TƏHDİD: İsrail İranı vurdu, Tehran Bakıya raket ata bilərmi - ekspert rəyləri
Tarix: 31-01-2023, 13:22
Baxılıb: 325
Google+ Paylaş
Tumblr Paylaş

TƏHDİD: İsrail İranı vurdu, Tehran Bakıya raket ata bilərmi - ekspert rəyləri

31-01-2023, 13:22

Cənub qonşuya qarşı nöqtəli zərbələrin ardınca baş verəcək hadisələr dünyanın diqqət mərkəzindədir; hərbi ekspertdən xəbərdarlıq: “İran rəsmi səviyyədə də olmasa, ən azından terroru dəstəkləyən bir dövlət olaraq SEPAH-a qeyri-rəsmi şəkildə Azərbaycana qarşı hansısa təxribat xarakterli fəaliyyətlərə start verməsi üçün göstərişlər verə bilər”
Politoloq: “İran Azərbaycana qarşı təzyiqləri davam etdirərsə, Tehrana qarşı Ankara-Bakı-Təl-Əviv koalisiyası yarana bilər”
Son iki gecədə İranın hərbi obyektlərinə, həmçinin müxtəlif strateji obyektlərinə endirilən zərbələrin hansı zərurətdən irəli gəldiyi barədə müxtəlif versiyalar irəli sürülür. Bəzi müşahidəçilər hesab edirlər ki, bu, Tehranı Rusiya ilə əməkdaşlıqdan imtinaya məcbur etmək məqsədi daşıyır.
Bu fikrin üzərində dayanan rusiyalı ekspert Sergey Markov Axar.az-a deyib ki, İrana birgə zərbələri İsrail və ABŞ endirib: “Onlar İranı nüvə proqramı ilə bağlı güzəştə getməyə məcbur etməyə çalışırlar. Bunun böyük hərbi münaqişəyə çevrilə biləcəyini istisna etmirəm. İran bizə pilotsuz təyyarə və raketlər verə bilmirsə, bu, pisdir”.
Bu arada Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq sərt etirazını bildirib. “Moskva İrandakı hərbi obyektlərə pilotsuz təyyarə ilə hücumu qətiyyətlə pisləyir” - bəyanatda deyilir. Azpost.info-nun məlumatına görə, nazirlik hesab edir ki, bu cür dağıdıcı hərəkətlər Yaxın Şərqdə sülh və sabitlik üçün gözlənilməz nəticələr verə bilər. “Onsuz da sakit olmayan bir regionda gərginliyin nəzarətsiz artmasına səbəb ola biləcək hər hansı təxribatçı hərəkətləri qətiyyətlə pisləyirik”, - Rusiya XİN bildirib.
Qeyd edək ki, İran Müdafiə Nazirliyinin İsfahan şəhərindəki hərbi obyekti yanvarın 29-na keçən gecə PUA-ların hücumuna məruz qalıb. Məlumatlı mənbələrə istinadən “Əl Ərəbiyyə” telekanalı ABŞ-ın hücumda iştirakı etdiyini deyib. Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın İrana endirilən zərbələrdə iştirakını inkar edib. Növbəti gecə də Soyuqbulaq şəhərindəki hərbi obyektə (SEPAH-a məxsusluğu iddia olunur) zərbə endirildiyi barədə xəbər yayılıb.
İrana dron hücumunun İsraildəki sinaqoqda terror hücumunun törədilməsindən sonraya təsadüf etməsi bunun cavab hücumu olduğu qənaətini yaradır. İsrail rəhbərliyi 8 nəfərin həlak olduğu terrordan sonra cavabın sərt olacağı xəbərdarlığını etmişdi. Məlum olduğu kimi, İran İsrailin təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi sayılır. Odur ki, yanvarın 29-da İsrailin İran ərazisinə zərbələr endirdiyi şübhə doğurmur. Ekspertlər bu zərbələrin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün İsrailə səfəri ərəfəsinə təsadüf etməsini xüsusi vurğulayır. Hesab olunur ki, böyük ehtimalla, zərbələr ABŞ-la razılaşdırılıb. Bundan əlavə, ABŞ Prezidenti Co Bayden İranla qarşıdurmanın baş verəcəyini istisna etməmişdi. Qeyd edək ki, hücumdan bir neçə gün öncə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmisi Rafael Mariano Qrossi “İran bir yox, bir neçə nüvə silahı əldə edə biləcək qədər zənginləşdirilmiş urana malikdir” - demişdi.
İran əleyhinə sərt tədbirlərə əl atılacağı barədə xəbərdarlıqlar illərdir ki, davam edir. miş urana malikdir”-demişdi.
İrana nöqtəli zərbələrin endirilməsi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı xain hücumun həyata keçirilməsindən sonra baş verdi. Yuxarıda qeyd etdiyimiz digər terror aktı, İsraildəki sinaqoqa hücum da məhz Azərbaycan səfirliyində terror törədildiyi gün həyata keçirildi. İsraillə əlaqələrə önəm verən Azərbaycan dövləti hər iki terror aktını lənətlədi və burada qeyri-adi nəsə axtarmaq olmaz. Amma Azərbaycanın timsalında “düşmən” obrazı yaratmağa çalışan fars-molla rejimi bu cür normal, ikitərəfli hadisələrdən də xoflanır, əvvəllər də bunun dəfələrlə şahidi olmuşuq. Xatırladaq ki, vaxtilə İran Azərbaycan daxil, bir sıra dövlətləri hədələmişdi. Bəyan edilmişdi ki, əgər İsrail İranı vurarsa, o halda biz də İsrailin mövcud olduğu əraziləri vuracağıq!
İsrailin “Jerusalem Post” qəzetində dərc olunan və İran mətbuatında İsrailin Qafqazdakı rolu ilə bağlı Tehranın narahatlığından bəhs edən məqamların yer aldığı məqalədə bu barədə açıq təhdidlər var idi. Bildirilirdi ki, İran İsrailin Azərbaycan və Bəhreynlə əlaqələrinin möhkəmlənməsi əleyhinə çıxır, qonşu ölkələrə təhdidlər yolu ilə İsrailin diplomatik uğurlarına qarşı çıxmağa çalışır. Belə ki, “Fars News”a istinad edən müəlliflər Azərbaycanı tənqid edən və İranın İsrailin öz sərhədləri yaxınlığında mövcudluğuna dözüm göstərməyəcəyi barədə bəyanatı nümunə gətirirlər. “İran İslam Respublikası sionist rejimin milli təhlükəsizliyə qarşı yönəlmiş mövcudluğu və fəaliyyətinə dözməyəcək və bununla bağlı hər cür lazımi tədbir görəcək”, - “Fars News”dakı məqalədə deyilirdi. (Trend) Qeyd olunurdu ki, İran Azərbaycanın Türkiyə və İsraillə sıx əlaqələrinə cavab olaraq Azərbaycanı “heç bir xarici dövlətin onun siyasətinə təsir göstərməsinə imkan verməməyə” çağırır. “Azərbaycan uzun illərdir ki, İsrailyönlü hərəkatlara və hətta sionizmin regionda birbaşa mövcudluğuna sponsorluq edir. Bu ölkə unudub ki, regionda baş verən ciddi və tarixi böhranlar zamanı onun ərazi bütövlüyünü dəstəkləyən məhz İran olub və regiondankənar güclərə bu regionda strateji nizamı pozmağa imkan verməyib”, - İran KİV-indəki nəşrlərdə deyilirdi. Qeyd olunurdu ki, bununla da İran regionu təhdid etməklə ismarıc yollayır.
İsrailin müdafiə naziri Beni Qantz həyəcan təbili çalaraq bildirmişdi ki, İran tezliklə nüvə silahı yarada bilər və ölkəsi mümkün hücuma hazırlaşmalıdır.
Xatırladaq ki, bir müddət öncə amerikalı ekspertlər də İranın nüvə silahı istehsal etmək üçün kifayət qədər saflaşdırılmış urana sahib olacağını vurğulayan hesabat yayımlamışdılar. “Vaşinqton rəhbərliyi İranın İsfahan şəhərində İran Kosmik Araşdırmalar Mərkəzinə aid obyektin yaxınlığındakı sursat zavodunu pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə almaqda maraqlı deyil”.
Bu sözləri adı açıqlanmayan amerikalı rəsmi söyləmişdi. Onun fikirlərinə İsrail İctimai Yayım Təşkilatı (KAN) yer verib. ABŞ rəsmisi bildirib ki, “İsfahan hücumunda Vaşinqtonun əli yoxdur”.
İsrail rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib. Təl-Əviv administrasiyası əvvəllər də İran daxilində oxşar əməliyyatlar keçirməkdə ittiham olunub.
Xatırladaq ki, “Əl-Ərəbiyyə” ABŞ təyyarəsinin İrandakı hərbi zavoda hücumda iştirak etdiyi haqda məlumat yaymışdı. Telekanal öz mənbələrinə istinadən bildirib ki, “Amerika təyyarələri İranın İsfahan şəhərindəki hərbi obyektə pilotsuz uçuş aparatları vasitəsilə zərbə endirilməsində iştirak edib”. (Publika.az)
Qeyd edək ki, İranın dövlət televiziyası yanvarın 29-na keçən gecə İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı müəssisəsində güclü partlayış baş verdiyini bildirib. İsfahan qubernatorluğu partlayışı təsdiqləsə də, itkilərin olmadığını açıqlayıb. İran Məclisinin İsfahan müavini Hüseyn Mirzay İsfahan şəhəri üzərində səmada görünən PUA-ların İsrailə aid olduğunu iddia edib. “Wall Street Journal” isə İranın müdafiə obyektinə hücumu PUA-larla İsrailin həyata keçirdiyini yazıb. “Yediot Ahronot” qəzeti də adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən “hücumun İsrail tərəfindən həyata keçirildiyini” bildirib.


 Ədalət Verdiyev
Hərbi ekspert Ədalət Verdiyev “Yeni Müsavat”a bildirdi ki, İranın indiki vəziyyətində Azərbaycana qarşı hansısa zərbələr endirməsi ehtimalı çox böyük deyil: “Buna rəsmi Bakının fəaliyyəti də imkan vermir. Azərbaycan İrana qarşı heç bir qeyri-diplomatik davranışlar sərgiləməyib. Amma istənilən halda biz cənub sərhədlərində yerləşən hava hücumundan müdafiə qruplaşmamızın tərkibini bir daha nəzərdən keçirməliyik. Cənub sərhədlərindən bizə səslənən təhdidlərin qarşısının alınması üçün güc və vasitələrimizin bir daha döyüşə hazırlıq vəziyyətinə diqqət yetirməliyik”. Ə.Verdiyev fikrini bununla əsaslandırdı ki, İran rəsmi səviyyədə də olmasa, ən azından terroru dəstəkləyən bir dövlət olaraq SEPAH-a qeyri-rəsmi şəkildə Azərbaycana qarşı hansısa təxribat xarakterli fəaliyyətlərə start verməsi üçün göstərişlər verə bilər: “Bunu həm güc strukturlarımız, həm də xüsusi xidmət orqanlarımız nəzərə almalıdır”.

Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bu fikirdədir ki, İran İsraillə cavab zərbəsindən çəkinir: “İsrailin İranın hərbi obyektlərinə dronlarla zərbə endirməsinə cavab olaraq Tehranın səssiz qalması, əsasən hərbi eskalasiyadan çəkinməsindən irəli gəlir. Hazırda İran rəhbərliyi İsraillə açıq qarşıdurmadan çəkinərək proseslərin rejimin devrilməsi ilə nəticələnəcəyindən narahatdır. Çünki ölkə daxilində hiperinfilyasiya, iqtisadi sanksiyalar xalqın rejimdən narazılığını artırıb. Birbaşa İranın İsrailə cavab zərbəsi endirməsi, ABŞ-ın müharibəyə rəsmən qoşulması ilə nəticələnərək, Tehrana qarşı hərbi koalisiyanın formalaşması ilə nəticələnməsi mümkündür. Tehran rejiminin iki yolu var. Birincisi, nüvə danışıqlarına qatılıb, Vaşinqtonun şərtləri ilə sazişi imzalayır. Rusiyaya hərbi dəstəyi dayandırır. İkincisi, nüvə danışıqlarına qoşularaq Qərblə münasibətləri normallaşdırır. Rejim daxilində bu məsələdə ciddi fikir ayrılıqları var. Mühafizəkarlar hazırkı xəttin davam etdirilməsində müharibə və gərginliyə üstünlük verilməsində maraqlıdır. Digər kəsim isə ABŞ-la danışıqlarda maraqlıdır. SEPAH proseslərə nəzarət edərək, gərginlik xəttini üstün tutub. Bu xətt davam edəcəksə, İrana qarşı hərbi əməliyyatlar davam edəcək. Nəticədə İran rejimi zəifləyəcək”.
Politoloq hesab edir ki, Vaşiqtonun birbaşa dəstəyi ilə İsrailin hərbi əməliyyatları İranı nüvə silahından imtinaya və Rusiyaya hərbi dəstəkdən çəkindirməyə hesablanıb: “ABŞ dövlət katibi müharibənin masada olduğunu qeyd etsə də, diplomatik danışıqlarla problemin həllini Tehranın nəzərinə çatdırdı. 2023-cü il İran və Rusiyanın tam zəiflədilməsi ilidir. Tehran teokratik rejimi strateji düşünmədiyinə görə böhran yoluna üstünlük verəcək. Çünki izlədiyi siyasət bu istiqamətdə davam edir”. Azərbaycanla hərbi və siyasi qarşıdurmaya gəldikdə, M.Əsədullzadə hesab edir ki, məhz Türkiyə faktoru Tehranı Azərbaycana qarşı hərbi varianta üstünlük verməsindən çəkindirir: “İran Azərbaycana qarşı təzyiqləri davam etdirərsə, Tehrana qarşı Ankara-Bakı-Təl-Əviv koalisiyası yarana bilər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ