Türkiyə dünyanın əsas söz sahiblərindən birinə çevrilib - qardaş ölkənin artan nüfuzu Azərbaycanı da məmnun edir
Tarix: 11-03-2022, 16:30
Baxılıb: 242
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə dünyanın əsas söz sahiblərindən birinə çevrilib - qardaş ölkənin artan nüfuzu Azərbaycanı da məmnun edir

11-03-2022, 16:30

Arzu Nağıyev: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiya ilə də əlaqələri normal olan dövlət kimi Türkiyəyə etimad böyükdür”
İlyas Hüseynov: “Müdafiə sənayesi sahəsində Türkiyəyə qarşı bütün ədalətsiz sanksiyaların qaldırılması artıq zərurətə çevrilib”
 Rusiya-Ukrayna müharibəsi dönəmində qardaş Türkiyənin önəmli söz sahibi olması faktı bir daha təsdiqini tapdı. Qarşı duran dövlətlərin baş diplomatlarının Türkiyədə ilk dəfə bir araya gətirilməsinin ardınca, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə Rusiya-Ukrayna müharibəsini müzakirə etdi ki, bu da dünyanın diqqətini çəkdi.
Rəsmi məlumata görə, tərəflər arasındakı telefon danışığı martın 10-da baş tutub və 45 dəqiqə davam edib. Ərdoğan Baydenlə telefon danışığında Antaliyada baş tutan Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin toplantısının təşkil olunmasının diplomatik zəfər olduğunu bildirib. Türkiyənin ABŞ-dan 40 yeni təyyarə alması və mövcud F-16-ların modernləşdirilməsini əhatə edən tələbinin ən qısa zamanda yekunlaşmasını gözlədiyini ifadə edən Ərdoğan müdafiə sənayesi sahəsində Türkiyəyə qarşı bütün ədalətsiz sanksiyaların qaldırılma zamanının çoxdan gəldiyini qeyd edib. AĞ Ev sözcüsü Cen Psaki isə Ərdoğan və Bayden arasındakı telefon danışığına münasibət bildirərək iki liderin məhsuldar görüş keçirdiyini qeyd edib. Psaki həmçinin bildirib ki, Bayden Türkiyənin bügünki diplomatik addımından çox məmnun qaldığını dilə gətirib. Qeyd edək ki, Rusiya və Ukrayna arasında davam edən müharibənin dayandırılması və barışıq əldə olunması üçün cəhdlərini davam etdirən Türkiyə bu gün Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dmitro Kulebanın Antaliyadakı görüşündə əsas hədəfinə nail ola bilməsə də, istənilən halda qanlı müharibənin dayandırılması istiqamətində atılan təşəbbüs yüksək qiymətləndirilir. Elə ABŞ prezidentinin Türkiyə lideri ilə ayrıca məsləhətləşmələri də sıradan məsələ deyil. Eyni gündə cənab Ərdoğan İsrail lideri və Azərbaycan Prezidenti ilə də görüşmüşdü. Türkiyə dünyanın əsas söz sahiblərindən birinə çevrilib. Qardaş ölkənin artan nüfuzu Azərbaycanı da məmnun edir və bizim də gücümüzə güc qatır.
1580968965_99af9b2f38c9ab281e795ced8f671265.jpg (83 KB)
Deputat Arzu Nağıyev Musavat.com-a açıqlamasında qardaş ölkənin nüfuzunun günbəgün artmasını məmnunluqla qeyd etdi: “ABŞ və Türkiyə arasında Rusiya-Ukrayna müharibəsinin müzakirə edilməsi o deməkdir ki, NATO üzvü olan, eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiya ilə də əlaqələri normal olan dövlət kimi Türkiyəyə etimad böyükdür. Bundan başqa, Rusiyaya tətbiq olunan sanksiyalar şəraitində də Azərbaycan, Gürcüstan və Türkiyədən keçib Avropa dövlətlərinə uzanan TANAP və TAP qaz kəməri kimi böyük bir meqa layihə diqqət mərkəzindədir. Təbii ki, Antalyada baş tutan Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etmək də çox mühüm məsələdir və dövlətlərin inamı deməkdir. Zənnimcə, İsrail-Türkiyə münasibətlərində yeni bir mərhələlnin yaranması ABŞ-la da Türkiyə arasında bir sıra razılıqlar deməkdir. Çünki əsas problemlər Türkiyə-Fələstin, İran, Suriya və sair idi. Lakin İsraillə yaxınlaşma artıq Türkiyənin bir vasitəçi dövlətə çevrilməsi də deməkdir”. A.Nağıyevin qənaətincə, ona görə təyyarələrin alınması və sanksiyaların aradan qaldırılması da yenidən gündəmdədir: “ABŞ başa düşür ki, bu gün ən mühüm tərəfdaş dövlətlərdən biri məhz Türkiyədir və onun diplomatik səyləri regionda və dünyada sülhün bərqərər olmasına yönəlib. Baxmayaraq ki, bir sıra dövlətlərlə fikirayrılığı var, lakin Türkiyə heç bir dövlətin ərazi bütövlüyünü, təhlükəsizliyinü təhdid etmir və buna görə də münaqişə tərəfləri də Türkiyəni qəbul edir, onun ərazisində keçirilən tədbirləri ,görüşləri daima dəstəkləyir”.
656.jpg (71 KB)
Politoloq İlyas Hüseynov bildirdi ki, son dövrlər cərəyan edən hadisələr fonunda qardaş Türkiyənin, eləcə də Azərbaycanın beynəlxalq rolu getdikcə yüksəlməkdədir: “Antalya Diplomatik Forumu ilə parallel olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə Rusiya-Ukrayna müharibəsini müzakirə etməsi də dediklərimizi təsdiq edir. Nəzərə almaq lazımdır ki, 45 dəqiqə telefon danışığı bu cür təmaslar üçün çox şeydən xəbər verir. Amerika Birləşmiş Ştatları Türkiyənin regional aktor kimi nüfuzunu qəbul edir, onunla hesablaşır və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın sülh quruculuğu prosesini dəstəkləyir. Buna görə də ABŞ Türkiyəyə yönəlik xarici siyasətində də bəzi korrektələr etməlidir. Çünki Antaliyada baş tutan Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirlərinin toplantısının təşkil olunması şübhəsiz ki, bütün dünya tərəfindən diplomatik zəfər kimi dəyərləndirilir. Müdafiə sənayesi sahəsində Türkiyəyə qarşı bütün ədalətsiz sanksiyaların qaldırılması artıq zərurətə çevrilmişdir. Mövcud F-16-ın təkmilləşdirilməsi və döyüş potensialının artırılması da günümüz trendlərinə uyğun şəkildə təşkil olunmalıdır. Dünya nəhəngi ABŞ-ın hazırki prezidenti Bayden də Türkiyənin bügünki diplomatik addımlarını diqqətlə izləməklə yanaşı, təqdir edir. Bununla da Türkiyənin NATO alyansında əli daha da güclənmiş olur. Rusiya XİN başçısı Sergey Lavrov və Ukrayna XİN başçısı Dmitro Kulebanın Antaliyada görüşündən böyük gözləntilər olsa da, Rusiyanın ambisiyaları və geniş tələblər səbəbindən konsensus əldə olunmadı. Lakin mövcud formatın davam etdirilməsi sülhün bərqərar olunması ehtimallarını gücləndirir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ