Hacı Məmmədovun “Qara kəmər”nin 15 ili – nələr gizlin qaldı?
Tarix: 11-03-2020, 01:16
Baxılıb: 1 153
Google+ Paylaş
Tumblr Paylaş

Hacı Məmmədovun “Qara kəmər”nin 15 ili – nələr gizlin qaldı?

11-03-2020, 01:16

Banda başçısı məhkəmədə demişdi ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi ona iki qətl də tapşırıb...
15 il əvvəl, martın 10-da Azərbaycanda “Qara kəmər” əməliyyatı həyata keçirildi. Əməliyyatın məhz bu günə təsadüf etməsini planlayan o dövrdə milli təhlükəsizlik naziri postuna yenicə təyinat alan Eldar Mahmudov idi. “Qara kəmər”in baş rejissoru Eldar Mahmudov 2005-ci ildə baş tutan əməliyyatla Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili olan Hacı Məmmədov və onun bandasını ifşa etdi. Və dərhal da “Qara kəmər”dən özünün siyasi planlarını gerçəkləşdirməyə girişdi. Hacı Məmmədov törətdiyi cinayətlərə görə ömürlük həbsə məhkum olunsa da, Qobustan həbsxanasına göndərilmədi.

O, 10 il qanunsuz olaraq MTN-in istintaq təcridxanasında saxlanıldı. Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov vərəmli məhkumlar üçün cəzaçəkmə müəssisəsinə köçürüldü və 2017-ci ilin dekabrında orada asılmış meyiti aşkar olundu.

“Qara kəmər” əməliyyatı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun evinin kandarında öldürülməsindən (2 mart 2005-ci il) 1 həftə sonraya təsadüf edib. Elmar Hüseynov qətlə yetirildiyi zaman Beynəlxalq Bankın o dövrdə İdarə Heyətinin sədri olan Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Hacı Məmmədovun dəstəsinin girovluğunda idi. Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən oğurlanmışdı. Xanım Hacıyevanın azadlığı üçün onun yoldaşından 20 milyon avro tələb olunurdu...



“Qara kəmər” 15 il əvvəl keçirilsə də, bu günə kimi üzərindən sirr pərdəsi götürülməyən epizodları qalmaqdadır. Məsələn, Hacı Məmmədov məhkəməsində yarımçıq ifadələr verməklə bir çox səs-küylü cinayətlərə aidiyyətinin olmasına işarə vurur, amma konkret fikir söyləməkdən yayınırdı. Onun bandasının cinayətlərinin niyə tam araşdırılmaması bu gün də cacabını gözləyir. Belə müşahidələr var ki, banda sifarişli qətlləri icra edəndən əvvəl və ya sonra adam oğurlayıb, ona belə bir hüquq tanıyıblar. İstintaqın qənaətinə görə, Hacı Məmmədovun rəhbərliyi altında 1994-cü ildən başlayaraq 10 il ərzində sifarişli qətllər icra olunub, adamlar oğurlanıb. Belə iddialar da var ki, banda 1994-cü ildən əvvəl də cinayətlər törədib, lakin həmin cinayətlər Hacı Məmmədovun kriminal dosyesinə əlavə edilməyib. Ümumilikdə, cinayət işində qətllərə, adam oğurluqlarına, quldurluğa, qarətlərə, saxta sənədlərin hazırlanmasına, vergidən yayınmaya və sairə aid 60-a yaxın epizod var.

Hacı Məmmədov məhkəməsində bandasının osminoqun 1 ayağı olmasını deməklə özünün yalnız icraçı olduğunu söyləmişdi. Onun bu fikirləri digər bandaların da fəaliyyətdə olması haqda yayılan məlumatları bir daha təsdiqləmişdi. Hacı Məmmədovun bandasının qətlə yetirdiyi şəxslər sırasında DİN Narkobizneslə Mübarizə İdarəsinin əməkdaşı Azər İsmayılov, Respublika Prokurorluğunun tanınmış kriminalisti Rövşən Əliyev, DİN-in sabiq polkovniki Fətulla Hüseynovun adları vardı.



Hacı Məmmədovun sonuncu oğurladığı şəxs isə Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva idi. Z.Hacıyevanın xüsusi sifarişlə oğurlandığı, sifarişçisinin girovluqda olan qadına 8 martda Hacı Məmmədovun vasitəsi ilə qızıl güllər yolladığı da bilinir. Bununla belə, Eldar Mahmudovun istintaqçıları sifarişçinin kimliyini Hacı Məmmədovdan öyrənə bilməyiblər. Rəsmi olaraq belədir, amma bu inandırıcı görünmür.



2005-ci ildə “Qara kəmər” əməliyyatından sonra belə məlumatlar vardı ki, Hacı Məmmədovun Keşlədəki evindən çoxsaylı videomateriallar götürülüb. Hansıları ki, Hacı Məmmədov gizli çəkilişlər vasitəsi ilə əldə edib. Həmin videolar kompromat xarakterli olub. Lakin həmin kompromatlar məhkəmə zamanı ortalığa çıxarılmadı. Hacı Məmmədovun kompromatlarının Eldar Mahmudovun zənginliyinə şübhə olmayan “kompromat bazasının” əsasını təşkil edə biləcəyi də istisna deyil.



Hacı Məmmədov məhkəməsində demişdi ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi ona 2 qətl də tapşırıb. Sitat: “Rövşən Əliyev və Fətulla Hüseynovun qətlini sifariş edən şəxs Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını da sifariş edib. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi. Mən heç kimə qarşı birbaşa ifadə verməmişəm. Əgər belə bir ifadə verəsi olsaydım, cəza çəkməli olan şəxslər bu zala yerləşməzdi. Mən heç kimə mesaj göndərmirəm. Lakin həmin qətllər və oğurlanmalar mənə məcburiyyətlə sifariş olunub. Həmin sifarişçinin kim olmasından məlumatı olan və vasitəçilik edənlər var. İndi onların adını deyə bilmərəm”.

Hacı Məmmədov ile ilgili görsel sonucu

Hacı Məmmədov 3 ildir ki, həyatda deyil. Onun deyə bilmədiyi, adını dilə gətirmədiyi vasitəçi kim olub? Vasitəçinin ifşası sifarişçinin qandallanması demək olardı. Elə həmin gün keçirilən məhkəmədə Hacı Məmmədov belə bir ifadə də vermişdi. Sitat: “Mənim cinayətləri həyata keçirməyim sifarişli olduğu kimi, MTN-in də istintaqı sifarişli idi. MTN-də aparılan istintaq zamanı sifarişçilərin kim olması araşdırılmayıb”.

Eldar Mahmudov ile ilgili görsel sonucu

Niyə araşdırılmayıb? Eldar Mahmudov nazir olaraq bu araşdırmalara niyə imkan verməyib? Niyə o, nazir postundan çıxarılandan sonra da bu araşdırmalar ortada deyil? Hacı Məmmədov məhkəməsində “mən ”osminoq"un bir ayağı olmuşam” sözlərini elə-belə demişdi? Hacı Məmmədovun fikirləri iş üzrə yeni istintaq araşdırması aparılması zərurətinin 15 il sonra da aktuallığını qoruyub saxladığını söyləməyə əsas verir.


E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ