Yüz ilin fəlakəti: Azərbaycan yaralıları qəbul etməyə hazırdır
Tarix: 10-02-2023, 09:17
Baxılıb: 256
Google+ Paylaş
Tumblr Paylaş

Yüz ilin fəlakəti: Azərbaycan yaralıları qəbul etməyə hazırdır

10-02-2023, 09:17

Türkiyədə zəlzələdən ölənlərin sayı artıq 15 minə çatır

Qardaş ölkə Türkiyədən hər gün daha çox acı xəbərlər alırıq. Fevralın 6-da baş verən dəhşətli zəlzələ  canlar almaqda davam edir. Son məlumatlara əsasən, zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb. 63 794 nəfər isə yaralanıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, Türkiyənin Kilis vilayətində artıq axtarış-xilasetmə işləri başa çatıb. Bildirilib ki, qruplar axtarış-xilasetmə işlərinin davam etdiyi digər ərazilərə göndərilib.
Qeyd edək ki, Azərbaycan Türkiyəyə yardım edən ilk ölkədir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Fevralın 7-də də zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb.
Azərbaycanda zəlzələdən dərhal sonra qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Mediaya açıqlamasında Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Cengiz Aygor deyib ki, Zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 35 TIR göndərilib: “Artıq dördüncü gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir. Toplanan yardımlar könüllülər tərəfindən çeşidləndikdən sonra TIR-lara yüklənir və qardaş ölkəyə yola salınır. İndiyə kimi 35 TIR qardaş ölkəyə salınıb. Bu gün daha 10-15 TIR-ın yola salınması nəzərdə tutulur”.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. O, qardaş ölkənin ən çətin vaxtlarında yanında olduğunu bir daha vurğulayıb: “Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlər arası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir. Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar. Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq. Paralel olaraq, böyük bir qrup könüllü artıq yola düşür”.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev də deyib ki, artıq Azərbaycan tibb müəssisələrində Türkiyədəki zəlzələdə zərərçəkənlər üçün 2 min çarpayı ayrılıb. Səhiyyə naziri bildirib ki, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib: “Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”.
Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"
Azər Badamov 
Milli Məclisin deputatı Azər Badamov Türkiyədə zəlzələdən zərərçəkənlərə Azərbaycan tərəfindən göndərilən yardımlardan danışıb. O bildirib ki, dövlət səviyyəsində göstərilən yardımlarla yanaşı, sıravi vətəndaşlarımızın da yardım kampaniyası başlatması Azərbaycan-Türkiyə münasibətlərinin dünya üçün qardaşlıq nümunəsi olduğunu göstərir: “Türkiyə bu gün böyük faciə ilə üzləşib. Zəlzələ nəticəsində 10 vilayətdə dağıntılar baş verib, şəhərlər yerlə-yeksan olub. Nəticədə xeyli sayda insan evsiz qalıb. Soyuqda qalan insanlar əziyyət çəkirlər. Bu çətin vəziyyətdə Azərbaycan Türkiyəyə ilk yardım göndərən ölkə oldu. Bununla yanaşı, xalqımız da yardım kompaniyasına qoşulub. İnsanlar müəyyən olunmuş yardım yığılma yerlərinə gələrək əllərindən gələn köməkliyi etməyə çalışırlar. Biz bu gün Türkiyənin yaşadığı çətin günü öz çətin günümüz kimi qəbul edirik. Azərbaycan olaraq Türkiyənin bu çətin vəziyyətdən çıxması üçün əlimizdən gələni edirik. Dövlətimiz və xalqımız səfərbər olunaraq qardaş ölkəyə öz dəstəyini göstərir”.
Qeyd edək ki, ötən gün Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalı da qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyətə başlayıb. Bunu jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhtçisi Turqay Abbaslı deyib. O bildirib ki, Azərbaycan xilasediciləri hazırda qardaş ölkənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir:"Fövqəladə Hallar Nazirliyi tərəfindən 725 nəfər şəxsi heyət əraziyə cəlb edilib. Onlardan 41-i tibbi personaldır. Artıq bir neçə gündür Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları həyata keçirirlər. İndiyədək 8-i uşaq olmaqla 37 nəfər sağ, 147 nəfər meyit dağıntılar altından çıxarılıb. Azərbaycandan çoxlu sayda humanitar yardım, çadırlar, dərman preparatları qardaş ölkə Türkiyəyə gətirilib. Mobil səhra hospitalı Kahramanmaraşda qurulub və fəaliyyətə başlayıb".
En fazla kaç büyüklüğünde deprem meydana gelebilir?
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb. O, hava limanında azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib ki, Bakıda və Azərbaycanın digər bölgələrində Türkiyədə zəlzələdən zərərçəkənlər üçün toplanan yardımların hamısından xəbəri var: “İlham qardaşıma, Mehriban xanıma öz adımdan, millətim adından çox-çox təşəkkür edirəm. Biz Qarabağda azərbaycanlı qardaşlarımızla necə bərabər idiksə, azərbaycanlı bacı-qardaşlarımız da bu çətin günümüzdə bizimlə bərabərdir. Onlar bizi bu çətin günümüzdə tək qoymadılar. Ailəm adından, bütün millətim adından Azərbaycan dövlətinə, xalqına minnətdarlıqlarımızı bildiririk. Biz bu gün də bərabərik, ölənə qədər də bərabər olacağıq, İnşallah. Bizim şüarımız ”Bir millət, iki dövlət"dir. Elə bu şüarla da yorulmadan yolumuza davam edəcəyik", - Ərdoğan qeyd edib.
Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə yardım göndərib. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvlərinin qardaş ölkədə zərərçəkənlərə yardım etmələri üçün müvafiq hərbi hissələrdə toplama məntəqələri yaradılıb. Hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən könüllü şəkildə gətirilən geyimlər və ərzaq məhsulları təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.
Yada salaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ