ABŞ səfirliyi Gürcüstan DTX-nın USAID ilə bağlı bəyanatını yalan adlandırıb - YENİLƏNİB
Tarix: 2-10-2023, 22:38
Baxılıb: 64
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ səfirliyi Gürcüstan DTX-nın USAID ilə bağlı bəyanatını yalan adlandırıb - YENİLƏNİB

2-10-2023, 22:38

ABŞ səfirliyi Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) USAID ilə bağlı bəyanatını yalan adlandırıb.
Reportyor.tv Tbilisi müxbiri xəbər verir ki, səfirliyin bəyanatında ABŞ-ın Gürcüstana yardım istiqamətlərindən birinin tamamilə yanlış səciyyələndirildiyi bildirilib:
“Bu gün yardım layihələrimizdən birinə qarşı açıq şəkildə səsləndirilən iddialar yalandır və Gürcüstana yardımımızın məqsədlərini kökündən yanlış xarakterizə edir. USAID 1992-ci ildən bəri gürcü xalqını dəstəkləyir. Həmişəki kimi, yardımımız şəffafdır və hökumətin istənilən narahatlığını müzakirə etməyə hazırıq”.
Bəyanatda USAID-in DTX-nın Gürcüstanda iğtişaş hazırlığı görməkdə ittiham etdiyi CANVAS təşkilatı ilə iki ildən çoxdur ki, əməkdaşlıq etdiyi, təşkilatın ailələrə və icmalara öz problemlərini çatdırmağa yardım etdiyi bildirilib.
Vurğulanıb ki, ABŞ əsassız ittihamlara rəğmən Gürcüstan təşkilatlarını dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, Gürcüstan DTX cari ilin oktyabr-dekabr aylarında hakimiyyət çevrilişi məqsədilə ölkədə zorakı əməllərin planlaşdırıldığını bəyan edib. Qurumun bu günkü bəyanatında üç serbiyalının zorakılıqda iştirak edəcək qruplarla əlaqə yaratmaq və onlara təlim keçmək məqsədilə Gürcüstana gəldiyi, bu təlimlərin isə USAID-in maliyyə dəstəyi ilə keçildiyi bildirilib.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalılar maliyyələşdirməkdə ittiham edib.
Reportyor.tv Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan DTX-nın bəyanatında bildirilib. Qeyd olunub ki, USAİD-in Şərq-Qərb İdarəetmə İnstitutunun dəvəti ilə üç Serbiya vətəndaşı - Sinisa Sikman, Yelena Stoisiç and Slobodan Jinoviç sentyabrın 25-də Gürcüstana gəlib. Qeyd olunub ki, sözügedən şəxslər 2003-cü ildə Gürcüstanda baş vermiş inqilabi proseslərlə əlaqəli olub, həmçinin müxtəlif illərdə Serbiya, Ukrayna və digər ölkələrdə gedən oxşar proseslərdə iştirak ediblər.
Vurğulanıb ki, sözügedən şəxslər aktiv şəkildə zorakı etiraz aksiyası metodları üzrə təlimlər keçiblər.
Bildirilib ki, həmin şəxslərin Gürcüstana gəlişinin əsas məqsədi də bu ilin oktyabr-dekabr aylarında qanunsuz və dağıdıcı fəaliyyətlər planlaşdıran QHT-lərlə və gənclərlə əlaqələr qurmaq və onlara təlimlər keçmək olub.
Məlumata görə, Serbiya vətəndaşları USAİD tərəfindən maliyyələşdirilən və sentyabrın 26-dan 29-dək davam etmiş dörd günlük təlimdə iştirak ediblər.
Qeyd edək ki, Gürcüstan DTX daha əvvəl sözügedən serbiyalıların saxlanıldığını açıqlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ