NATO 22 ildə 13 ölkəni Rusiyadan qoparıb - perspektivdə nələr var?
Tarix: 13-01-2022, 09:49
Baxılıb: 341
Google+ Paylaş
Tumblr Paylaş

NATO 22 ildə 13 ölkəni Rusiyadan qoparıb - perspektivdə nələr var?

13-01-2022, 09:49

Ekspert: “Kreml artıq çox narahatdır, ölkələrin daxili işlərinə qarışmaqla, ölkələri bir-birinə qarşı qoymaqla onları seçim qarşısında qoymaq siyasəti yürüdülür və yürüdüləcək”

Son 25-30 ildə Rusiya NATO-nun Şərqə doğru genişlənməsinə qarşı mübarizə apardığını, NATO isə şərqə doğru irəlilədiyini deyir. Bəs gerçəklik nədən ibarətdir? NATO gerçəkdən irəliləyib, Rusiyanın sərhədlərinə çatıbmı? Ukrayna ilə bağlı ABŞ prezidentinin mövqeyi məlumdur. 2-3 ay öncə Ukrayna prezidenti Vladimir Zelenski Co Baydenlə görüşdə demişdi ki, bizi NATO-ya qəbul edin. Bayden isə ona bildirmişdi ki, Ukrayna hələlik NATO üzvü olmağa hazır deyil.
ABŞ prezidenti bunun səbəbləri arasında Ukraynada korrupsiyanın olduğunu, başqa çatışmazlıqların mövcudluğunu sadalamışdı. O zaman Kreml niyə bu qədər həyəcanlanır? “NATO üstümə gəlir” deyib, niyə hay-küy salır? Bu NATO genişlənməsi söhbəti bəhanədirmi? Eynilə vaxtilə SSRİ ilə ABŞ arasında nüvə silahları məsələsi bəhanə olan kimi, indi də bu mövzunu ortaya atıb, nə etmək istəyir bu iki nəhəng dövlət? Son 25 ildə vaxtilə Rusiyanın təsir zonası olan ölkələrdən, o cümlədən Şərqi Avropa ölkələrindən hansılar NATO-yaa üzv qəbul ediliblər?
Politoloq İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, NATO ilə Rusiya arasında gedən konfrantasiya bu gün dünya siyasətinin əsas gündəliyindədir. NATO-nun şərqə doğru genişlənməsi Rusiyanı açıq şəkildə narahat edir. Son dövrlər xüsusilə Qara dəniz hövzəsində baş verən geosiyasi proseslər, Ukraynanın Şimali Atlantika blokuna qəbul olunmaq üçün irəli sürdüyü iddia Rusiyanı da kontraddımlar atmağa sövq edir. Rusiyanın sərhədlərinə doğru NATO-nun irəliləməsi Moskva tərəfindən “qırmızı xətt”in keçilməsi kimi dəyərləndirilir: “Rusiya üçün ən narahatverici məqam Ukraynanın NATO-ya daxil olması istiqamətində addımlardır. Lakin nəzərə almaq lazımdır ki, həm Krımın ilhaqı, eləcə də Ukraynanın cənub-şərqində fəaliyyət göstərən separatçı qurumlar faktoru var. Ukraynanın ərazi bütövlüyünün təmin olunması onun NATO-ya qəbulunu çətinləşdirir. Zelenski ilə Bayden arasında bir müddət əvvəl keçirilən görüşdə də Ukrayna prezidenti amerikalı həmkarından bu vəziyyətdə olsa belə, NATO-ya qəbul olunmasına dəstək verilməsini xahiş eləmişdi. Bayden isə Ukraynanın qarşısında korrupsiya əngəlinin olduğunu bildirmiş və belə vəziyyətdə Ukraynanın qəbulunun mümkün olmadığını demişdi. Ancaq belə görünür ki, Kreml Baydenin bu cavabından sonra da rahatlanmayıb, narahatlığı qalır. Rusiya və NATO arasında bu gün yaşanan ziddiyyətlər İkinci Dünya müharibəsindən sonrakı “soyuq müharibə” dövründəki vəziyyəti xatırladır. Tərəflər arasında müxtəlif regionlar uğrunda mübarizə gedir və mübarizə tədricən gərginləşir. Rusiya özünün məsuliyyət zonası elan etdiyi ərazilərə Qərbin soxulduğunu iddia edərək bir sıra addımlar atır. Həm Mərkəzi Asiyada, Şərqi Avropada maraqların toqquşmasının şahidi oluruq”.
Politoloq Bakı Bəyyanaməsinin önəmini şərh edir - 29.07.2021, Sputnik  Azərbaycan
 İlyas Hüseynov
Politoloqun sözlərinə görə, eyni zamanda həm də Rusiyanın irəli sürdüyü əsas tezis bundan ibarətdir ki, 1997-ci ilin mayında NATO ilə Rusiya arasında təsis aktı imzalanıb və burada tərəflər bir-birini düşmən hesab etmədiklərini və yalnız məsləhətləşmə, koordinasiya, birgə fəaliyyət mexanizmi yaratdıqlarını təsdiq ediblər. Rusiyanın bu gün NATO-dan tələb etdiyi təhlükəsizlik qarantiyaları da elə bu təsis aktına istinad edir: “NATO 1997-ci ildən indiyə qədər bir sıra ərazilərdə yerləşib. 1999-cu ildə Polşa, Macarıstan və Çexiyanın quruma daxil olması istiqamətində hər üç ölkədə ildırımsürətli islahatlar keçirildi, hüquqi zəmində addımlar atıldı, ölkələrin daxili qanunvericiliyi dəyişdirildi. Bu üç dövlətin alyansın tərkibinə qatılması sözügedən təsis aktının NATO tərəfindən pozulması kimi dəyərləndirilsə də Rusiya həmin dövrdə bu addıma qarşı çıxış etmədi. Çünki iqtisadi, geosiyasi mövqeyi buna imkan vermirdi. 2004-cü ildə isə Bolqarıstan, Latviya, Litva, Estoniya, Rumıniya, Slovakiya və Sloveniyanın NATO-ya daxil olması alyans tərəfindən şərqə doğru daha da genişlənməni ehtiva etsə də Rusiyanın buna qarşı da sərt reaksiyası olmadı. NATO bir qədər irəli gedərək 2009-cu ildə Albaniya və Xorvatiyanı sıralarına qəbul etdi. Bu isə NATO-nun Balkanlara doğru genişlənməsini göstərirdi. Serbiya ilə Monteneqronun bir-birindən ayrılmasından sonra 2017-ci ildə Monteneqro NATO-ya daxil oldu. 2020-ci ildə isə Makedoniya ilə Yunanıstan arasında olan fikir ayrılığı öz həllini tapdı, ölkələrdə referendumlar keçirildi və Şimali Makedoniya da NATO-ya qoşuldu və Balkanlarda NATO-nun formalaşması prosesi yekunlaşdı”.
İ.Hüseynov vurğuladı ki, indi Rusiyanın çəkindiyi əsas məqam NATO-nun şərqə doğru  genişlənməklə Rusiyanın paytaxtını raketlər vasitəsilə vurmaq məsafəsinin yaradılması istiqamətində müzakirələrin getməsidir. NATO-nun belə bir planının olması barədə söhbətlərin getməsi Rusiyanı çox ciddi şəkildə narahat edir: “Ona görə də Kreml bu prosesin qarşısını almaq, məsuliyyət zonasında möhkəmlənmək və maraqları istiqamətində addımları kompleks şəkildə həyata keçirir. Həm Cənubi Qafqazda, həm Şərqi Avropada, eləcə də Balkanlarda, Mərkəzi Asiyada Rusiya öz mövqelərini möhkəmləndirmək istiqamətində addımlar atır. Qazaxıstan hadisələri bu addımlardan biridir. Qarşıdakı dönəmdə Rusiyanın addımları davam edəcək. Ölkələrin daxili işlərinə qarışmaqla, ölkələri bir-birinə qarşı qoymaqla onları seçim qarşısında qoymaq siyasəti yürüdülür və yürüdüləcək.
Dünya yenidən qütbləşməyə doğru gedir. İkiqütblük artıq özünü geniş şəkildə göstərir. Bunun isə bəşəriyyət üçün fəlakətlə nəticələnəcəyini proqnozlaşdıra bilərik.
Azərbaycanın isə Qoşulmama Hərəkatına vaxtında üzvlüyü ölkəmizi qeyd olunan hərbi-siyasi bloklaşmalardan kənarda tutmağa imkan verir".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ