ŞƏHİD ANASI İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR – Göyçay sakinindən prezidentə müraciət / FOTOLAR
Tarix: 6-05-2020, 15:19
Baxılıb: 1 463
Google+ Paylaş
Tumblr Paylaş

ŞƏHİD ANASI İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR – Göyçay sakinindən prezidentə müraciət / FOTOLAR

6-05-2020, 15:19

Bəzən məmurların şəhid analarına sayğısızlığı o həddə çatır ki, onlar məcbur olub ölkə başçısına müraciət etməli olur. Elə bu səbəbdən Göyçay şəhəri H. Zərdabi küçəsi ev 34-də yaşayan şəhid anası Feyziyeva Şərqiyə İsrayıl qızı prezident İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir:
“Cənab Prezident, mən 1949-cu il təvəllüdlü Feyziyeva Şərqiyə İsrayıl qızı Göyçay rayonun Həsən bəy Zərdabi küçəsində yaşayıram. 4 (1 qız, 3 oğul) övladım olub. Onlardan Feyziyev Məzahir Məmmədkərim oğlu 12 oktyabr 1992-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub. Digər 2 oğlum ailəlidir. Qızım Məmmədova Şəfəq Məmmədkərim qızı da ailə həyatı qurub, lakin həyat yoldaşı dünyasını dəyişib. Himayəsində 3 azyaşlı uşağı var. Eyni zamanda uşağının biri xəstədir. Qızım Şəfəq Göyçay rayon İcra Hakimiyyəti binasının yaxınlığında komkoz evlərində yaşayır. Qızım Şəfəq Məmmədovanın maddi durumu çox aşağıdır. Bundan da betəri isə əlil övladları ilə birgə yaşadığı evin qəzalı halda olmasıdır. Belə ki, bütün fəsillər boyu evin içərisi rütubətli qalır. Evdə olan saysız dəliklər səbəbindən ilan və zərərli həşəratlar içəri daxil olur. Qızım və övladları orada qorxa-qorxa yaşayırlar. Mən də öz növbəmdə 2019-cu ildə Göyçay rayon İcra başçısı Mehdi Səlimzadənin qəbulunda olub, qızımın evinin təmir olunmasının təmin edilməsini ondan xahiş etdim. O, elə mənim yanımda rayon Mənzil İstimar İdarəsinə zəng edib, ona tapşırdı. Sonra mənə dedi ki, “get, Göyçay Mənzil İstismarı İdarəsinin müdiri Ayaz Səfərəliyevin yanına, sənə nə köməklik lazımdırsa, edəcəkdir”. Ayaz Səfərəliyevin qəbulunda olduqda məni şirin dillə və yalan vədlərlə yola verdi. Bundan sonra, mən əlavə olaraq müxtəlif vaxtlarda 4 dəfə Ayaz Səfərəliyevin qəbulunda oldum”.

“Həmin pulu müalicəm üçün pensiyamla qəpik-qəpik yığmışdım”
Ş. Feyziyevanın sözlərinə görə, Ayaz Səfərəliyev və işçiləri bir neçə dəfə onun qızının evinə baxmağa gəliblər: “Ayaz Səfərəliyev mənə 2020-ci ilin yanvar ayında qızımın evini təmir edəcəklərini dedi. Mən icra başçısı Mehdi Səlimzadənin və onun himayə etdiyi Ayaz Səfərəliyevin yalançı, saxtakar olmalarını, məni aldatdıqlarını bilib, öz pulumla qızımın evini ordan-burdan olsa da, təmir etdirdim. Hansı ki, həmin pulu müalicəm üçün pensiyamla qəpik-qəpik yığmışdım”.

 “Ümid edirəm ki, icra başçısı Mehdi Səlimzadənin və Ayaz Səfərəliyevin layiqli cəzasını verəcəksiniz”
“Hörmətli Prezident, Sizə bildirmək istəyirəm ki, icra başçısı Mehdi Səlimzadənin və onun himayə etdiyi Ayaz Səfərəliyevin şəhid anasına qoyduğu hörmət bundan ibarətdir. Ümüd edirəm ki, mətbuat vasitəsi ilə Sizə ünvanladığım bu müraciətim cavabsız qalmayacaq. Doğrusu, bundan öncə, Sizə bu işlə bağlı dəfələrlə ərizələr göndərmişdim. Hər dəfə də ərizələrim icra olunması üçün Göyçay rayon İcra Hakimiyyətinə göndərilsə də, onlar başdan sovdu cavab məktubları göndərməklə, işlərini bitmiş hesab etmişidlər. İndi isə ümid edirəm ki, Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidin anası olaraq, mənə qarşı edilən bu saymamazlığı və hörmətsizliyi edənlərin icra başçısı Mehdi Səlimzadənin və onun himayə etdiyi Ayaz Səfərəliyevin layiqli cəzasını verəcəksiniz. Ümid edirəm ki, 3 azyaşlı yetim və eyni zamanda xəstə uşaqlar böyüdən qızımın qəzalı evinin tezliklə təmir olunması üçün tapşırıq verəcəksiniz”,-deyə şəhid  anası yazır.
Şamo EMİN, Hurriyyet.org
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


   


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ