General Volkovun separatçılarla müzakirəsi - yataqlarda qanunsuz istismar dayandırılıb
Tarix: 30-12-2022, 09:44
Baxılıb: 439
Google+ Paylaş
Tumblr Paylaş

General Volkovun separatçılarla müzakirəsi - yataqlarda qanunsuz istismar dayandırılıb

30-12-2022, 09:44

Azərbaycanın nümayəndə heyəti əraziyə buraxılmayanadək Laçın yolundakı aksiya davam edəcək

Dekabrın 28-də günün ikinci yarısında Ermənistanın teleqram  kanalları Rusiya sülhməramlı qüvvələrinin komandanı general Andrey Volkovun Xankəndinə gəldiyini bildiriblər. Volkov “hökumət” binasında separatçıların liderləri ilə danışıqlar aparıb. Qeyd edək ki, Volkov “prezident” Arayik Arutyunyanın yox, “dövlət naziri” Ruben Vardanyanın yanına gedib.
“Turan” yazır ki, danışıqların məzmunu barədə ancaq mülahizə yürütmək olar. İstisna deyil ki, Volkov Moskvadan və ya Bakıdan hansısa təklifləri çatdırıb. “Çox güman ki, Volkov Vardanyanı inandırmağa çalışacaq ki, Laçın yolunda Azərbaycanın nəzarəti ilə yeni rejim olacaq”.
Eyni gündə məlum olub ki, Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının ermənilər tərəfindən qanunsuz istismarı dayandırılır. Qeyd olunur ki, şirkət rəhbərliyi ilə birlikdə ekspertiza başa çatana qədər işlədilən mədənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilib.  “Artsax hökuməti” adlı oyuncaq qurum daha da uzağa gedərək, yoxlamaların tez bir zamanda təşkili üçün BMT-nin müvafiq strukturlarına və digər beynəlxalq peşəkar təşkilatlara müraciət edib.
Göründüyü kimi, azərbaycanlı ekofəalların etirazları özünün ilkin nəticələrini verməkdədir. Musavat.com-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Azərbaycanın nümayəndə heyəti əraziyə buraxılmayana, orada mütəxəssislərimiz tərəfindən lazımi araşdırmaların aparılmasına şərait yaradılmayana qədər Laçın yolundakı aksiyamız davam edəcək. Hələ ki Azərbaycanın nümayəndələri üçün bütün danışıqlara rəğmən belə bir şərait yaradılmayıb.
Qeyd edək ki, 2002-ci ildən Qarabağda qanunsuz istismarla məşğul olan şirkət Avstraliyanın “International Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Mədənlərimizi illərdir qanunsuz şəkildə istismar edən, sərvətlərimizi talayanlar çıxılmaz vəziyyətdə qalıb fəaliyyətə ara verdiklərini açıqlasalar da, “üzrü günahından betər” davranış sərgiləyiblər, BMT və digər beynəlxalq qurumlara müraciət etməklə növbəti dəfə heysiyyatımıza toxunublar. Bütün bunlardan sonra Bakının hansı addım atacağı və ya hansı qərarlar verməli olduğu sualları ortaya çıxır. Ekspertlərimiz mövcud durumu necə dəyərləndirir və nələri proqnozlaşdırır?
Ceyhun Məmmədov: Virusla mübarizədə vətəndaşlarımızın üzərinə ciddi vəzifə  və böyük məsuliyyət düşür
Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bununla bağlı fikirlərini bölüşdü: “Proseslərin təhlili göstərir ki, azərbaycanlı ekofəalların və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin Laçın-Xankəndi yolunda aksiyası öz effektini verdi və ermənilər Azərbaycan ərazilərində qızıl yataqlarının qeyri-qanuni istismarına son qoydular. Düzdür, onlar beynəlxalq qurumlara müraciət edərək ekspertiza təşkil etmək planlarının olduğunu bildiriblər. Amma əsas odur ki, qeyri-qanuni istismar dayandırılır”. Ermənistanın beynəlxalq qurumlara müraciətinə gəldikdə, C.Məmmədov qeyd etdi ki, bunun heç biri hüquqi əsası yoxdur: “Bu ərazilər Azərbaycan əraziləridir. Azərbaycanın dövlət qurumlarının həmin ərazilərə baxış keçirməsinə şərait yaradılmalıdır. Ermənilər anlamalıdılar ki, Azərbaycan prosesin sonuna kimi gedəcək və onların bir çıxış yolu var, o da Azərbaycanla əməkdaşlıq etmək, onun irəli sürdüyü şərtləri qəbul etmək”.
Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”
Akif Nağı 
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Laçın-Xankəndi yolunda aksiyaların başlanması düzgün addım idi və əsas hədəfə çatanadək davam etdirilməlidir: “Əsas hədəf dedikdə sülhməramlı deyilənlərin müvəqqəti yerləşdiyi ərazilərimizdə Azərbaycan hakimiyyətinin tam bərpa olunmasını nəzərdə tuturuq. Bu ərazilərdə Azərbaycan tam sərbəst hərəkət hüququna, o cümlədən monitorinq, yoxlamalar hüququna malikdir. Ermənilər bunu başa düşüb, qəbul edənə qədər aksiya və digər təsir metodlarımız davam etdirilməlidir”. A.Nağı hesab edir ki, general Volkovun quldur dəstəsinin rəhbərləri ilə görüşüb-görüşməməsinin elə bir əhəmiyyəti yoxdur: “Görüşüb, nəyi isə həll etməyə də imkanları yoxdur, ancaq nəsə söz verib, başlarını aldada bilərlər. Azərbaycan tərəfdən olan aksiya iştirakçıları ilə isə sadəcə, görüşməkdən çəkinirlər. Çünki haqlı tələblərin qarşısında deməyi sözləri yoxdur”. Partiya sədri hesab edir ki, Avstraliya şirkətinin fəaliyyətinin dayandırılmasına dair məlumat da inandırıcı deyil: “Biz hər şeyə özümüz nəzarət etməliyik, hansısa terrorçu dəstə başçısının fikirləri önəmli deyil. Bu gerizəkalı erməni xadimlər hələ də başa düşmürlər ki, oralar bizim ərazimizdir, BMT və ya başqa birisini oraya biz dəvət edə bilərik”. A.Nağı qeyd etdi ki, ekofəalların aksiyası çox vacib bir məqamı da ortaya gətirdi: “Yol tam şəkildə açıqdır, amma ermənilər o yolla hərəkət etmək istəmirlər. Çünki istənilən maşın yoxlanıla, ya da istənilən ermənidən pasport tələb oluna bilər. Deməli, onlar yükləri, pasportlarını göstərmək istəmirlər. Çünki daşıdıqları Ermənistan pasportudur, yükləri isə xurma, ya pomidor deyil. Bu hal Laçın dəhlizində Azərbaycanın yoxlama-buraxılış postunun qurulmasını vacib edir. Aydın olur ki, "sülhməramlılar" onların pasportunun mənşəyi, həmçinin daşıdıqları silah-sursatla maraqlanmır, onlar da arxayıncasına işlərini görürlər. Azərbaycan məsələnin bu tərəfini də Rusiya rəhbərliyinin diqqətinə çatdırmalı və dəhliz boyunca postlarını yerləşdirməlidir".
Məhəmməd Əsədullazadə: “Azərbaycan Vaşinqtonla diplomatik təması...”
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə isə bu fikirdədir ki, Qarabağda erməni terrorçu qrupun Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz istismar etməsinə qarşı ekofəlların etirazı və bunun nəticəsində humanitar missiyalar istisna olmaqla, yolun şübhəli yüklər üçün bağlanması bizim hüququmuzdur: “İlk əvvəl yataqların istismarı dayanıbsa, bu, daşımalar dayandığı üçün edilib. Çünki qanunsuz daşımalara görə yol bağlıdır. BMT və digər təşkilatlara müraciət isə, absurddur. Ora Azərbaycan əraziləridir və rəsmi Bakı bunu edə bilər. İlk növbədə mədən ərazilərdə Azərbaycan mütəxəssislərin monitorinqi aparılmalı və Azərbaycanın icazəsi olmadan işlər aparılmamalıdır. Şirkət işini dayandırıb, amma bilməlidir ki, bir daha bu işi davam etdirmək olmaz! Bu yolda Azərbaycanın ekoloji postu olmalıdır və qanunsuz daşımalara son verilməlidir. Çünki Laçın yolunda bizim nəzarətimiz olmasa, bu yoldan Azərbaycanın əleyhinə fəaliyyət davam edəcək. Yəni silah-sursat daşınacaq və eyni hal təkrar olunacaq”. M.Əsədulla hesab edir ki, son açıqlamaya rəğmən, Azərbaycan ekofəallarının etirazı davam edəcək: “Nə vaxt bizim bu yolda nəzarətimiz olacaqsa, onda etiraz dayandırıla bilər. MDB dövlət başçılarının zirvə görüşündə bu məsələ qaldırılıb və Rusiya ilə Ermənistan razılığa gəlməyib. Belə olan təqdirdə aksiya davam edəcək və sonda bu yolda Azərbaycanın tam nəzarəti bərpa ediləcək”.
Rəsmi İrəvan isə gərginliyi tətikləyən növbəti addım atıb. Əvvəlcə yayılan xəbərlərdə Ermənistan Nazirlər Kabinetinin “Dağlıq Qarabağ”a daha 1 milyon dollar yardım ayıracağı barədə məlumat yayılsa da, sonradan bu vəsaitin 10 milyon olduğu açıqlandı. Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə baş nazir Nikol Paşinyan açıqlama verib. Hökumət başçısı deyib ki, bu il “Dağlıq Qarabağ” Ermənistan büdcəsindən görünməmiş yardım alıb - 410 milyon dollar.  Nazirlər Kabinetinin növbəti qərarı ilə artıq illik ayırmaların məbləği 421 milyon dollara çatacaq.
Ermənistan Qarabağ separatçılarına qanunsuz maliyyə ayırmaları ilə sülh danışıqlarına zərbə vurur, eyni zamanda üçtərəfli öhdəliklərə əməl etmək niyyətində olmadığını növbəti dəfə nümayiş etdirir. Belə olan təqdirdə Azərbaycanın sərt tədbirə əl atacağı şübhə doğurmur. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ