loading...

Sənaye, yoxsa repressiya ili – 2014

Sənaye, yoxsa repressiya ili – 2014Siyasi məhbuslara azadlıq arzusu ilə…


2014-cü ilin ilk günlərində – yanvarın 10-da sərəncam imzalandı – Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Bu, prezidentin 2014-cü ildə imzaladığı sayca 2-ci sərəncam idi. Sərəncamın əsaslandırması da vardı: “Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır…

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədi ilə qərara alıram…"

Sonra tapşırıqlar sırası gəlir, “Azərbaycan Respublikasının Iqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü ilin Azərbaycan Respublikasında ”Sənaye ili" elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".

Tapşırıqların yerinə yetirilib-yetirilməməsilə işimiz yoxdur. Bizlik məsələ deyil, bəlkə tapşırığı verən də artıq onu unudub…

Bu sərəncam o vaxt imzalandı ki, ötən əsrdən, lap elə 70-80-ci illərdən (sərəncamda Heydər Əliyevin hakimiyyətə gəldiyi illər nəzərdə tutulur) qalma sənaye müəssisələri bir sinif kimi ləğv edilmişdi. Zavod-fabriklər yerlə-yeksan, fəhlə sinfi darmadağın, bütün sahələrin monopoliyaya alınması prosesi, demək olar, yekunlaşmışdı. Ailə biznesi tam gücüylə işə düşmüşdü (Sumqayıt Texnologiya parkı, Azərsun, Gədəbəy qızıl mədənləri və s. Həbsdə olan Xədicə Ismayılın və bəzi başqa jurnalistlərin araşdırmalarından oxuculara bəllidir).

2014-cü ildə sənaye sahəsində hər hansı uğuru xatırlamıram. Ola bilsin kimlərsə hər şeyi qara rəngdə gördüyümüzü iddia etsin, faktlarla təkzib olunsa, etiraz yox, təşəkkür bildirərik. Mənasız körpülər, yol keçidləri, təmirdən sonra açılışlar, büdcə puluyla alınıb qayçılanan qırmızı lentlər, şarlar, binaların üzlənməsi, sökməyə çatdıra bilmədikləri məhəllələri reklam şitləri ilə gizlətmək… bunların sənaye ilinə nə qədər dəxli olduğunu bilmirəm.

2014-ə saxta seçkiylə bağlı ardı-arası kəsilməyən bəyanatları eşitməklə çatmışdıq, üstəlik, seçki monitorinqi aparan peşəkar bir təşkilatın rəhbəri də (Anar Məmmədli) həbs olunmuşdu. Üçüncü dönəm prezidentlik əslində, elan olunduğu kimi “sənaye” yox, “intiqam” ili oldu. QHT-lərə hücuma SMDT işiylə start verilmişdi. Il finişə elə bu “uğurla” da gəlib çatdı. Baxmayaraq, ildən bəzi gözləntilər vardı. Avropa Şurasının Nazirlər Kabinetinə Azərbaycanın sədrliyindən çoxlarının – həm xarici, həm də yerli təşkilatların, fərdlərin umacağı vardı. Belə nüfuzlu quruma sədrlik edən dövlətdə insan haqlarına, söz azadlığına diqqətin artacağı, siyasi məhbusların kütləvi şəkildə azadlığa buraxılacağı, eyni zamanda siyasi baxışlarına görə adamlarının təqibinə heç olmasa ara veriləcəyi gözlənilirdi. Düşünülürdü ki, Azərbaycan hakimiyyəti 2013 prezident seçkisindən sonra ara verməyən təzyiqləri azaltmaq üçün müdafiə mövqeyində dayanacaq. Ancaq futbolumuzda olmasa da, hakimiyyətdə “ən yaxşı müdafiə hücumdur” taktikası seçildi. Istər sədrliyə qədər, sədrlik müddətində, elə sədrlikdən sonra da vətəndaş cəmiyyətinə, jurnalistlərə, gənc siyasi fəallara, müxalifətə, blogerlərə hücumlar səngimədi, əksinə, daha da şiddətləndi. Həbslər kütləviləşdi.

2014-ün tarixi hadisələrindən biri barışmaz hüquq müdafiəçisi, Fransanın Fəxri Legion Kavaleri Ordenini almış Sülh və Demokratiya Institutunun rəhbəri Leyla Yunusun və həyat yoldaşı Arif Yunusun həbsi oldu. Çoxsaylı beynəlxalq təzyiqləri, onların dərhal həbsdən azad edilməsi tələblərini vecinə almayan hakimiyyət tutduğu yoldan dönmədi. Həbslər dalğası futboldakı “Meksika dalğası”nı da geridə qoydu. Tanınmış QHT rəhbərləri hədəf seçildi. Onların bank hesabları donduruldu, ölkədən çıxışa qadağa qoyuldu, əksəriyyəti istintaqa cəlb edildi, bir-birinin ardınca həbslər başladı. “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov, gənc fəal Ömər Məmmədov, “Ismayıllı işi”nə görə tutulmuş Ilqar Məmmədov və Tofiq Yaqubluya, “qanunsuz silah qaçaqmalçılığı və döyüş sursatını əldə etmə, saxlama və daşıma” ittihamı ilə həbs olunmuş hüquq müdafiəçisi Pərviz Həşimliyə hökm oxunması, Müsavat üzvü Fərəc Kərimli, sosial şəbəkələrdə fəal olan Əbdül Əbilovun hökmü də 2014-ün payına düşür. Hüquq müdafiəçisi Həsən Hüseynli, Bəşir Süleymanlı, Rəsul Cəfərov, Intiqam Əliyev, “Azadlıq” qəzetinin və “Azrbaycan saatı”nın əməkdaşı Seymur Həzinin, bundan başqa neçə-neçə gəncin sutkalıq həbsi. Hələ həbs növbəsi çatmayan bəzi QHT rəhbərləri ölkədən getmək zorunda qaldı. Beynəlxalq təşkilatlar da hədəf seçildi. QHT-lərə dəstək olan donor təşkilatlar hakimiyyətin düşməni, “erməni dəyirmanına su tökən”, “Azərbaycanın analoqsuz inkişafını gözü götürməyən”, “ermənipərəst” elan olundu. Narkotik ittihamı 2014-də də dəbdən düşmədi.

Müxalifətçi xanım Kəmalə Bənənyarlının 30 sutkalıq həbsi də ilin sürprizlərindən oldu. Adətən aksiyalarda tutulan qadınlara sutkalıq həbs verilmirdi, yaxud müddət az olurdu. K.Bənənyarlı bu baxımdan 2014-cü ildə ilkə imza atdı.

Reportyorların Azadlıq və Təhlükəsizliyi Institutunda aparılan yoxlama, onun fəaliyyətinin dayandırılması, təşkilatın rəhbəri Emin Hüseynovun yoxa çıxması, onlarla adamın işsiz qalması da bu ilin boynundadır. Yeri gəlmişkən, QHT-lərə qarşı görünməmiş repressiya bu təşkilatlarda, eyni zamanda beynəlxalq donor təşkilatlarında çalışan yüzlərlə adamın işsiz qalmasıyla sonuclanıb. Regionlarda çalışanları da nəzərə alsaq, bəlkə də minə yaxın adamın işsiz qaldığını deyə bilərik. Bəlkə də daha çox. Çünki, hakimiyyətlə dil tapmış təşkilatlara belə bank əməliyyatları aparmaq qadağan olunmuşdu. QHT-lər KIV-lərlə bağlı qanuna mürtəce dəyişikliklər də 2014-ün qismətinə düşdü.

Nəhayət, ilə araşdırmaçı jurnalist Xədicə Ismayılın həbsi və “Azadlıq” radiosunun bağlanması, əməkdaşların istintaqa cəlb olunmasıyla yekun vuruldu.

Atəşkəs dövründən bəri Ermənistanla gərginliyin pik həddi, cəbhədə hər iki tərəfdən itkilər, bunun ardınca Ramiz Mehdiyevin əlaltı jurnalistikaya ekstremal situasiyada necə işləmək təlim-dərsi də 2014-ün yaddaqalan hadisələrindəndir.

Siyasi məhbuslarla bağlı Işçi Qrupun yaradılmasını isə Ilin nonsensi adlandırmaq olar. Ən müxtəlif tədbirlərdə dövlət başçısı səviyyəsində belə deyilir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Ancaq təzyiqlər qarşısında bu qrupu yaratmaq zorunda qaldılar.

Şübhəsiz, il həm də neftin qiymətinin düşməsiylə yadda qalacaq.

Ilin lətifəsi isə hüquq müdafiəçisi Novella Cəfəroğlunun bu əfvi “normal” və “Insan hüquqları üzrə Birgə Işçi Qrupun işinin ilk nəticəsi” adlandırmasıdır. Bir neçə ildir Işçi Qrup fəaliyyət göstərmirdi, ancaq əfv fərmanları verilirdi və azadlığa çıxan siyasi məhbuslar da bundan çox olurdu…

Sonda statistika həvəskarları üçün ilin yekunu ilə bağlı bəzi məlumatlar verək. Yazını sərəncamla başlayıb onunla da qurtarmağı təsadüfün ayağına yazaq.

Dekabr ayında ölkə başçısı yenə bolluca sərəncam imzalayıb. Həmin sərəncamlarla 61 milyon 700 min manat büdcədən pul silinib. Qəribçiliyə salmayın, yol çəkilişi, su təsərrüfatının yaxşılaşdırılması, “ən yaxşı ümumtəhsil məktəbi”, “ən yaxşı müəllim” və s. adlarla ayrılan pulların təyinatı qabaqcadan bəllidir. Bu ölkənin orta məktəblərində hər il 100 müəllim tapıb onları 5 min manatla, yaxud 50 məktəb tapıb 10 min manatla mükafatlandırmaq hər oğulun işi deyil. Təhsildən, onun səviyyəsindən, ildən-ilə savadsızlığın artmasından, keçid balının aşağı düşməsindən şikayətləndiyimiz, müəllimlərin məktəbdən çox bazarlarda, ticarət mərkəzlərində göründüyü çağlarda, bir də deyirəm, hər il bu qədər məktəb və müəllim tapıb mükafatlandırmaq “ağır zəhmət” tələb edir…

Zəhmətinizi halal edin. Yeni iliniz mübarək!Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

вклады под проценты
инвестиции в интернет проекты
Paylaş:   

Oxşar olan digər xəbərlər