ABŞ-ın Bakıdakı təşkilatına ağır ittiham - USAİD çevriliş hazırlayır?
Tarix: 5-04-2023, 10:47
Baxılıb: 294
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-ın Bakıdakı təşkilatına ağır ittiham - USAİD çevriliş hazırlayır?

5-04-2023, 10:47

Hakim partiyanın funksioneri həyəcan təbili çalır ki, bu təşkilat ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qoludur və yardım adı ilə ölkələrin daxili işlərinə “burnunu soxur”; Azərbaycanda ona ehtiyac yoxdur - reaksiyalar

“İki sahil” qəzetinin baş redaktoru, YAP-ın Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) başda olmaqla, ABŞ hökumətinə bağlı olan, eləcə də guya müstəqil olan bu cür təşkilatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyəti çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər.
Bir qayda olaraq, bu cür təşkilatlar Azərbaycan dövləti ilə müəyyən istiqamətlərdə əməkdaşlıq etsələr də, onların əsas fəaliyyət istiqaməti, özlərinə sadiq qeyri-hökumət təşkilatları, media qurumları  yaratmaq, özünəməxsus şəbəkə formalaşdırmaq, radikal siyasi qüvvələrin antidövlət fəaliyyətinə dəstək vermək olub.  

Vüqar Rəhimzadə 
V.Rəhimzadə onu da əlavə edib ki, USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar ölkəmizdə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, iradələrini diqtə etmək, güzəştlərə nail olmaq üçün istifadə ediblər. YAP funksioneri bildirib ki, ABŞ-ın maliyyə yardımı adı altında qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir: “Əvvəlcə Qərbin, sonra Rusiyanın, daha sonra isə İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yerin yenidən Qərb təsisatları tərəfindən doldurulmasına cəhdlər göstərilir. Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etməklə məşğuldur. USAİD 1991-ci ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərir. Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək göstərmək olan bu təşkilatın o dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi Azərbaycan özü bir çox dövlətə yardım edir və bir çox iri layihələr üçün donor funksiyasını yerinə yetirmək gücündədir. O zaman USAİD-in ölkəmizdə fəaliyyətinə nə ehtiyac var?”
Onun sözlərindən belə başa düşmək olar ki, USAİD Azərbaycanda vətəndaş cəmiyyətinin sponsoru, rəngli inqilabların hazırlanması prosesinin əsas maliyyəçilərindən biridir. Lakin ölkədə xeyli sayda QHT-lər var ki, əvvəlki güclərini itiriblər. Onların immuniteti və taqəti qalmayıb ki, Gürcüstanda olduğu kimi vətəndaş cəmiyyətini ayağa qaldıra bilsinlər. Misal üçün, Tiflisdə xaricdən qrant almağın agent sayılması haqda qanun layihəsini məhz vətəndaş cəmiyyətinin etirazları ilə geri oturda bildilər. Bizdə isə süstlük müşahidə olunur. Amma YAP-ın təşkilat sədrinin dediklərindən görünür ki, müəyyən informasiyaları və narahatlıqları mövcuddur. Bu mövzuda müşahidəçilər və ekspertlər necə düşünürlər?
Çingiz Qənizadənin oğluna yeni VƏZİFƏ VERİLDİ
Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, biz zaman-zaman Qərb təşkilatlarının keçmiş sovet respublikalarında və ərəb ölkələrində “narıncı inqilab”lar həyata keçirməsinə şahid olmuşuq. Hüquq müdafiəçisinin sözlərinə görə, bu inqilablar nəticəsində minlərlə insan həlak olub, dövlətlərin daxili siyasi sabitliyi pozuldu, yeni gələn hakimiyyətlər isə qəddarlığı ilə seçiliblər. Ç.Qənizadə hesab edir ki, Soros, USAİD kimi təşkilatların ayrı-ayrı ölkələrin daxili işlərinə qarışması qanunla qadağandır: “Sözsüz ki, USAİD-in fəaliyyətində də ciddi məqamlar var. Ümumiyyətlə, Qərb təşkilatları gəldikdən sonra onların fəaliyyəti ciddi nəzarət altında olmalıdır. Əgər adıçəkilən təşkilatlar qanunlara zidd addım atacaqsa, siyasi bəyanatlar verəcəksə, kütləvi aksiyalarda iştirak edib radikal müxalifətlə birlikdə olacaqa, o zaman onların fəaliyyətinə ehtiyac yoxdur. Ona görə buna diqqət yetirilməlidir”.
Müsahibimizin fikrincə, Azərbaycanda kifayət qədər hüquq -müdafiə təşkilatları fəaliyyət göstərir, hüquq pozuntularını qeydə alıb müvafiq instansiyalara çatdırırlar: “Bu şəkildə daha çox müsbət nəticələr əldə olunur. Əlbəttə ki, heç bir dövlətdə ideal demokratiya yoxdur. Amma bu əsas vermir ki, xarici təşkilatlar siyasi quruluşu dəyişmək üçün daxildə sabitliyi pozmağa yönəlik sponsorluq edə bilərlər. Biz dinc, sakit şəkildə hüququ pozulan vətəndaşların müraciətlərini hakimiyyətlə müzakirə edib həllinə nail oluruq. Ona görə USAİD kimi təşkilatlar demokratiya adı ilə Azərbaycanda ictimai-siyasi quruluşu dəyişəcək addımlar atacaqsa, dərhal ölkədən çıxarılmalıdır”. Ç.Qənizadənin sözlərinə görə, Azərbaycanda məmur özbaşınalığı, hüquq pozuntuları ilə bağlı müraciətlər ediləndə hüquq-müdafiə təşkilatları işi araşdırır, ölkə rəhbərliyinə, aidiyyəti orqanlara bu haqda məlumat verirlər. Hüquq müdafiəçisi Qərb təşkilatlarının fəaliyyətinin ciddi kontrol edilməsini zəruri sayır.
Qarabağda aksiya: kimin sülh, kimin revanşizm istəyi göründü
Xəzər Teyyublu
“Siyasi Hüquqların Müdafiə Mərkəzi” İctimai Birliyinin sədri Xəzər Teyyublunun sözlərinə görə, vaxtilə postsovet məkanında rəngli inqilabların təşkilində müxtəlif Qərb fondlarının iştirakı olub: “Amma Azərbaycanda beynəlxalq təşkilatların əksəriyyətinin ofisləri bağlanıb. Düşünmürəm ki, bizdə çevriliş üçün zəmin hazırlanması cəhdləri var. Şübhəsiz ki, dövlətin xüsusi xidmət orqanları ayıq-sayıqdır, hansı təşkilatın nə işlə məşğul olduğunu, fəaliyyət profilini yaxşı bilirlər. USAİD Azərbaycanda təhsil, səhiyyə və bir sıra sosial sektorlar üzrə layihələr həyata keçirib. Bu layihələrdə müstəqil QHT-lər də iştirak ediblər, hökumətyönlü təşkilatlar da. Hər halda, bu təşkilatın fəaliyyəti barədə şübhəli nüanslar varsa, araşdırma tələb edir”. Hüquq müdafiəçisinin fikrincə, ölkədə insan haqlarının vəziyyəti barədə müxtəlif hesabatlar hazırlanır: “Vətəndaşların hüquq və azadlıqlarının pozulması faktları var, məmurlardan şikayətlər daxil olur, ayrı-ayrı icra başçılarının, vəzifəli şəxslərin insanları incitməsi halları az deyil. Amma düşünürəm ki, bu məsələdə hüquq müdafiəçiləri ilə dövlət qurumları birgə iş aparmalıdırlar, müraciətlər araşdırılmalıdır, nazirliklərin, müxtəlif komitələrin ictimai şuraları daha fəal olmalıdırlar. Onlar başqalarına meydan verməməlidirlər ki, bundan hansısa şəkildə siyasi məqsədlər üçün istifadə edilsin. Həm hakimiyyət, həm hüquq-müdafiə təşkilatları koordinasiyalı fəaliyyət göstərməlidirlər ki, problemlər daxildə həll olunsun”.
Qeyd edək ki, USAID son açıqlamasında Azərbaycanı kiçik və orta sahibkarlıq müəssisələrini yeni maliyyələşdirmə mənbələrinin formalaşmasında dəstəklədiyini bəyan edib. Bundan əvvəl isə təşkilatın rəhbərliyi USAID-in Azərbaycanda ümumi prioritetinin əsas diqqəti kənd təsərrüfatı və turizmə yönəltməklə özəl sektorun inkişafı üçün daha yaxşı şəraitin yaradılmasından, habelə gender bərabərliyi və qadınların iqtisadi imkanlarının genişlənməsinə dəstək məqsədilə mühüm resursların ayrılmasından ibarət olduğunu bildirmişdi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ