“Rusiya Ukraynada uduzsa, Qafqazda müharibə başlayacaq..” - Moskvadan hədə
Tarix: 7-02-2023, 10:05
Baxılıb: 549
Google+ Paylaş
Tumblr Paylaş

“Rusiya Ukraynada uduzsa, Qafqazda müharibə başlayacaq..” - Moskvadan hədə

7-02-2023, 10:05

Bakıdan reaksiya: “Bu halda münaqişə ocaqları yenidən alovlanacaq, Avrasiya materiki ciddi gərginliklər yaşayacaq”

“Rusiyanın Ukraynadakı məğlubiyyəti Avrasiya məkanında sabitliyin ciddi şəkildə pozulması təhlükəsi yaradacaq və bir çox dondurulmuş münaqişələri təzədən alovlandıracaq”. "Yeni Müsavat"ın məlumatına görə, bunu rusiyalı politoloq Dmitri Trenin İrəvanda keçirilən “Ermənistan və qlobal Rusiya-Qərb qarşıdurması: 2022-ci ilin yekunları” adlı vodeokonfransda deyib. Onun sözlərinə görə, Avrasiyada, o cümlədən Qafqazda çox şey Ukrayna münaqişəsinin nəticəsindən asılı olacaq. “Resurs, motivasiya baxımından açığı, Rusiyanın qələbəsi kifayət qədər gözləniləndir.
O halda Avrasiyada vəziyyət daha stabil olacaq. Qələbə Rusiyaya sistemyaradıcı güc kimi çıxış etmək üçün yeni imkanlar açacaq. Əgər bu baş verməzsə, o zaman bizi Cənubi Qafqaz da daxil olmaqla, Avrasiyanı yeni münaqişələr və qeyri-sabitlik gözləyir”, - Trenin iddia edib.
Rusiyalı analitik sözsüz ki, bununla ilk növbədə öz ölkəsinin geosiyasi önəmini, əhəmiyyətini və çəkisini şişirtməyə çalışıb. Guya Rusiya Avrasiyada sabitləşdirici faktor, “qoruyucu mələk” rolundadır. Halbuki Rusiyanın tarixi bunun tam əksini deyir. Harada Rusiya yoxdur, ora inkişaf var, rifah var. Rus əsgərinin olduğu yerdə isə ot da bitmir. 
Ukraynada Rusiyanın qələbəsi Güney Qafqaz xalqları və ölkələrinin necə xeyrinə ola bilər, əgər Moskva bölgədə öz hərbi varlığını bir qayda olaraq, konfliktlər yaradıb onları idarə eləmək hesabına təmin edirsə? Bəs Azərbaycanın milli maraqları baxımından bizə ən çox hansı nəticə sərfəlidir - Rusiyanın məğlubiyyəti, zəifləyib əldən düşməsi yoxsa?

Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Rusiyalı siyasi ekspertin fikrini Rusiya dövlətinin maraqlarına xidmət edən fikirlər kimi qəbul etmək lazımdır. Onun fikirləri heç də həqiqəti əks etdirmir: “Mən hesab etmirəm ki, Rusiyanın Ukraynada qələbə qazanması Avrasiyaya sabitlik gətirəcək və yeni sistem yaranacaq. Rusiya dövləti SSRİ süquta yetiriləndən sonra yenə imperialist siyasəti davam etdirərək keçmiş postsovet məkanında özünün dominant rolunu qorumağa və təsirini artırmağa çalışıb. 1994-cü il Rusiya Xarici siyasət Doktrinası qəbul edilərkən də bu məsələlər önə çəkilib və Rusiyanın bölgədə mövcudluğunun qorunmasının əsas yolu kimi postsovet məkanında etnik zəmində münaqişələr yaradıb. Doktrinanın tələblərindən biri bu münaqişələri idarə edərək təsir və nüfuz dairəsini genişləndirmək və onu qorumaqdan ibarət olub. Bu siyasət davam etməkdədir. Rusiyanın bu siyasətinin çətinliklərini görən dövlətlərdən biri də Azərbaycan olub. Azərbaycan məhz Rusiyanın Qarabağda yaratdığı münaqişə və münaqişə nəticəsində ərazilərinin 30 ilə yaxın işğalda qalmasını yaşamış bir dövlətdir. Rusiya mövqeyini qoruyub saxlamaq və təsir imkanlarını artırmaq üçün həm Moldovada, həm Gürcüstanda, həm Azərbaycanda, sonradan isə Ukraynada münaqişə bölgələri yaradıb. Sonra isə həmin ərazilərə müdaxilə etməklə öz hərbi kontingentini yerləşdirməklə təsir imkanlarını daim qoruyub saxlamaq istəyib. 2020-ci ildə 44 günlük müharibədən sonra Qarabağa özünün sülhməramlı missiyasını da yeritməsi bunun üçündür. Sülhməramlı kontingentin Qarabağda heç də sabitləşdirici böyük mənada pozitiv qüvvə olduğunu görmürük”.
Politoloq bu mənada hesab edir ki, Rusiya Ukraynada qələbə qazanarsa, bu, onun 2022-ci il 24 fevral öncəsi ətraf dövlətlərə, xüsusilə Qazaxıstana və Ukraynaya, digər dövlətlərə yönəlik hədələyici siyasətinin davam edəcəyinə şübhə yeri qoymur: “Dövlətlər müdaxilə ilə hədələnirdi. Ukrayna ilə bağlı bu hədənin nəticələri ortadadır. Rusiyanın Ukraynada qələbəsi keçmiş sovet respublikalarına, o cümlədən Avrasiyaya sabitlik gətirməyəcək. Əksinə, bu Rusiyanın aqressivliyini, iştahını daha da artıracaq. Həmçinin münaqişə ocaqları yenidən alovlanacaq. Avrasiya materiki ciddi gərginliklər yaşayacaq. Ukrayna-Rusiya müharibəsi ilk vaxtlardan Cənubi Qafqazdakı proseslərə təsir edir. Müharibədən Rusiyanın qələbə ilə çıxması Cənubi Qafqazdakı proseslərə daha çox təsirini göstərəcək. Rusiya hətta Ukrayna müharibəsində zəif duruma düşdüyü vəziyyətdə belə, son bir neçə ayda Qarabağ bölgəsində gərginliyin yaranmasında maraqlı olduğunu özünün emissarı Ruben Vardanyanı Xankəndinə göndərməklə ortaya qoydu. Bu baxımdan, hesab edirəm ki, Rusiyanın Ukrayna müharibəsindən qalibiyyətlə çıxması halında bizim bölgəmizdə vəziyyət daha da gərginləşə bilər. Zəif Rusiya ətrafına daha az təhdiddir, nəinki güclü, qalib Rusiya. Ona görə də sabitlik üçün Ukrayna müharibəsindən Ukraynanın məğlub çıxmaması daha məqbuldur”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ