Pensiya yaşının azaldılması ilə bağlı YENİ XƏBƏR – Deputat və iqtisadçıdan açıqlama
Tarix: 2-04-2024, 09:49
Baxılıb: 104
Google+ Paylaş
Tumblr Paylaş

Pensiya yaşının azaldılması ilə bağlı YENİ XƏBƏR – Deputat və iqtisadçıdan açıqlama

2-04-2024, 09:49

Milli Məclisin martın 29-da keçirilən plenar iclasında deputat Razi Nurullayevin Azərbaycanda qadınlar üçün pensiya yaşının azaldılaraq 60, kişilər üçün isə 62 olaraq müəyyən edilməsi təklifi birmənalı qarşılanmayıb. Bəzi iqtisadçı və məmurlar deputatların bu tip çıxışını populist və qeyri-peşəkar yanaşma adlandırırlar.

Mövzunu Globalinfo.az-a şərh edən deputat Vahid Əhmədov deyib ki, özü də mütəmadi olaraq pensiya yaşının azaldılması ilə bağlı məsələyə toxunub.

Millət vəkilinin sözlərinə görə, pensiya yaşının azaldılması məsələsinin yenidən gündəmdə olmasının əsas səbəbi insanların pensiya yaşına çatmadan vəfat etmələridir:

“Bu gün də istər kişilər, istərsə də qadınlar pensiya yaşına çatmadan dünyasını dəyişirlər. Son vaxtlar həm koronavirus, həm də digər xəstəliklərin artması ilə əlaqədar insanların ömrü qısalıb. Adamların daha az yaşda həyatdan köçmələri real bir faktdır. Lakin pensiya yaşını azaltmamağı Azərbaycandakı insanların orta yaş müddətinin yüksək olması ilə əlaqələndirirlər. Məsələn, 65 yaşda pensiyaya çıxırlar və 12 il pensiya alırlar ki, bu da edir 77 yaş. Yəni deyirlər, uzun ömür yaşayanlar kifayət qədər çoxdur, amma biz bununla qəti razı deyilik”.

Deputat pensiya yaşının azaldılmasının tərəfdarı olduğunu bildirib:

“Çox istərdik ki, pensiya yaşı müəyyən qədər azaldılsın. Düzdür, nazirliyin, hökumətin, iqtisadçıların, digər şəxslərin gətirdikləri arqumentlərdə müsbət məqamlar var, amma əhalinin ümumi vəziyyətini, son vaxtlar Azərbaycanda gedən prosesləri, xəstəliklərin artmasının nəzərə alaraq həm qadınların, həm də kişilərin pensiya yaşı azaldılmalıdır. Bunun əleyhinə olanlar da var və ona görə də bu məsələ mütəmadi müzakirə obyektidir. Təəssüf ki, pensiya yaşının azaldılması hələ hökumət tərəfindən müzakirə olunmur, lakin məsələnin baxılmasına ehtiyac var”.

 
İqtisadçı Natiq Cəfərli Azərbaycanda əsas problemin təqaüd yaşında olmadığını bildirib:

“Bəli, bu məsələ müzakirə olunmalı, həll edilməlidir, amma əsas problem təqaüdün həcminin və təqaüd alanların az olmasıdır. Azərbaycan nadir ölkələrdəndir ki, insanların bir çoxu təqaüdə çıxmaq istəmir. Əsasən də dövlətdə işləyənlər. Çünki maaşlar təqaüdlərdən daha çoxdur. Bizdə nə vaxt bunun əksi yaranacaqsa, təqaüdlər normal hala gələcəksə, o zaman təqaüd yaşı ilə bağlı daha ciddi müzakirə apara bilərik”.
 

İqtisadçının sözlərinə görə, bu gün əsas problem təqaüd yaşı ilə deyil, təqaüdün az olması ilə bağlıdır:

“Əsas problem sosial sığorta fonduna ödədiyimiz vəsaitə bizim haqqımızın çatmamasıdır. Çünki biz həmin vəsaitin idarəetməsində iştirak edə bilmirik. Əgər insan təqaüd yaşına çatmadan dünyadan köçərsə, onun orada yığılan minlərlə vəsaitinə ailəsinin birbaşa çıxış əldə etmək hüququ yoxdur. Bu məsələlər həll olunduqdan sonra təqaüd yaşı ilə bağlı hansısa bir problemlərin həllində irəliləyiş əldə etmək olar”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ