Bu, Azərbaycan diasporunun hədəfidir - Fərəh Əliyeva
Tarix: 22-04-2022, 15:57
Baxılıb: 319
Google+ Paylaş
Tumblr Paylaş

Bu, Azərbaycan diasporunun hədəfidir - Fərəh Əliyeva

22-04-2022, 15:57

Azərbaycan diasporunun bugünkü fəaliyyətini cənab Prezident çox yüksək qiymətləndirdi. Vətən anlayışı, millətin taleyi anlayışı ortaya gələndə bizim diasporumuz dəmir yumruq kimi birləşə bilir və onların yumşaq gücü çox qüvvətlidir. 
Publika.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının panel iclasında çıxışı zamanı deyib.  
O, yeni nəsil diaspor nümayəndələrinin yetişdirilməsi məsələsinə diqqət çəkib: "10-15 ildən sonra Azərbaycan diasporunun fəaliyyəti necə olacaq? Siz sonrakı diaspor nəslini böyüdəcək insanlarsınız. Bu haqda Prezident İlham Əliyev bütün çıxışlarında bildirdi. Yaşadığı ölkədən, danışdığı dildən, olduğu mühitdən asılı olmayaraq bir neçə xüsusiyyətlər var ki, onlar dəyişmir. Ana dilimiz, tariximiz, vətənimiz, milli-mənəvi dəyərlərimiz hər zaman dəyişməz olaraq qalır. Siz real olaraq həyatınızın müəyyən dövründə Azərbaycanda yaşamısınız, bura sizin beyninizdədir, ürəyinizdədir. Ancaq Avropada fiziki olaraq Azərbaycanı görməyən, ancaq azərbaycanlı olan bir nəsil yetişir. Onları nə birləşdirəcək? Strateji hədəflər var ki, onlar heç zaman dəyişmir. Amma onların böyüdüyü mühit, aldıqları təhsil fərqlidir. Lakin azərbaycanlı olduqlarını heç zaman unutmasınlar. Bizi düşündürən də budur və hazırkı diaspordan sonra gələn nəslin necə olacağı əhəmiyyətli məsələdir. İstəyirəm ki, onlar da sizin kimi, Qarabağın cəfasını çəkən qədər güclü bir nəsil olsunlar. Bu kontekstdə yol xəritəsi olmalıdır".  
Fərəh Əliyeva qeyd edib ki, diasporumuzun akademik səviyyəsinin dərinləşdirilməsi bu gün aktual məsələdir: "Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin məqalələrindən birində çox maraqlı detal oxumuşdum. Qeyd edirdi ki, avropalıların mədəsində həzm olmaq istəmirsinizsə, onların beyinlərinin məhsullarını həzm edin. Yeni nəsil diasporumuz artıq mədədə həzm olunmayacaq, ancaq onlar özləri beyin məhsullarının yaradıcıları olmalıdırlar. Bu həm də Azərbaycan diasporunun hədəfidir. Davamlı işi yeni nəsil həyata keçirə bilər. Onlar artıq həmin ölkələrin bərabərhüquqlu vətəndaşları kimi işləməlidirlər. Akademik səviyyə o qədər dərin, nüfuz sahibi olmalıdır ki, onların sözü keçərli olsun, onları eşidən olsun. Bu sahədə indiki diasporun üzərinə məsuliyyət düşür ki, o cür istedadlı gəncləri yetişdirmək lazımdır".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ