Qarabağ müharibəsinə karantin qoyulmayacaq – Bakıdan savaş anonsu
Tarix: 6-04-2020, 19:11
Baxılıb: 2 621
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağ müharibəsinə karantin qoyulmayacaq – Bakıdan savaş anonsu

6-04-2020, 19:11

Azərbaycan güc tətbiqi variantını masa üzərindən götürməyəcək; rusiyalı ekspert: “Qarabağda müharibə bitməyib, dayandırılıb...”

Koronavirus pandemiyası dünyadakı bir çox etnik-ərazi münaqişələrini ikinci plana itələyib. Ancaq bu, yəqin ki, müvəqqətidir. Konkret halda Qarabağ konfliktinə dair sülh danışıqları, faktiki, dondurulmuş halda olsa da, problemin aktuallığı heç də azalmayıb. Əksinə, son günlər düşmən tərəfinin dövlət sərhədimiz boyu artan təxribatçı hücumları “hərb, yoxsa sülh” dilemmasını təzədən gündəmə gətirib. 
Başqa yandan, yaz mövsümünün gəlişi və havaların qızması da ordumuzun ən azı ildırımsürətli növbəti uğurlu, lokal hərbi əməliyyat aparması üçün əlavə stimul yaradır. Yeri gəlmişkən, srağagün 2016-cı ildəki “4 günlük müharibə”nin 4-cü ili tamam oldu. Silahlı qüvvələrimizin həmin blits-zəfəri işğalçı ordunun “məğlubedilməzlik” mifini darmadağın eləməklə yanaşı, münaqişə tərəfləri arasında hərbi qüvvələr nisbətini dünyaya əyani nümayiş etdirdi.
4 il öncə Bakı həm də təcavüzkar Ermənistanın havadarlarına göstərdi ki, Qarabağ müharibəsi hələ bitməyib və o, istənilən an, daha geniş miqyasda bərpa oluna bilər. Bununla həm də İrəvanın dəm vurduğu kapitulyasiya şərtləri tarixin arxivə verilmiş oldu.
*****
Ermənistan yəqin indi ümid edir ki, Azərbaycan tərəfi koronavirus səbəbindən hərbi əməliyyatlara risk eləməz. Ancaq bu xülyadır. Bakı savaş variantını heç vaxt masa üzərindən götürməyib. Müasir və bahalı silah-sursatlarını, döyüş sistemlərini də o, vitrində paslatmaq üçün almayıb. Bir sözlə, Qarabağ müharibəsinə karantin qoyulmayacaq. Burası dəqiqdir.
Başqa yandan, əgər işğalçı tərəf pandemiya dövründə belə, Dağlıq Qarabağda qondarma “prezident və parlament seçkiləri” keçirməyi özünə rəva bilirsə, o zaman məkrli düşmənə aman verməyin heç bir anlamı qalmır. Üstəlik, elə bir dönəmdə ki, pandemiyanın ac-yalavac, iqtisadiyyatı böhran yaşayan Ermənistana imkanlı Azərbaycanla müqayisədə qat-qat böyük zərər vuracağı, onu bir az da taqətdən salacağı gözlənilir.

Bu xüsusda düşmən ölkədə koronavirus təlaşı ilə birgə, yeni müharibə xofunun da günbəgün artması təsadüfi sayıla bilməz. Erməni siyasi və iqtisadçı ekspertlərin qənaətincə, Ermənistan iqtisadiyyatı koronovirus epidemiyasına görə ağlamalı durumdadır və ölkə nəyisə qurban verməlidir ki, ayaqda dura bilsin. Onların fikrincə, epidemiya bu templə davam edərsə, o zaman ölkənin təhlükəsizliyi təhdid altına düşəcək.
O sırada hərbi ekspert Leonid Nersesyan pandemiyanın Ermənistan üçün mümkün nəticələrindən danışarkən qeyd edib ki, yeni və ciddi iqtisadi problemlərin baş qaldıracağı təqdirdə İrəvan vəziyyət normallaşanadək müəyyən müddət ərzində silah-sursat ala bilməyəcək. Onun sözlərinə görə, ixtisar Ermənistanın hərbi büdcəsinə də toxunacaq.
“2014-1015-ci illəri yada salaq. O vaxt  ölkənin hərbi büdcəsi ən azı, iki dəfə “çökdü”. Aydın məsələdir ki, əgər dövlət hansısa sosial öhdəlikləri yerinə yetirə bilmirsə, o zaman hökumət bunu hərbi xərcləri azaltmaq hesabına etməli olacaq. Bu ixtisarlar da silah tədarükündə özünü göstərəcək”, - deyə o, xəbərdarlıq edib.
*****     
Bu və digər amillərdən çıxış edən azərbaycanlı politoloq Natiq Miriyə görə, ərazilərimizin işğaldan azad edilməsi üçün ən münbit şərait məhz bu gündür. “Ermənistanın öz müttəfiqlərinin dəstəyini itirdiyi bir ərəfədə, Azərbaycan ordusunun qısamüddətli ildırımsürətli planla bir neçə strateji ərazisini azad etməyin vaxtı çatıb. Bununla işğalçını geri çəkilməyə məcbur edə bilərik. Bunu indi etməsək, sabah havadarları tərəfindən Ermənistana münasibət yenidən dəyişəndə bunu həyata keçirmək çətin olacaq. Hesab edirəm ki, Rusiya və digər güclərin başı koronavirus bəlasına qarışdığı bir vaxtda Azərbaycan ordusu qısamüddətli və lokal hərbi əməliyyatlar həyata keçirə bilər. Buna böyük ehtiyac da var. Əgər Azərbaycan ordusu bu əməliyyatlara başlasa, bu, hüquqi çərçivədə olacaq. Bu məsələdə tamamilə Azərbaycan xalqına güvənmək lazımdır”, - deyə o, vurğulayıb.
OSCE Minsk Group Co-Chairs to Visit Nagorno-Karabakh Conflict Zone ...
Rusiyalı tanınmış analitik Qriqori Trofimçukun da “hərb, yoxsa sülh” dilemması kontekstində fikirləri maraqlıdır.
“Ermənistanın KİV-lərinin “Azərbaycan ordusu tərəfindən diversiya cəhdləri” barədə başlıqlarını oxuyarkən ilk dəfə Qarabağ mövzusu ilə üzləşən oxucuya elə gələ bilər ki, məhz Azərbaycan Ermənistanın bir neçə bölgəsini işğal edib və indi də daha irəli getmək niyyətindədir”, - deyə ekspert öncə bildirib.
Onun sözlərinə görə, Ermənistanın bu qəbildən ATƏT-in Minsk Qrupu və BMT-yə müraciəti qabaqdangəlmişlikdən savayı bir ey deyil: “Minsk Qrupunda da, BMT-də də yaxşı bilirlər ki, bölgədə kimə nə məxsusdur. Bu səbəbdən belə çağırışlara reaksiya vermirlər. Əks təqdirdə Bakı onlardan dərhal sərt notalar alardı. Bundan əlavə, əsas şey aydın deyil: konkret olaraq kim orada belə hərbi təxribatlara əl atır? Axı ATƏT-in Minsk Qrupu 2016-cə ilin “aprel müharibəsi” ilə bağlı suala hələ də dəqiq cavab verə bilməyib. Ona görə də bu gün həmsədrlər davam edən toqquşmalarla bağlı təfərrüata toxunmamağa çalışırlar”.
Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalına gəlincə, Trofimçuk bunu tamamilə real hesab edir. “Qarabağda müharibə bitməyib, yalnız dayandırılıb. O səbəbə müharibə daim “yanaşı” gedir. Koronavirisla bağlı antivirus tədbirləri də bu reallığa heç cür təsir eləmir. Hətta əksinədir. Azərbaycan Ermənistanla çox humanist davranır”, - deyə analitik əlavə edib...
Bakının İrəvanla çox humanist davrandığı barədə rusiyalı politoloqun fikrini bölüşməmək mümkünsüz. Gerçəkdən də işğalçıya yenidən ordumuzun əli ilə sərt üzümüzü göstərməyin zamanı çatıb...  


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ