Mövqelər HAÇALANDI: Paşinyan 1 həftəyə gedir, yerinə isə...
Tarix: 6-06-2022, 23:59
Baxılıb: 1 240
Google+ Paylaş
Tumblr Paylaş

Mövqelər HAÇALANDI: Paşinyan 1 həftəyə gedir, yerinə isə...

6-06-2022, 23:59

"Əgər 15 gün bundan əvvəl Ermənistanın baş nazirinin hakimiyyətdən getmə ehtimalı 30 faiz idisə, indi 50-ə çatıb. Bu şəkildə davam edərsə, Paşinyan bir həftə ərzində hakimiyyətdən yıxıla bilər. Bu ehtimal çox yüksəkdir”.
Bunu reportyor.org-a açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanda baş verən hadisələrə münasibət bildirərkən deyib.
Politoloqun fikrincə, əslində Ermənistanın baş naziri Nikol Paşinyanın devrilməsində yalnız “Qarabağ klanı” maraqlı deyil:
“Ermənistan iqtidarının verdiyi məlumata görə, Nikol Paşinyanın devrilməsi ilə bağlı tapşırıq Kremldən gəlib. Rusiya birmənalı şəkildə Paşinyanın Avropa ilə yaxınlaşmasını həzm edə bilmir. Xüsusən Brüssel görüşündən sonra Ermənistanın baş nazirini devirmək istəyirlər. Eyni zamanda, İranın SEPAH-ında da narkotrafiklə məşğul olan qüvvələr də Paşinyanı devirməkdə maraqlıdırlar. Çünki uzun müddət idi ki, İranın bu istiqamətdəki ticarəti əsasən Ermənistan üzərindən həyata keçirilirdi. Daha doğrusu, vaxtilə işğal olunmuş ərazilərdən və Ermənistan üzərindən... Birdən-birə milyardlarla dollarlıq vəsaitdən məhrum olublar. Fransanın sürüşkən mövqeyini də buraya əlavə etmək lazımdır. Paşinyanın devrilməsində ən çox maraqlı olan qüvvə elə Ermənistandakı kilsə sektasıdır. Uzun müddət idi ki, kilsə “Qarabağa yardım” adı altında ianə toplamaqla özlərini çox yaxşı saxlayırdılar. İndi bu ad altında ianə toplamaq məsələləri gündəmdən çıxıb. Hazırda kilsəyə ianə verən yoxdur”.

Cümşüd Nuriyev düşünür ki, kilsə xadimləri ianənin kəsilməsinə görə indiki hakimiyyətin, Paşinyanın getməsinə çalışır:
“Onlar çalışırlar ki, Azərbaycanla imzalanacaq sülh müqaviləsi gündəmdən çıxsın. Çünki Moskvadakı son razılıq onları lap qızışdırıb. Kreml Qarabağ məsələsində öz maraqlarına uyğun hərəkət etmək istəyir. Rusiyada da qüvvələr parçalanıb. Çünki Nikol Paşinyanı istəyən və istəməyən qüvvələr var. Bunların fonunda da Ermənistanın baş naziri yavaş – yavaş həm Avropadakı, həm də Rusiyadakı dayaqlarını itirir. Azərbaycan dəfələrlə bildirdi ki, Paşinyan öz seçimini etməlidir. O, Avropanı seçərək bu yolla getməli idi ki, Qərb də onu müdafiə eləsin və ya Rusiyanın buyurduğu yolla getməli idi. Paşinyan isə nə onu, nə də bunu elədi. Yəni, hər iki tərəflə bağlı balanslaşdırılmış siyasət apara bilmədiklərinə görə hazırda Nikol Vovayeviç ciddi problemlərlə üz-üzə qalıb”.
Ekspertin sözlərinə görə, Nikol Paşinyanın axırıncı Brüssel səfərindən sonra Rusiyanın siyasi elitasında da Ermənistanın hazırkı baş nazirinə olan münasibət ikiləşib:
“Məsələ ondadır ki, Kreml Köçəryan-Sərkisyan duetini hakimiyyətə gətirmək istəmir. Rusiya da çox gözəl bilir ki, əgər Kreml başqa cür addım atarsa, Azərbaycanın maraqlarını tapdalayarlarsa, Türkiyə ilə münasibətləri də pozulacaq. Beləliklə, Rusiya bölgədə tamamilə təklənə bilər. Rusiyanın bütün çıxışı bağlana bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yürütdüyü ağıllı siyasətlə rusiyalı həmkarı Vladimir Putinlə münasibətləri nəzarətdə saxlayır. Amma orada da müəyyən qüvvələr mövcuddur. Bilirsiniz ki, təhlükəsizlik orqanlarının həmişə A, B, C variantlı planları olur. Təbii ki, Rusiya kimi imperiyada dövlətin xəbəri olmadan ayrı-ayrı mövqelərdə çıxış eləmək ümumiyyətlə mümkünsüzdür. Maraqlar, nə qədər üst-üstə düşsə də, Rusiya Paşinyanın getməsində daha çox maraqlıdır. Kreml onun yerinə Artur Vanetsyanı gətirmək istəyir. O, Paşinyandan daha təhlükəlidir. Çünki Paşinyandan daha ağıllıdır və oxumuş adamdır. Ermənistanın baş nazirini SOROS fondu hakimiyyətə gətirdi ki, ona istədiyini etdirsin. Amerika da Paşinyanı çox güclü şəkildə müdafiə edir, ona görə də baş nazir hazırda “pat” vəziyyətindədir. Görünən odur ki, Rusiyanın həm siyasi, həm də hərbi dairələrində Ermənistanla bağlı mövqelər haçalaşıb. Yəni Nikol Paşinyan bu haçalaşmanın qurbanı ola bilər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ