Strabonun bəhs etdiyi sirli Azərbaycan şəhəri - MƏRƏND
Tarix: 26-09-2023, 21:25
Baxılıb: 79
Google+ Paylaş
Tumblr Paylaş

Strabonun bəhs etdiyi sirli Azərbaycan şəhəri - MƏRƏND

26-09-2023, 21:25

Reportyor.tv  “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Mərənd şəhəri haqqında məqaləsini təqdim edir.
Birinci yazı – XOY
İkinci yazı – Urmiya
Üçüncü yazı – Güney Azərbaycanda Novruz adətləri
Dördüncü yazı – Güney Azərbaycanda farslaşdırılmış türk adları
Beşinci yazı – Ərdəbil
Altıncı yazı – Güney Azərbaycanın milli oyanışında futbolun gücü
Yeddinci yazı - Marağa
Səkkizinci yazı - Təbrizdə Amerika bayrağına sarılaraq, oda atılan Azərbaycan sazı
Doqquzuncu yazı - Zəncan şəhəri: iki mədəniyyətin çarpışdığı yer
Onuncu yazı - Güney Azərbaycandakı görkəmli tarixi məkanlardan biri - ŞƏHƏRYERİ
On birinci yazı - Əhər: Azərbaycan mədəniyyətinin qorunduğu şəhər
On ikinci yazı - Urmiya gölü: Güney Azərbaycanın qanayan yarası
On üçüncü yazı - Urmiya gölü quruyarsa: Xəstəliklər artacaq, əkinçilik məhv olacaq, insanlar köçəcək
On dördüncü yazı - Urartunun yadigarı, Şah Abbasın dağıtdığı qədim Azərbaycan şəhəri
Mərənd şəhəri Şərqi Azərbaycan əyalətində böyüklüyünə və əhalisinin sayına görə üçüncü yerdədir. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, İranda ölkə inzibati-ərazi bölgüsünə görə, Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Mərənd şəhəri əslində Mərənd rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonun Yamçı və Köşksaray kimi daha kiçik şəhərləri ilə əhatə olunub.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Mərənd şəhərinin əhalisi 193 271 nəfərə, Mərənd rayonunun əhalisi isə 244 971 nəfərə bərabər olub. Şəhərin əhalisi Azərbaycan türkcəsində danışan şiələrdir.
Mərənd şəhərinin tarixi
Mərənd adına ilk dəfə “Murunda” şəklində, yunan coğrafiyaşünası Strabonun əsərlərində rast gəlinir. Arxeoloji tapıntılar və tarixi məlumatlar Mərənd şəhərinin Urartu dövləti ərazisində yerləşdiyini və bəlli bir tarixi dönəmdə bu dövlətin ən abad və inkişaf etmiş bölgələrindən sayıldığını göstərir. İqor Dyakonova görə, Urartu dövlətində Sangi-bu-to deyə adlanan Qotur-Xoy-Mərənd bölgəsi həmən dövlətin ən yaxşı və ən məhsuldar bağlarına sahib olub.
Təbii ki, bu şəhərin tarixinin hətta eramızdan əvvəl I minillikdən də irəli getdiyini göstərən dəlillər var. Buna sübut kimi Mərəndin kül təpəsində eramızdan əvvəl IV minilliyə aid əsərlərin tapılmasını göstərmək olar. Midiya dövründə bu şəhərin çiçəklənməsinə dair faktlar var. Mərənd şəhərindən 19 km cənub-qərbdə yerləşən Pirbala kəndindəki qam-şaman qəbirləri bu coğrafiyada qədim türklərin dini inancları sayılan şamanizm və daha doğrusu tanrıçılıq inancının geniş yayıldığını sübut edir.
Belazəri, Təbəri, İbn Hoqəl, Abu-Əbdullah Məqəddəsi, Həmdullah Mostufi, Yaqut Həməvi, Estəxri, Nasir Xosrov, Yəqubi kimi İslam dünyasının tanınmış coğrafiyaçıları və səyyahları öz əsərlərində az-çox Mərənd haqqında bilgi verməkdədirlər. Beləliklə, buranın İslamdan sonrakı dönəmlərdə də abad bir şəhər olduğunu görünür. Səfəvi imperiyasının torpaqlarında gəzib-gördüklərini qələmə alan tanınmış avropalı səyyah Jean Chardin bu şəhər haqqında belə bilgi verməkdədir:
“Mərənd yaxşı şəhərdir və 2500 evi və bağları var, bağları malikanə və qəsəbələrdən çoxdur”.
Azərbaycanın digər şəhərləri kimi, Mərəndin də rifah və inkişafı moğol Elxanları dövründə daha da yüksəlib. Şəhərin şimalındakı Ayrandibi karvansara binası və Hulako qalası da son Elxanilər dövrünün tikililərindəndir.

(Hulako qalasının qalıntıları, Güney Azərbaycandakı tarixi abidələrin acınacaqlı durumları bu şəkildən də özünü göstərir.)
Mərəndin ən qədim məscidinin mehrabındakı kitabə də moğol Elxanilər dövrünün ehtişamlı və parlaq bir nümunəsidir.

Bir cümlə ilə demək olar ki, bu şəhər də Azərbaycanın digər şəhərləri kimi, İslamdan sonra 1925-ci ilə qədər min ilə yaxın bir zaman kəsimində türk hökmdarları tərəfindən idarə olunub.
Türk hökmdarları heç vaxt türk olmayanları maddi, mənəvi, mədəni və dil hüquqlarından məhrum etməyiblər. Hətta demək olar ki, fars dili indiki yüksəlişini türk hökmdarlarına borcludur. Lakin Rza şahın İranda taxta çıxdığı 1925-ci ildən bəri bu ölkədə türk dili qadağan edildi. Türklərin tarixi təhrif edildi, kimliyi danıldı və mədəniyyəti aşağılandı. Özü də yalnız türk kimliyi yox, azərbaycanlı kimliyi, hətta Azərbaycan adı belə yasaqlandı. Pəhləvilər 1979-cu ildə taxtdan düşüb ölkəni tərk etsələr də, onların başladığı Azərbaycan və türk düşmənliyi yeni hakimiyyət zamanı da davam etdi. Belə ki, artıq yüz ildir Güney Azərbaycan türklərinə qarşı ağır təzyiqlər davam edir və onların dilini, kimliyini, mədəniyyətini, tarixini yox etməyə çalışırlar.
1945-1946-cı illər arası Güney Azərbaycanda qurulan Azərbaycan Milli Hökumətinin yerli xalq tərəfindən geniş səviyyədə qəbul görməsi və dəstəklənməsinin başlıca səbəblərindən biri Rza şahın başlatdığı anti-Azərbaycan və anti-türk siyasət olmuşdu. Mərənd şəhəri də Güney Azərbaycanın başqa şəhərləri kimi, Azərbaycan Milli Hökumətinə böyük dəstək vermişdi.
Azərbaycan Milli Hökumətinin acı taleyi uzun zaman Güney Azərbaycanda səssizliyə səbəb olsa da, Güney Azərbaycan türklərinin varlıq və kimlik mücadiləsini bir yolluq aradan götürə bilmədi.
Bu gün Mərənd Güney Azərbaycanın bir çox şəhərləri kimi, Azərbaycan dilinin və mədəniyyətinin ocağı sayılır. Türk dünyasının şairləri, yazıçıları, tədqiqatçıları və sənətçiləri ilə yanaşı, mərəndli şairlər, yazıçılar, tədqiqatçılar və sənətçilər də Güney Azərbaycan türklərinin milli oyanışında öz güclərini əsirgəmirlər.
Yüz il ərzində bütün dövlət imkanlarından və qaynaqlarından yararlanan farsçılıq siyasətinin qulluqçuları ilə müqayisədə, Güney Azərbaycanlı türk aktivistlərin məhdud imkanları var. Lakin onlar az imkanlarla belə aparılan yüz illik təbliğatı təsirsiz buraxmaqda müəyyən dərəcədə uğurlu olublar. İranda 100 ildir davam edən assimilyasiya siyasətinin xüsusilə son illərdə intensivləşməsinin və həcminin artmasına baxmayaraq, Mərənd şəhərində Azərbaycan mədəniyyətinə olan sevgi və məhəbbət nəinki azalıb, günü-gündən çoxalmaqdadır. Məsələn, bu şəhərin xalqının dominant dili hələ də Azərbaycan türkcəsidir. Güney Azərbaycanın başqa şəhərlərinin haqqında yazdığımız kimi, Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, çərşənbə axşamı şənlikləri, Novruz bayramının dəbləri, sayaçılar, kosa, təkəmçilər, Çillə gecəsinin dəbləri, “Koroğlu” dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək olar ki, azərbaycanlılıq və türklük də yaşayır.
Azərbaycanlı türk kimliyinə malik olmaq bir gecədə gerçəkləşməyib ki, bir gecədə də məhv olsun. Bu kimlik əsrlər, minilliklər boyu formalaşmış və Güney Azərbaycan türklərinin şüur altında kök salıb. Bu kimliyin izlərini yalnızca onların danışdıqları dildə yox, onların dəblərində, adət-ənənələrində, toylarında, yaslarında, şənliklərində, rəqslərində, kilim və xalılarının naxışlarında görməkdəyik.
Culfa qədər olmasa da ,Mərənd şəhərindən də müəyyən dərəcədə Araz çayının qoxusunu almaq mümkündür. Bu şəhər Quzey Azərbaycanın sərhədlərindən o qədər də uzaq deyil. Şübhəsiz bu yaxınlıq qardaşlıq və birlik hissinin güclənməsində təsirli olub. Bu gün Güney Azərbaycanın bir çox yerində olduğu kimi, bu şəhərdə də azərbaycanlılıq və türklük ruhu yenidən dirçəlməkdədir. Təbii ki, yenə də qeyd etdiyimiz kimi, bütün imkanlara malik olan qarşı tərəfin siyasətlərini də nəzərdən qaçırmamalıyıq.
Azərbaycanın türk mədəniyyətini öz içində diri saxlamağa və hətta inkişaf etdirməyə çalışan Güney Azərbaycan türkləri çox ağır basqılara və təzyiqlərə məruz qalmaqdadırlar. Bir çoxu yalnızca öz ana dilini, kimliyini, tarixini, mədəniyyətini qorumaq uğrunda səy göstərdiyi üçün tutularaq ağır ittihamlarla cəzalandırılırlar. Ona görə də biz deyəndə ki, son yüz ildə mərkəzi hakimiyyətin bütün səylərinə baxmayaraq, azərbaycanlılıq və türklük hələ də yaşayır, belə insanların fədakarlığını da nəzərdən qaçırmamalıyıq.
Mərəndin tarixi abidələri və gəzməli yerləri
Yam karvansara
Bu karvansaranın təməli moğol dövründə atılıb, Səfəvi dövründə isə təmir edilərək genişləndirilib. Bu möhtəşəm tarixi abidə son zamanlar yenidən təmir edilərək ziyarətçilərin üzünə açılıb.

Bu karvansaranın böyük mərkəzi həyəti var və hündür girişdən, günbəzdən, karvanların qalması üçün həyətə baxan otaqlardan və eyvanlardan ibarət dörd eyvanlı karvansara növüdür. Qədim ticarət yolu sayılan İpək yolu üzərində tikilən bu böyük karvansara bir zamanlar tacirlərin və karvanların istirahət yeri sayılırdı, amma dediyimiz kimi, bu günlər bu gözəl və möhtəşəm məkan buranı görmək istəyənlərin üzünə açıqdır.
Kül təpə
Kül təpə böyük kül kütləsinin qat-qat yığılıb təpəyə çevrildiyi yerə deyilir. Güney Azərbaycanın bir çox yerlərində belə təpələrə rast gəlmək mümkündür. Kül təpələrin tarixi mənşəyi haqqında fərqli fikirlər ortaya atılsa da, hələ qəti fikir söyləmək mümkün deyil. İran tarixçiləri kül təpələri zərdüştilik dininə bağlamaq istəyirlər və iddia edirlər ki, bu küllər zərdüşti atəş məbədlərində yandırılmış odunların külləridir. Bu fikir tamamən yanlışdır. Birincisi, bu təpələrin çoxu zərdüştilik dininin yaranmasından neçə min il əvvələ aiddir. Məsələn, Mərənd şəhərinin Kül təpəsinin 6000 ildən çox yaşı var və Assuriya kralı II Sarqonun hücumu nəticəsində dağıdılmış kərpic qalasının qalığıdır.

İkincisi, İslamdan əvvəlki dövrdə Azərbaycan xalqının zərdüştiliyi qəbul etməsinə dair heç bir dəlil yoxdur və Azərbaycanın müxtəlif yerlərindəki ocaqların (atəşgədələrin) zərdüştiliyə aidiyyəti yoxdur.
Bu arada, əkinçilərin bu küllərdən torpağı münbitləşdirmək məqsədilə istifadə etdikləri üçün kül təpələrinin çoxu ya yox olub, ya da dağıdılıb. Digər tərəfdən, İran hökumətinin Güney Azərbaycanın tarixi yerlərinə qayğı göstərməməsi və qorumaması səbəbindən bəzi mənfəətpərəstlər dəyərli tarixi obyektlər tapmaq niyyəti ilə bu yerləri dağıdırlar. Bu baxımdan Mərəndin kül təpəsi də bir istisna sayılmır və bu günədək bu yeri qorumaq üçün heç bir ciddi iş görülməyib.
Yam xizək kurortu
Yam xizək kurortu Şərqi Azərbaycan Əyaləti Xizək Federasiyasının tabeliyindədir. Bu kurort Mərənddən 15 km, Təbrizdən 60 km məsafədə Mişo dağ silsiləsinin ətəklərində yerləşir. Heyrətamiz dərəcədə gözəl olan Yam xizək kurortu insanlara unudulmayacaq təəssüratlar bağışlayır. Hər il soyuq mövsümdə çoxlu sayda insan qış idmanı ilə məşğul olmaq və Mişonun saf və gözəl qış təbiətindən faydalanmaq üçün bu əraziyə üz tutur.

Yam türk-moğol dilində çapar at deməkdir. İranda hər şeyi farslaşdırmaq siyasətinin nəticəsi olaraq buranın da adını farslaşdıraraq Pəyam deyə dəyişiblər. Buna baxmayaraq, xalq arasında hələ də buraya Yam deyilir.
Uzunluğu 800 metr olan bu istirahət mərkəzi yerli əhali ilə yanaşı, İranın digər ərazilərdin, elədə xaricdən də turistləri cəlb edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ