Azərbaycanın hava döyüş taktikasına qarşı Hindistan raketləri
Tarix: 22-12-2023, 08:28
Baxılıb: 153
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın hava döyüş taktikasına qarşı Hindistan raketləri

22-12-2023, 08:28

Rəsmi İrəvan sülh bəyanatlarının kölgəsində sürətli şəkildə silahlanır, Ermənistanın məkrli niyyəti göz önündədir

Ermənistan rəhbərliyi sülh müqaviləsini imzalamağa hazır olduğunu davamlı şəkildə bəyan etdiyi halda, Fransa və Hindistanın hesabına özünün silah arsenalına yeni nümunələri əlavə edir. Rəsmi İrəvanın ordunu gücləndirməsi sülh bəyanatlarının saxta olduğunu deməyə əsas verir. Əgər sülh imzalanacaqsa, normal qonşuluq əlaqələri qurulacaqsa, kommunikasiyalar açılacaqsa, o halda bu qədər silah-sursata, artilleriya qurğularına, zirehli texnikaya nə ehtiyac var idi? Özü də yüz milyonlarla dollara başa gələn silahlanma prosesi Ermənistanın miskin durumda olması fonunda davam edir.
Son məlumatlardan aydın olur ki, Hindistanın Ermənistanın silahlanmasında rolu xüsusilə artmaqdadır. “EurAsianTimes” Hindistanın Ermənistana “Akaş” zenit-raket komplekslərini satdığına dair məlumatlar dərc edib. “Akaş” Hindistanın “Bharat Dynamics Limited” (BDL) şirkəti tərəfindən istehsal olunan, həssas əraziləri və nöqtələri hava hücumlarından qorumaq üçün nəzərdə tutulmuş qısa mənzilli zenit-raket kompleksidir.
Bu hava hücumundan müdafiə sistemi 4-25 kilometr radiusda helikopterləri, döyüş təyyarələrini və pilotsuz uçuş aparatlarını (PUA) effektiv şəkildə vurmağa qadirdir. “EurAsianTimes yazır” ki, “Akaş” “Bakı tərəfindən istifadə edilən silahlı PUA-larla mübarizə aparmaq üçün İrəvanın ehtiyaclarına ideal şəkildə uyğundur. Amma Ermənistan bununla kifayətlənmir. O, Hindistandan kamikadze dronlar, "hava-yer" və “yer-yer” raketləri almaqda da maraqlıdır. Ermənistana çatdırılmaların yaxın bir neçə ay ərzində başlanması gözlənilir. Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb. Bir çox ölkə, o cümlədən Braziliya, Misir və Filippin “Akaş” hava hücumundan müdafiə sisteminə maraq göstərir. Maraqlıdır, Hindistan tərəfindən Ermənistana verilən zenit-raket kompleksləri Azərbaycan üçün hansısa təhdid yaradırmı? Hindistan bu dəstəklə nəyə nail olmaq istəyir? Dehlinin Azərbaycandan umduğu nədir ki, erməniləri belə açıq dəstəkləyir? Bizim ölkələr arasında ciddi problem olmayıb axı...

Sahib Alıyev 
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Hindistanın Ermənistanla sıcaq əlaqələr qurmasının iki səbəbi var: “Birinci səbəb hindlilərin, farsların, qaraçıların və hayların eyni kökdən olmaları ilə bağlıdır, amma iki ölkə arasındakı əlaqələrdə bu, həlledici faktor sayılmır. Həlledici faktor Azərbaycan-Pakistan əlaqələridir. Azərbaycan Cammu və Kəşmir məsələlərində Pakistanın mövqeyini həmişə və birmənalı şəkildə dəstəkləyib. Bu isə Hindistanı, özəlliklə də indi orada hakimiyyətdə olan ultramillətçiləri qıcıqlandırır və onlar öz narazılıqlarını Ermənistanı dəstəkləməklə göstərirlər. Ermənistana silah-sursat satılması təbii ki, gəlir gətirməklə yanaşı, dünya silah bazarına hələ təzə qədəm qoyan Hindistana reklam baxımından da lazımdır. Fəqət mən belə düşünürəm ki, Ermənistanla əməkdaşlıq gələcəkdə Hindistan üçün əsl antireklama çevriləcək. Çünki Azərbaycanın əlində hindlilərin texnikalarını tənəkəyə çevirəcək bütün vasitələr var. Əgər Ermənistan bu cür silahlanmaqda davam edəcəksə, heç kimdə şübhə yoxdur ki, o da baş verəcək. Azərbaycan Prezidentinin Ermənistanda revanşizm baş qaldırdığı, bizim təhlükəsizliyimiz təhdid edildiyi halda hansı dərinlikdə yerləşməsindən asılı olmayaraq, həmin təhdid nöqtələrinin sıradan çıxarılacağı haqda xəbərdarlığı yəqin unudulmayıb”. Deputat mühüm bir məqama diqqət çəkdi: “Hindistandan yeni hərbi texnika almağı planlaşdıranlar Azərbaycan Hərbi Hava Qüvvələrində pilotsuz uçuş aparatları bölmələri ilə təlim-məşq uçuşlarının niyə keçirildiyini və bunun nə demək olduğunu yəqin bilməmiş deyillər. Onlar 44 günlük savaş zamanı "S-300" zenit-raket kompleksinin Ermənistan ərazisində necə məhv edildiyini yəqin xatırlayırlar”.
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov qeyd etdi ki, Azərbaycanın sülh proseslərini dərinləşdirmək istiqamətində addımlar atması və Ermənistanın da buna bəzi pozitiv reaksiyaları fonunda Ermənistan paralel olaraq qlobal informasiya müstəvisində və beynəlxalq hüquq vasitələrindən istifadə etməklə Azərbaycana qarşı hücumlarını genişləndirməkdədir: “Təəssüf doğuran odur ki, Ermənistan özünün dövlət büdcəsində silahlı qüvvələrə ayrılan vəsaitin həcmini artırmada davam edir. Bu gün Ermənistan mümkün hallarda silahları yardım şəklində əldə etməklə yanaşı, - Fransa silahlarının alınması üçün xərcin Avropa İttifaqının "Sülh Fondu" tərəfindən qarşılanması və sair - həmçinin müasir hücum silahları almaq üçün intensiv fəaliyyətlər aparmadadır. Onun əsas silah aldığı ölkələr içərisində dünyanın ən iri dövlətlərindən olan Hindistan xüsusi olaraq seçilməkdədir. Hindistandan alınan silahların müdafiə məqsədilə alınmasına dair Ermənistan rəsmilərinin açıqlamaları da həqiqətə uyğun deyil. Ermənistan Azərbaycanın regionun hava məkanındakı şəksiz üstünlüyünün qarşısını almaq üçün xüsusi komplekslər almaqla əslində uzaqgedən niyyətlərini gizlətmir. Əlbəttə, Ermənistan nə qədər silahlansa belə, Azərbaycan Ordusu qarşısında duruş gətirmək iqtidarında deyil. Bununla belə, bu silahlanma Ermənistanın revanş niyyətini ortaya qoyur. Əgər Ermənistan silahlanmaya deyil, sülh prosesinə doğru addımlar atsa və sülh müqaviləsi imzalansa, Azərbaycanla qarşılıqlı surətdə ərazi bütövlüyünun tanınması və hücum etməmək barədə razılığa gələcəklər. Bu halda intensiv silahlanma da mənasını itirəcək. Ermənistan isə sülh müqaviləsini ləngidir, digər tərəfdən isə yanaşı fəaliyyətlərini davam etdirir və siyasi riyakarlıq nümayiş etdirir". O ki qaldı rəsmi Dehlinin məqsədlərinə, S.Məmmədov hesab edir ki, Hindistan dünyanın supergüclərindən birinə çevrilməkdədir: “Hindistan əhali sayına görə lider dövlətdir. Texnoloji inkişaf sürətli dinamikaya malikdir. Bu baxımdan, əlbəttə, Azərbaycanın belə bir dövlətlə əməkdaşlığı arzuolunandır. Amma Azərbaycan öz müttəfiqlərinə münasibətdə ardıcıl və səmimidir. Biz Pakistanı bütün platformalarda birmənalı dəstəkləyirik və bu da Hindistanın xoşuna gəlmir. Eyni zamanda Hindistan silahlarını satır və gəlir əldə edir. Uduzan isə yenə Ermənistan olacaq. Rusiyadan ödənişsiz aldığı milyardlarla dəyəri olan silahlar indi haradadır? Bir hissəsi trofey kimi bizim silahlı qüvvələrin əlində, digər hissəsi qənimətlər parkında və metal qalığı kimi istifadə olunmadadır. Nəticə çıxarmayıblarsa, o zaman pullarını rifaha və inkişafa deyil, silaha və informasiya müharibəsinə sərf etməkdə davam etsinlər. "Dəmir yumruq" yerindədir. Bizim gündəlik başqadır. Qarabağa təhsil, idman və mədəniyyət tədbirləri ilə qayıdırıq. “Böyük qayıdış” yalnız deportasiya olunmuş əhalinin öz evlərinə qayıtması deyil, daha geniş prosesdir".
Üzeyir Cəfərov ordudan ehtiyata buraxıldı – “Hərbi ekspert kimi ...”
Üzeyir Cəfərov 
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə öncə xatırlatdı ki, Hindistan tərəfdən Ermənistanın silahlandırılmasının tarixçəsi son 3 ilin söhbətdir: “Ona görə də 44 günlük Zəfər savaşımızdan sonra öz ordusunun bir çox problemlərini həll etmək üçün Paşinyan komandası təcili addımlar atmağa başlayıb. İlk sırada olan paytaxtlardan biri də Dehli oldu. Ötən müddət ərzində Ermənistana bir sıra silah-sursatlar verilib. Hələ ötən ilin payızında Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistana səfəri çərçivəsində ölkənin müdafiə naziri ilə görüşmüşdü. Tərəflər ikitərəfli hərbi, hərbi-texniki əməkdaşlığa dair məsələləri müzakirə etmişdilər. İki ölkənin hərbi qurumları arasında imzalanan müqaviləyə görə, Hindistan qarşı tərəfə 214 mm-lik "Pinaka" reaktiv yaylım atəş sistemi, adı çəkilməyən tank əleyhinə raket kompleksi, müxtəlif sursat verməyə başlamışdı". Polkovnik onu da qeyd etdi ki, hələ 2020-ci ildə Hindistan Ermənistana 40 milyon dəyəri olan 4 “Swathi” kontrbatareya radarı tədarük etmişdi: “İndi də Hindistan yaxın bir neçə ay ərzində Ermənistana "Akaş" zenit-raket komplekslərini tədarük etməyə başlayacaq. Ermənistan bu hava hücumundan müdafiə sistemlərini Hindistandan 600 milyon dollara alıb. “Akaş” qısa mənzilli zenit-raket kompleksi Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı tərəfindən yaradılıb. Kompleksin ilk uğurlu sınaqları 2007-ci ilin dekabrında baş tutub. O vaxtdan bəri kompleksin bir neçə modifikasiyası yaradılıb". Məsələyə həssas yanaşmanı zəruri sayan Ü.Cəfərov hesab edir ki, bu silahlar bir müddət sonra bizim bədnam qonşularımız tərəfindən Azərbaycana qarşı təzyiq və ya təhdid kimi istifadə oluna bilər.
Beləliklə, ərazisində Avropa İttifaqının mülki missiyasını yerləşdirən və bu missiyanın sayının artmasına imkan yaradan Ermənistan hücum silahları almaqla məkrli niyyətini gizlətmir. Ermənistan fürsət düşən kimi Azərbaycana qarşı hansısa həmlələri həyata keçirmək, təxribatlar törətmək niyyətindədir, heç şübhəsiz. Aydın məsələdir, düşmən daha sarsıdıcı şəkildə cavabını alacaq. Amma o da istisna deyil ki, Ermənistanı revanşa həvəsləndirən bu bölgədə möhkəmlənmək istəyən Fransa və dostlarıdır, həmçinin Hindistan. Amma sonda uduzan Ermənistan olacaq!


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ