Bu, Ermənistana baha başa gələcək – Deputat
Tarix: 13-01-2022, 17:38
Baxılıb: 323
Google+ Paylaş
Tumblr Paylaş

Bu, Ermənistana baha başa gələcək – Deputat

13-01-2022, 17:38

“Prezident İlham Əliyev dünən Azərbaycan televiziyalarına verdiyi müsahibə zamanı bir çox mətləblərə aydınlıq gətirdi. Ölkə başçısı bu günə kimi deyilməyən, sirr olaraq qalan bir çox məsələləri də səsləndirdi. Ötən 1 il ərzində görülmüş işlər nəticəsində çox böyük işlərin reallaşdırıldığı vurğulandı. Həqiqətən də biz müharibə bitdikdən sonra ATƏT-in Minsk qrupunun açıqlamalarını, bəyanatlarını daha sonrakı dövrdəki bəyanatları ilə müqayisə etsək, görərik ki, hökumətin, xüsusən də Prezident İlham Əliyevin etdiyi gedişlər və atdığı diplomatik addımlar nəticəsində Azərbaycanın zəfərinin, qələbəsinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması mümkün oldu”. 
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili bildirib ki, artıq Azərbaycanın qələbəsi hər kəs tərəfindən qəbul olunmaqdadır:
“Bununla yanaşı, Ermənistan tərəfi ötən müddət ərzində danışıqlardan qaçmağa, sülh anlaşmasının imzalanmasından yayınmağa çalışdı. Üçtərəfli bəyanatın müddəalarını yerinə yetirməkdən müəyyən dərəcədə boyun qaçırmağa can atırdı. Ermənistan bu müddət ərzində müəyyən təxribatlar törədirdi ki, bu təxribatların da cavabı Azərbaycan Ordusu tərəfindən layiqincə verilirdi. Bu gün də həmin təxribatlara layiqli cavab verilməkdədir, təəssüf ki, Ermənistanda bəzi revanşist qüvvələr mövcud reallıqları dərk etmək istəmirlər. Eyni zamanda Ermənistandakı bəzi siyasi dairələr hələ də İkinci Qarabağ savaşının nəticələrindən düzgün nəticələr çıxarmayıblar. Cənab Prezident öz müsahibəsində bir daha qeyd etdi ki, Ermənistan tərəfi bundan sonra da təxribatlara əl atarsa, bu dəfə onların cəzası daha ağır formada veriləcək. 
Xüsusilə Moskva, Brüssel və Soçi görüşlərindən sonra sülh anlaşmasının imzalanması, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı ilkin razılıqların əldə olunması, Zəngəzur dəhlizinin işə düşməsi ilə əlaqədar İrəvanın bütün bunlardan sonra fikirlərində dəyişikliklər yaranması onu deməyə imkan verir ki, Azərbaycan çox düzgün yoldadır. Azərbaycan faktiki olaraq prosesləri özü irəli aparır. Amma Ermənistan tərəfi faktiki olaraq hələ də ləng tərpənməkdədir. Təbii ki, sülh anlaşması müharibə riskini bir xeyli azaldacaq. Ancaq bu o demək deyil ki, Ermənistan yenə də dinc duracaq. Ona görə də Azərbaycan hər zaman güclü olmalıdır. Azərbaycan çalışmalıdır ki, regionda öz gücünü və qüdrətini qoruyub saxlasın. 44 günlük Vətən müharibəsi zamanı biz gördük ki, xalq-ordu və lider-Ali Baş Komandan birliyi dəmir yumruğa çevrildi. Bu dəmir yumruq düşmənin başına ağır zərbə endirdi. Bu gündən sonra da Azərbaycan xalqı, Azərbaycan Ordusu cənab Prezident İlham Əliyevin ətrafında sıx şəkildə birləşməlidir və biz bugünkündən də güclü olmalıyıq ki, həmişə regionun əsas güc sahibi olan dövləti kimi qalaq”. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ