Aşağı miqdarda narkotikə görə cəza yumşaldılır - hansı nəticəni gözləyək...
Tarix: 23-11-2023, 09:08
Baxılıb: 165
Google+ Paylaş
Tumblr Paylaş

Aşağı miqdarda narkotikə görə cəza yumşaldılır - hansı nəticəni gözləyək...

23-11-2023, 09:08

Mahmud Hacıyev: “Əks-effekt verməyəcək, amma neqativ hallar arta bilər, ona görə...”

Narkotiklərin xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verəcək. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdiriləcək. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunacaq. Narkotik vasitələrin, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır.
Qeyd edək ki, qüvvədə olan qanuna görə, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qeyd edək ki, narkotiklərin aşağı miqdarı ilə bağlı uzun müddətdir müzakirə gedirdi. Bir qisim isə hesab edir ki, qaydaların yumşadılması əks-effekt verə bilər, bundan sui-istifadə halları arta bilər. Ekspertlər məsələyə necə yanaşır? Dünya təcrübəsi necədir?
GÖMRÜK KOMİTƏSİNİ SAXLAMAĞA EHTİYAC YOXDUR”- Mahmud Hacıyev
 Mahmud Hacıyev 
Sabiq polis rəisi, hüquqşünas Mahmud Hacıyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, neçə illər ərazində istər dünya miqyasında, istərsə MDB məkanında, istərsə də Azərbaycanda narkotiklə əlaqədar qanunlara çox dəyişikliklər, əlavələr edilib: “Bunların da heç biri effekt vermir. Bu elə bir bəladır ki, kimsə desə də belə bir qanun qəbul ediləcək, bu bəlanın birdəfəlik kökü kəsiləcək, miqdarı minimuma endiriləcək, bu mümkün deyil. Bunlar, sadəcə, cəfəngiyyatdır. Bu dünya miqyasında mümkün deyil, günü-gündən də inkişaf edir. Yaxşı olar ki, dünya üzrə bütün mühafizə orqanları yaxşı işləsinlər, bu minimuma düşsün. Mən neçə il bundan əvvəl də demişdim ki, narkotiklə, əməliyyat işləri ilə əlaqədar qanuna əlavələr ediləndə yaxşı olar ki, orada təcrübəsi olan praktiki işçilərin də fikirlərini öyrənsinlər. Məsələnin nəzəri hissəsini bilmək ayrı, təcrübə bir başqadır. Milli Məclisdə oturanların heç biri nə əməliyyat, nə istintaq, nə də narkotiklərə qarşı mübarizə üzrə xidmətində işləməyiblər. Yəni təcrübədə elə incə məsələlər var ki, onu onlar bilmir. Ona görə çox vaxt çaşqınlıq yaranır ki, bu qəbul edilsə, birdən əks-effekt verər. Əks-effekt verməməsi üçün bu sahədə təcrübəsi olan adamlar cəlb edilməlidir. Oturublar orada, dünya praktikasını öyrənirlər, İsveçrədə belədir, Latın Amerikasında elədir, bizdə də bu cür edək. Bu doğru deyil, məsələyə kompleks yanaşmaq lazımdır. Burada həm nəzəriyyədən, həm də təcrübədən yararlanmaq lazımdır. Həm sosioloqlardan, həm psixiatrlardan, həm hüquqşünaslardan rəy öyrənmək lazımdır. Düzdür, qanuna edilən əlavələr əks-effekt verməyəcək, amma neqativ hallar arta bilər. Niyə? Misal üçün, orada miqdar məsələsi var, bu sovet dövründə də var idi. O zaman sərhədlər bağlı idi, onda kokaindən, geroindən, psixotrop maddələrdən, tiryəkdən söhbət gedə bilməzdi. Ancaq otun tərkibində narkotik olurdu, onu papirusda çəkirdilər. Hərdənbir, çox nadir hallarda tiryəklə bağlı olurdu, onda da az qala aləm bir-birinə dəyirdi ki, filan yerdə tiryək tapılıb. Orada da miqdar məsələsi var idi, misal üçün, otla qəbul olunan narkotiklərdə müəyyən miqdar məsələsi qoyulmuşdu. Həmin miqdardan aşağı olanda cinayət tərkibi yaratmırdı. Onda heç İnzibati Xətalar Məcəlləsi də yox idi, sonradan yarandı. İndi həmin miqdar məsələsidir, psixotrop maddə var ki, həddən artıq güclü təsir edir”.
Ekspert əlavə edib ki, eləcə də psixotrop maddələr beyini iflic edir və insanın hərəkətini tənzimləməyə imkan vermir: “O cür yüksək dərəcədə təsir edən narkotiklərdə miqdar nəzərə alınmasa daha yaxşı olar. Elə ucdantutma hamını həbsə atmaq, məgər bu işin həllidir? Qətiyyən deyil. Miqdar məsələsinə baxmaq olar, həddən artıq aşağı miqdarda olanda İnzibati Xətalar Məcəlləsini tətbiq etmək olar. Miqdardan bir az yüksək olanda cinayət qanunvericiliyini tətbiq etmək olar. Həmişə miqdarla bağlı anlaşılmazlıq olur. Reallıq var da. Kimdirsə, birinci, ikinci səfər iş üstündə yaxalanır, qohum-əqrəba, dost-tanış əl-ayağa düşür. "Miqdardan beş-altı qram çoxdur da, nə edək bir az aşağı olsun" deyib, “müsbət” həllini tapırlar. Neqativ hallar bax bunlardır. İndi burada 5 qram əskik yazsaq, bu inzibati, 7 qram çox olsa, cinayət qanunvericiliyinə düşür. Həmin nüanslar keçmişdə olub, yenə olacaq. Bunları aradan qaldırmaq mümkün deyil. Mərkəzi Avropa ölkələrində belədir deyə biz özümüzü onlara calaya bilmərik ki. Hər yerin özünəməxsus, müəyyən xarakterik xüsusiyyətləri var. Mərkəzi Avropada otla qəbul olunan narkotik maddələrə cinayət işi başlamırlar. Heç inzibati qanunvericilik də tətbiq etmirlər. Bunlardan ötrü xüsusi yerlər ayrılıb".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ