Azərbaycan-Qazaxıstan münasibətləri kök bağlılığından strateji müttəfiqliyə
Tarix: 11-04-2023, 23:15
Baxılıb: 376
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan-Qazaxıstan münasibətləri kök bağlılığından strateji müttəfiqliyə

11-04-2023, 23:15

Azərbaycan qlobal güclərin diqqət mərkəzində olan Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin genişlənməsi, Asiyadan Avropaya uzanan əsas ticarət yoluna çevrilməsi istiqamətində fəaliyyətlərini son dərəcə aktivləşdirib. Dəhlizin mühüm hissəsinin türk dövlətləri ərazisindən keçməsi onlar üçün çox əlverişli şərtlərin formalaşmasına yol açan amildir.
Belə ki, Asiyadan yüklər Mərkəzi və Orta Asiyanın türk dövlətlərinin – Özbəkistan, Qazaxıstan ərazisindən keçərək Xəzər dənizi ilə digər türk dövləti olan Azərbaycana daxil olur. Buradan Gürcüstan üzərindən qardaş Türkiyənin ərazisinə, oradan Macarıstana, sonucda isə Avropaya çatdırılır.
Hazırda Azərbaycan türk dövlətlərinin ticarət yoluna çevrilən Transxəzər dəhlizinin rolunu artırmaq, daha çox yükləri bu yola cəlb etmək üçün diplomatik fəallığını gücləndirir. Aprel ayı başlayandan Prezident İlham Əliyev dəhlizin fəaliyyətində mühüm həlqə olan iki ölkənin rəhbəri ilə görüşüb: Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Azərbaycanda, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevlə isə Astanada. Gürcüstan baş naziri ilə Qəbələdə görüşdən sonra verilən rəsmi açıqlamalardan aydın olur ki, tərəflər bilavasitə Orta Dəhlizi müzakirə ediblər. Prezident İlham Əliyev bildirib ki, bir çox önəmli məsələlər müzakirə olunub: “Mən keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etmişəm və bu il hələ edəcəyəm. Beləliklə, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi və nəqli üçün birgə səylər göstərilməlidir. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq”.
f67e619903ccb02e34d24bf796c802da.jpg (406 KB)
Aprelin 10-da isə Prezident İlham Əliyev Qazaxıstana gedərək, Prezident həmkarı Kasım Jomart Tokayevlə görüşüb. Görüşdən sonra mətbuata açıqlamasında Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstanın münasibətlərini ortak kökə malik xalqların müttəfiqliyi kimi xarakterizə edib: “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir”.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev 2022-ci ilin avqustunda Azərbaycana səfər edib. Səfər zamanı ölkələr arasında demək olar ki, bütün sahələrdə münasibətlərin dərinləşdirilməsini nəzərdə tutan mühüm sənədlər imzalanıb. Ötən müddət ərzində həmin sənədlərdə nəzərdə tutulan bir çox tədbirlər həyata keçirilib. Bunlardan Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üçün real addımların atılması və sair mühüm əhəmiyyətə malikdir.
photo-1661325401.jpg (23 KB)
Bakıya səfərindən sonra Prezident Tokayevin sərəncamı ilə Qazaxıstan hökumətinin neftin Xəzər üzərindən Azərbaycanın nəql sisteminə çatdırılması üçün başladığı işlər uğurla davam etdirilir. Artıq SOCAR və “KazMunayQaz” şirkətləri arasında ildə 1,5 milyon ton "Tengiz" yatağında hasil edilən neftin tranzitini nəzərdə tutan 5 illik müqavilənin icrasına başlanıb. Mart ayında “Tengiz” nefti ilə dolu ilk tankerlərin Aktau limanından Bakıya çatdırılması təmin edilib.
2023-cü ilin sonuna kimi Xəzər dənizi ilə ayda 12-14 tanker reysinin həyata keçirilməsi planlaşdırılır.
Qazaxıstan bununla kifayətlənməyərək, daha çox həcmdə neftini Azərbaycan üzərindən nəql etməyi hədəfləyir. Bunun üçün neftin dəmiryol cənləri ilə Bakıya, buradan isə Gürcüstana – Qazaxıstanın Batumidə sahibi olduğu terminala çatdırılması nəzərdə tutulur.
Bundan əlavə, informasiya-texnologiya sahəsində Qazaxıstan və Azərbaycan “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizi vasitəsilə Avropa və Asiya arasında birgə strateji telekommunikasiya dəhlizinin yaradılması layihəsini həyata keçirirlər. Layihəni “AzerTelecom” və “KazakhTelecom” şirkətləri reallaşdırır.
6434ea25b7bea6434ea25b7beb16811894136434ea25b7be86434ea25b7be9.jpeg (159 KB)
Qazaxıstan uran məhsullarının Azərbaycan üzərindən dünya bazarına çıxarılmasının davamında maraqlıdır. Azərbaycan isə Qazaxıstanın enerji layihələrində iştirak marağını açıqlayıb. Ölkələr həmçinin yaşıl enerji sahəsində keçiriləcək tenderlərdə iki ölkə şirkətlərinin bərabərhüquqlu iştirakını təmin etməyi hədəfləyirlər.
Qazaxıstan həmçinin öz istehsalı olan dəmiryol lokomotivləri, ağır maşınqayırma sənayesi məhsullarının Azərbaycan bazarına çıxarılmasına maraq göstərir. Bundan əlavə, Azərbaycan Qazaxıstan buğdasının dünya bazarına çıxışında mühüm rol oynaya bilər. Artıq Bakıda Qazaxıstan taxılının ötürülməsi üçün infrastrukturun yaradılmasına başlanıb.
Ərzaqlıq buğdanın mühüm hissəsini idxal edən Azərbaycan üçün idxal bazarının qardaş Qazaxıstanın timsalında diversifikasiya edilməsi son dərəcə vacibdir. Məlumdur ki, ötən ilin ilk rübünə qədər ölkəmiz buğda kimi strateji məhsulun çox böyük hissəsini Rusiyadan idxal edirdi. İqtisadi-ticari əlaqələrdə etibarlı tərəfdaş olmadığını dəfələrlə isbat etmiş Rusiyadan belə asılılıq Azərbaycanın milli maraqlarına cavab verməyən haldır. Buna görə də ötən ildən başlayaraq ölkəmiz Qazaxıstan buğdasının idxalını sürətlə artırır. Yaxın gələcəkdə buğda idxalımızda Qazaxıstanın payının mümkün qədər artırılması Azərbaycanın ərzaq təhlükəsizliyi üçün çox vacib amildir.
Qazaxıstan Orta Dəhlizin əsas açar ölkələrindən biridir: Hazırda Türkmənistanın sahil infrastrukturu Asiyadan sürətlə artan yükləri ötürmək gücündə deyil. Aşqabad müvafiq infrastrukturun yaradılmasını maliyyələşdirməyə həvəs göstərmir, bunu digər tərəflərin etməsi variantını seçib. Qazaxıstan isə müvafiq infrastruktura malikdir. Ölkənin Xəzər dənizindəki limanlarının illik ötürücülük gücü 23,7 milyon tondur. Bunun 14,7 milyon tonu(9,5 milyon ton neft, 2,5 milyon ton quru yüklər, 0,7 milyon ton dənli bitkilər, 2 milyon ton bərə yükləri) Aktau, 6 milyon tonu Kurık (dəmiryol terminalı 4 milyon ton, avtomobil terminalı 2 milyon ton), 3 milyon tonu Aktaunun Şimal terminalının(1,5 milyon ton dənli bitkilər, qalanı quru yük) payına düşür. Hazırda bu limanlara 18 milyon tona yaxın yükün yönləndirilməsi mümkündür.
1654237723_3a853882-e650-4709-b71b-b51dbbb7b50b.jpeg (126 KB)
Azərbaycanın Ələt Dəniz Limanının illik ötürücülük gücü 15 milyon tondur və artıq onun genişləndirilməsi üçün layihə hazırlanır. Bu isə o deməkdir ki, Orta Dəhlizin inkişafı iki açar ölkə olan Qazaxıstanla Azərbaycanın səylərindən çox asılıdır.
Azərbaycanla Qazaxıstanın münasibətləri Türk Dövlətləri Birliyi çərçivəsində də yüksək sürətlə inkişaf edir. Bu günlərdə Azərbaycan Milli Məclisi 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” sazişi ratifikasiya edib. Dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərində istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq Pilot Layihə icra olunacaq. Pilot Layihəyə dəhlizin praktiki reallaşdırılmasını təmin etməsinə xidmət edəcək.
99b5662a-dad9-360d-9146-f8e89ade3df3.jpg (81 KB)
Bu dəhlizin yaradılması Transxəzər nəqliyyat dəhlizinin cəlbediciliyini daha da artıracaq. Eyni zamanda Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin artımına təkan verəcək. Prezident İlham Əliyevin Astanada verdiyi məlumatdan da aydın olur ki, tərəflər ticari-iqtisadi əlaqələrin mümkün qədər sürətlə dərinləşməsində maraqlıdılar: “ Əmtəə dövriyyəsi milyard dollara çatmalıdır. Biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq və əmtəə dövriyyəsini artırmalıyıq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ