Sahibə Qafarova Mustafa Şəntopla görüşdü - YENİLƏNDİ
Tarix: 20-06-2022, 19:20
Baxılıb: 229
Google+ Paylaş
Tumblr Paylaş

Sahibə Qafarova Mustafa Şəntopla görüşdü - YENİLƏNDİ

20-06-2022, 19:20

İyunun 20-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla görüşüb.
Bu barədə reportyor.org-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan parlamentinin spikerini səmimiyyətlə salamlayan Mustafa Şəntop “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçirilən Qlobal Parlament Konfransında iştirakına görə Sahibə Qafarovaya minnətdarlığını bildirib.
O, konfransın mühüm bir mövzuya həsr olunduğunu qeyd edərək son illərdə miqrasiya və qaçqınlar mövzusunun kifayət qədər aktual olduğunu və bu sahədə qarşıya çıxan problemlərin həllində beynəlxalq diskussiya və dialoqun əhəmiyyətini qeyd edib.  
Mustafa Şəntop Azərbaycan və Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykənərək uğurla inkişaf etdiyini deyib. O, hər iki ölkənin bütün məsələlərdə eyni mövqedən çıxış etdiyini, dostluq və qardaşlıq nümayiş etdirdiyini qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova Qlobal Parlament Konfransına dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə TBMM sədrinə minnətdarlığını bildirərək qeyd edib ki, belə mühüm bir mövzuya həsr olunmuş konfransın Türkiyədə keçirilməsi xüsusilə vacibdir. Çünki Türkiyə miqrasiya proseslərinin idarə olunmasında və həllində mühüm rola malikdir.
Sahibə Qafarova miqrant və qaçqınların cəmiyyətə və iqtisadiyyata səmərəli inteqrasiyasını təmin etmək, həmçinin onların ləyaqətli, təhlükəsiz şəkildə doğma ölkələrinə qayıtmasını həyata keçirməklə bağlı məsələlərin bu gün kifayət qədər aktual olduğunu, həmçinin bu istiqamətdə qəbul olunmuş beynəlxalq sənədlərin icrasının vacibliyini qeyd edib. Azərbaycanın miqrasiya proseslərinin həllindəki təcrübəsinin örnək təşkil etdiyini vurğulayan Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan miqrasiya proseslərinin beynəlxalq normalara və milli qanunvericiliyə uyğun idarə edilməsinə, həmçinin miqrantların hüquqlarının qorunmasına mühüm əhəmiyyət verir.
 Ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” tezisinə söykənən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini deyən Milli Məclisin sədri qeyd edib ki, bu gün dünya miqyasında bir-birinə bu qədər yaxın olan iki ölkə yoxdur. Sahibə Qafarova xüsusilə Azərbaycanın və Türkiyənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin əməkdaşlığımızın durmadan inkişafına töhfə verdiyini diqqətə çatdırıb.  
O, əminliyini ifadə edib ki, qardaşlıq və dostluq münasibətlərimiz bundan sonra da uğurlu inkişafını davam etdirəcək.
Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə edilib.
xxx
18:36
İyunun 20-də İstanbulda Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop arasında görüş keçirilib.
reportyor.org xəbər verir ki, görüş “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı?” mövzusunda keçirilən Qlobal Parlament Konfransı çərçivəsində baş tutub.
Beynəlxalq konfrans Türkiyə Böyük Millət Məclisi (TBMM) və Parlamentlərarası İttifaqın (IPU) birgə təşkilatçılığı ilə keçirilir və tədbirdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ