Rusiya və Ukrayna SAVAŞDI, ABŞ qalib GƏLDİ: Ağ Ev indi yeni MÜHARİBƏ PLANI qurur
Tarix: 5-04-2022, 09:46
Baxılıb: 306
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya və Ukrayna SAVAŞDI, ABŞ qalib GƏLDİ: Ağ Ev indi yeni MÜHARİBƏ PLANI qurur

5-04-2022, 09:46

Kreml Ukraynaya qarşı savaşa başlamaqla, nə qədər böyük strateji səhvə yol verdiyini indi daha yaxşı anlayır, ona görə də, Rusiya geri çəkilərək, öz qoşunlarını yalnız Donbas bölgəsində cəmləşdirməyə çalışır; Ancaq Rusiya və Ukraynanın yeni hərbi manevrləri nə qədər qəribə də olsa, yenə də ABŞ və Qərbin Ukrayna savaşını uzatmaq planlarını gücləndirir...

Ukrayna savaşı növbəti mərhələyə keçməyə başlayıb. Bu savaşın aktiv fazası artıq demək olar ki, sona çatmaq üzrədir. İndi bundan sonra daha uzun çəkə biləcək passiv fazanın davam edəcəyi gözlənilir. Və yəqin ki. məhz bu mərhələdə həm Rusiyanın, həm də Ukraynanın gələcək taleyi aydınlaşdırmağa başlayacaq.

Onu da qeyd etmək lazımdır ki, müharibənin aktiv fazasının mövcud nəticələrinə uyğun olaraq, Ukrayna savaşının ilkin qalibini və ya məğlubunu müəyyən etmək mümkündür. Mövcud nəticələr Rusiyanın artıq məğlub tərəf olduğunu göstərir. Çünki Kreml sürətli işğal planını reallaşdırılmağa nail ola bilmədi. Əksinə, çoxlu sayda canlı qüvvə və hərbi texnika itirərək, savaşın ilk günlərində işğal etdiyi Ukrayna ərazilərindən geri çəkilmək məcburiyyətində qaldı.
Əlbəttə ki, Kremlə yaxın propoqanda mərkəzləri tamamilə fərqli təbliğat mövzularını ön plana çıxartmağa çalışırlar. Onlar iddia edirlər ki, guya Ukrayna savaşında Rusiya öz hədəflərinə artıq çatıb. Ona görə də, bundan sonra plana uyğun olaraq, Rusiya ordusu Ukraynanın Donbas bölgəsinin SSRİ dönəminə aid administrativ sərhədlərinin nəzarət altına almaq vəzifəsini yerinə yetirməyə üstünlük verəcək. Və bu, böyük ehtimalla Rusiya cəmiyyəti üçün nəzərdə tutulmuş açıqlamadır.
Əslində isə Rusiyanın Ukraynanın işğal edilməsinə hərbi potensialı yetərli olmadı. Savaşın ilk günlərində elan edildiyinin əksinə olaraq, Kreml Ukraynada hakimiyyəti dəyişmək hədəfindən də uzaq qaldı. Ən əsası isə Rusiya ordusu Ukraynanın rusdilli əhalisinin dəstəyini qazana bilmədi və Kreml bu sosial təbəqənin rəğbətini demək olar ki, həmişəlik itirdi.
Digər tərəfdən, Ukraynanı da bu mərhələdə savaşın qalibi hesab etmək bir qədər çətindir. Çünki bu ölkə də ağır dağıntılara məruz qalıb. İndi Ukraynanın savaş ucbatlndan üzləşdiyi maliyyə-iqtisadi itkilər yüz milyardlarla dollar məbləğində hesablanır. Və Ukraynanın bərpa olunmasına bundan sonra yəqin ki, həm onilliklər, həm də külli miqdarda maliyyə vəsaiti lazım gələcək.
Ancaq Ukrayna savaşının nisbi qalibi də olmamış deyil. Belə ki, ABŞ və Qərb Ukrayna savaşında özünün bir çox strateji hədəflərinə çatmağa nail oldu. Xüsusilə də, ABŞ hazırda mövcud olan savaş nəticələrindən məmnun ola bilər. Hər halda, Ağ Ev ABŞ-ın iki əsas beynəlxalq düşmənindən biri hesab etdiyi Rusiyanı "savaş bataqlığı"na çəkməyi bacardı. İndi ABŞ-ın yeni hədəfi Rusiyanı "savaş bataqlığı"nda mümkün qədər uzun müddət tutaraq, öz düşmənini daha da zəiflətməkdən ibarətdir.
Digər tərəfdən, Ağ Ev daha iki önəmli strateji hədəfinə də çatdı. ABŞ Kremlı "qoca qitə"nin uc sərhədləri hesab olunan Ukraynada "savaş bataqlığı"na çəkməklə, Avropa Birliyi ölkələrini Rusiya təhlükəsi ilə qorxutmağı bacardı. Avropa Birliyi ölkələrini Ukraynaya silah-sursat və maliyyə-iqtisadi yardım göstərmək məcburiyyətində buraxmaqla, Rusiya ilə savaşa bulaşırdı. Son vaxtlara qədər ABŞ-la rəqabət aparan Avropa Birliyi ölkələri bundan sonra Ağ Evin təlimatlarına boyun əyməli olacaq. Yəni, Ağ Ev Avropa Birliyinin ABŞ-ın təsir dairəsinə salınmasına nail oldu.
Nəhayət, Ağ Ev Ukrayna savaşı sayəsində NATO-nu da xilas etdi və ya bu hərbi-siyasi alyansın ömrünü uzatdı. Halbuki, Ukrayna savaşından öncə NATO-ya üzv olan Avropa Birliyi ölkələri bu qurumun mövcudluğuna artıq ehtiyac olmadığını iddia edirdilər. Hətta NATO-ya ödənilən külli miqdarda üzvlük haqları hesabına Avropa Birliyi ölkələrinin ortaq ordusunun yaradılması ideyasının da müzakirəsinə başlamışdılar. Və anlaşılan odur ki, Avropa Birliyi ölkələri bundan sonra uzun müddət NATO-nun ləğv edilməsi barədə danışmağa cəsarət etməyəcəklər.
Göründüyü kimi, müharibə meydanında Rusiya və Ukrayna vuruşsa da, əslində, qalibiyyət faktorları məhz ABŞ-ın əlində cəmləşib. Bu baxımdan, hesab etmək olar ki, Rusiya və Ukrayna müəyyən mənada, məhz ABŞ-ın strateji maraqlarını təmin etmək üçün savaşmış oldular. Bu reallıq ABŞ-ı nə qədər savaşın yeganə qalibi statusunda göstərirsə, Rusiya və Ukraynanı da bir o qədər məğlub ölkələr durumuna salır.
Maraqlıdır ki, həm Kreml, həm də rəsmi Kiyev artıq bu reallığı anlamağa başlayıb. Ona görə də, hər iki tərəf savaşdan mümkün qədər sərfəli şərtlər altında çıxmağın yollarını axtarmağa başlayıblar. Belə ki, indi hər iki tərəf üçün "qürurlu sülh müqaviləsi" modeli vəziyyətdən uğurlu çıxış yolu hesab oluna bilər. Halbuki, indiki halda, belə bir modelin tapılması da qətiyyən asan məsələ deyil.
Məsələ ondadır ki, rəsmi Kiyev Ukrayna ərazilərinin, Krım və Donbas da daxil olmaqla, tamamilə Rusiya ordusundan təmizlənməsini belə bir model kimi qəbul etməyə hazırdır. Kreml isə Krım və Donbası öz nəzarətində saxlamaq şərtilə, Ukraynanın bloklara qoşulmayan neytral dövlət statusu qazanmasını Rusiya üçün ən məqbul variant hesab edir.Maraqlıdır ki, Ukraynaya qarşı savaşa başlamaqla, nə qədər böyük strateji səhvə yol verdiyini Kreml indi daha yaxşı anlayır. Ona görə də, məğlubiyyətin əhatə dairəsini mümkün qədər azaltmaq üçün Rusiya qoşunlarını Ukraynanın Donbas bölgəsində cəmləşdirməyə çalışır. Çünki, Kreml bu bölgədə qüvvələr nisbətini öz xeyrinə dəyişməklə, Rusiyanın sülh danışıqları prosesində əlinin güclənəcəyinə ümid bəsləyir. Halbuki, rəsmi Kiyev də Kremlə belə üstünlük şansı vermək niyyətində deyil. Və Ukrayna ordusunu Donbas bölgəsinə yönəltməyə çalışmaqla, Rusiyanı çətin vəziyyətə salmağı hədəfləyir.
Təbii ki, Rusiya və Ukraynanın bu hərbi manevrləri yenə də ABŞ və Qərbin maraqlarına cavab verir. Belə ki, ABŞ və Qərb Ukrayna savaşının mümkün qədər uzadılmasında birmənalı şəkildə maraqlıdır. Ağ Ev indi Ukrayna ordusuna Donbas bölgəsində uzunmüddətli savaş üçün böyük önəm daşıyan yeni silah növləri verməyə hazırlaşır. Yəni, ABŞ indi ilkin mərhələsində yeganə qalib dövlət statusu qazandığı Ukrayna savaşının mümkün qədər uzadılmasının planlarını qurmağa başlayıb. Və buna nail olub-olmayacağı yəqin ki, savaşda iştirakçı olan tərəflərin atacağı addımlardan, verəcəkləri qərarlardan aslılı olacaq.
Elçin XALİDBƏYLİ


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ