İndi Avropa Azərbaycanın ayağına gəlir
Tarix: 27-07-2022, 19:00
Baxılıb: 135
Google+ Paylaş
Tumblr Paylaş

İndi Avropa Azərbaycanın ayağına gəlir

27-07-2022, 19:00

“Rusiya-Ukrayna müharibəsi başlayandan Avropa İttifaqı uzun illərin təchizatçısını dəyişdirmək planlarını işə salıb. Məqsəd enerji daşıyıcılarından siyasi məqsədlər üçün istifadə edən bir ölkədən asılılığı zəiflətmək və ya tamamilə kəsməkdir”.
Bu barədə reportyor.org-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft-qaz sahəsi üzrə ekspert İlham Şabanın sözlərinə görə, indi Avropa İttifaqı Yaxın Şərq, Afrika, Amerikadan olan tədarükçülərlə yanaşı, Azərbaycandan da mavi yanacağı nəql etmək imkanlarını araşdırır:
“Artıq bəzi ölkələrlə qaz tədarükü ilə bağlı müzakirələr gedir. Məsələn, may ayından etibarən ABŞ-dan əldə edilən maye yanacağın kəmərlər vasitəsilə Avropaya nəqli Rusiyadan qaz kəmərləri ilə nəqlini üstələyir. Eyni zamanda, Afrikadan əlavə qaz tədarük etməyə başlayıblar. İkinci tərəfdən, Rusiya amili nəzərə alınmadan Şərqdən Avropaya üzən neft tankerlərinin sayı gündən-günə artmaqdadır. Halbuki, əvvəllər bu tankerlər Rusiyadan gəlirdi. Qaz təchizatı ilə bağlı Azərbaycanın da imkanları araşdırılır. İyul ayının 18-də Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayenin Bakıya rəsmi səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Ölkəmizdən Avropaya qaz tədarükünün həcminin iki dəfə artırılması rəsmən elan edildi. Bundan sonrakı dövrdə, yəni yaxın 5 ildə Memorandumun icrası ilə bağlı konkret addımlar atılacaq”.
İ.Şaban qeyd etdi ki, Avropaya qazın nəqlinin artması Azərbaycan-Aİ əməkdaşlığını daha da gücləndirəcək:
“Aİ ölkəmizdən təkcə maye qaz deyil, həm də elektrik enerjisini idxal etməyi düşünür. Eyni zamanda, atmosferə atılan karbon və metan emissiyalarının azaldılması ilə bağlı Paris Konvensiyasının müddəlarına uyğun olaraq, gələcəkdə qazın hidrogenə çevrilərək Avropa bazarına nəqli planlaşdırılır”.
Ekspert düşünür ki, Avropanın yeni enerji mənbələri axtarışı problemi növbəti illərdə aradan qaldıracaq:
“Avropa İttifaqı Rusiyadan ötən il 155 milyard kubmetr qaz idxal edib. Amma bu günlərdə idxalın 15 faizə qədər azaldılması ilə bağlı qərar qəbul edildi. Düşünürük ki, ilk iki il Avropa üçün çətin keçsə də, sonrakı illərdə problem aradan qaldırılacaq. Bununla da Rusiya 50 ildən çox qaz satdığı Avropa bazarını itirəcək və özünə yeni bazarlar axtarmağa məcbur olacaq”.
Azərbaycanın bugünədək Qərb istiqamətində bir neçə neft-qaz xəttini istifadəyə verdiyini və onları uğurla listismar etdiyini deyən müsahibimizin sözlərinə görə, hələlik Rusiyanın buna qarşı hansısa təhdidi müşahidə olunmayıb”.
Rövşən Ziya


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ