NAXÇIVAN MUXTAR RESPUBLİKASI – 100 İL
Tarix: 17-03-2024, 14:05
Baxılıb: 101
Google+ Paylaş
Tumblr Paylaş

NAXÇIVAN MUXTAR RESPUBLİKASI – 100 İL

17-03-2024, 14:05

2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam oldu. Cənab Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam verdi. Bu Naxçıvan Muxtar Respublikasına ən ali səviyyədə verilən dəyərdir.
Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu olur. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir...”.
Ilk olaraq qeyd edim ki, Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur. Ulu öndər Naxçıvanın muxtariyyət statusu əldə etməsinin tarixi əhəmiyyətini və bu sahədə beynəlxalq müqavilələrin rolunu qiymətləndirərək deyib: “Naxçıvanın muxtariyyəti tarixi hadisə olubdur. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və Qars müqaviləsinin burada böyük əhəmiyyəti vardır. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndər Naxçıvan Muxtar Respublikasını inkişaf etmiş bir diyar kimi görmək istəyirdi. Bununla əlaqədar Prezident cənab İlham Əliyev deyib: “Ulu Öndər Heydər Əliyev həmişə Naxçıvana böyük diqqətlə yanaşırdı, problemlərin həlli üçün müvafiq göstərişlər verirdi və böyük qayğı göstərirdi. Mən də bu siyasəti davam etdirirəm...”.
Prezident İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı qədim diyar Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir. Sərəncamda da Naxçıvanın tarixiliyi və vacibliyi bir daha qeyd edilir : “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
Əminliklə deyə bilərəm ki, Prezidentin müəyyənləşdirdiyi dövlət proqramı Naxçıvan Muxtar Respublikasının hərtərəfli tərəqqisinin, innovativ yüksəlişinin mükəmməl bazası olacaq.










Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ