sülh sazişini imzalamağa mane olacaq addımlar atır. Bu da Paşinyanın nüfuzunu artırmayacaq. Çünki müharibədən sonra keçirilən növbədənkənar seçkilərdə erməni xalqı ona görə səs verdi ki, həm alternativ yox idi, həm də sülhə səs verməyə üstünlük verdi. İndi iki il sonra yenə Ermənistanda seçki olacaq. O zaman Paşinyan xalqa izahat verməli olacaq ki, hansı işləri görüb. Erməni cəmiyyəti səs vermişdi ki, Azərbaycanla müharibə olmasın, sülh yaransın. İrəvanda və başqa şəhərlərdə yaşayanlar "Qarabağ klanı"nın qurbanı olmaq istəmirdilər. Ancaq keçən dövrdə baş verən sərhəd toqquşmaları, erməni ordusunda itkilər Paşinyanı xalq qarşısında hesabat verməyə məcbur edəcək. Xalq soruşacaq ki, sənin Serj və ya Robert dövründən fərqin nə oldu?! Ona görə Qazağın 7 kəndi və Kərki ilə bağlı Paşinyanın indiki siyasəti uğursuz olacaq".
Azad MƏSİYEV
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, 10 noyabr sənədinin müddəalarına əsasən Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır: “Qazağın 7 kəndi Ermənistanda anklavdır. Ermənistan gediş-gəliş üçün təhlükəsizliyi təmin etməlidir. İrəvanın təklifləri isə ictimai rəyi yayındırmaq üçün manevrlərdir. Sadəcə, Paşinyan sülh sazişi prosesini uzatmaqla beynəlxalq dəstəyi qazanmaq niyyətindədir. Əgər Ermənistan həmin sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, o zaman biz öz təhlükəsizliyimiz üçün bufer zona yaratmalıyıq. Eyni zamanda Qazağın 7 kəndi və Kərki dinc yolla qaytarılmayacaqsa, o zaman Azərbaycan gücdən istifadə etmək hüququnu özündə saxlayır”.
Cümşüd Nuriyev məhkəməyə verilib
Cümşüd Nuriyev
Politoloq Cümşüd Nuriyev düşünür ki, İran Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasının əleyhinədir: “Paşinyan o qədər qeyri-ciddi adamdır ki, onun dediklərini qəbul etmək istəmirəm. Amma üçtərəfli bəyannamənin müddəalarında bu məsələlər öz əksini tapıb. Ümumiyyətlə, o kəndlərin geri qaytarılmasının çox böyük əhəmiyyəti var. Bilirsiniz ki, İrəvan-Qafan-İran yolu məhz Kərkidən keçir. İran kəndlərin qaytarılmasının əleyhinədir. Həmin ərazilərin Azərbaycana verilməsini istəmirlər. Onların bəyanatından belə çıxır ki, Paşinyan sözünü geri götürəcək”. C.Nuriyevin fikrincə, Ermənistan bu məsələni gündəmə gətirməklə Azərbaycanı təxribata çəkmək istəyir: “Qazağın kəndindən İrəvan-Tiflis yolu keçir. Əslində bu yol İrəvanın yeganə əlaqəsidir. Ermənistan çalışacaq ki, kəndləri geri qaytarmasın. Bütün hallarda o torpaqlar geri qaytarılmalıdır. Ermənistan tərəfi yaxşı başa düşür ki, Azərbaycan bütün torpaqlarını azad etmək fikrində və əzmindədir. Bizim hazırda əsas məqsədimiz işğal altında olan kəndləri azad etməkdir. İrəvan hakimiyyəti bunu dərk edir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ