Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror: Qərb dövlətləri də...
Tarix: 20-01-2023, 11:55
Baxılıb: 118
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror: Qərb dövlətləri də...

20-01-2023, 11:55

"20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı həyata keçirilən cinayətdir. Həmin gün baş verənlər, eyni zamanda Azərbaycan xalqına qarşı törədilmiş siyasi terror kimi də qiymətləndirilir. İşğalçılıq siyasəti ilə Azərbaycanın suverenliyinə qəsd etmiş, xalq hərəkatını boğmaq üçün bədnam kommunist ideologiyası libasında köhnə imperiya iddialarını həyata keçirmək məqsədilə 20 Yanvar faciəsini təşkil etmiş SSRİ rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi danılmaz faktdır".
Bu sözləri Publika.az- açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, həmin dövrdə ölkəmizə qarşı informasiya blokadası tətbiq edilirdi:
"İddia olunurdu ki, islam fundamentalistləri hakimiyyəti ələ keçirmək istəyir, bu səbəbdən də, şəhərə qoşun yeridilir. Təəssüflər olsun ki, Qərb dövlətləri də, Qorbaçovun və Sovet İttifaqının o zaman yaydığı saxta məlumatlara inanır və qəbul edirdilər. Bildirilirdi ki, islam fundamentalizminə qarşı mübarizə aparmaq lazımdır”.

Politoloq vurğulayıb ki, 20 Yanvar faciəsindən sonra bu qanlı hadisəyə ilk etiraz edənlərdən biri Ulu öndər Heydər Əliyev oldu:
"Ulu öndərin sözügedən addımı Azərbaycan dövlətinin müstəqilliyi uğrunda xalqın mübarizəsini davam etdirmək baxımından əhəmiyyətli rola malik idi. İlk dəfə olaraq məhz Heydər Əliyev Bakıya qarşı yönəlmiş bu təcavüz aktının başında Mixail Qarbaçovun durduğunu və onun bilavasitə məsuliyyət daşıdığını bəyan etdi. 1990-cı il yanvarın 21-də Mərhum Heydər Əliyev Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinə gəldi və o zamanki Azərbaycan və SSRİ rəhbərliyini 20 Yanvar faciəsi ilə bağlı cəsarətlə tənqid etdi.
İslam fundamentializmi barəsində yazılanları alt-üst edərək bunların uydurma və yalan olduğunu qeyd etdi. Üstəlik, xarici ölkələrə də müraciət etdi ki, Azərbaycan informasiya blokadasında çabalayır. Belə bir zamanda Azərbaycanı informasiya blokadasından çıxarmaq və ölkədə baş verən hadisələrin mahiyyətini bütün dünyaya çatdırmaq lazım idi”.
Politoloq qeyd edib ki, Azərbaycan həmin dövrdə sovet ittifaqının ən sekulyar ölkəsi olub. Daha çox ateist ruhda tərbiyə edilmiş Azərbaycan xalqına qarşı fundamental təməlçi dinçilik damğası vurmaq Moskvanın uğursuz cəhdi idi:
"Ulu öndər də bu məsələləri vurğuluyaraq, deyilənlərin yalan olduğunu söylədi. Bildirdi ki, bu, SSRİ-ni süquta aparan Qorbaçovun yanlış siyasətinin nəticəsidir”.
Q.Hüseynlinin sözlərinə görə, Ümummilli lider Heydər Əliyev Bakıda baş verən hadisələrə siyasi qiymət verilməsi mövzusunda Azərbaycan parlamentində müzakirələr başlamadan öncə bu hadisələrin siyasi qiymətləndirməsini etdi.
“Hadisələrlə bağlı həqiqətləri xarici müxbirlərin nəzərinə çatdırdı və bunu Azərbaycana qarşı edilən təcavüz kimi dəyərləndirdi . Bakı ətrafında yaranmış informasiya blokadasını dağıtmaqda böyük rol oynadı və bu addım, kifayət qədər prinsipial əhəmiyyətə malik idi”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ