TDT türk dövlətlərini KTMT-dən ala biləcəkmi - təhlil
Tarix: 13-01-2022, 09:57
Baxılıb: 372
Google+ Paylaş
Tumblr Paylaş

TDT türk dövlətlərini KTMT-dən ala biləcəkmi - təhlil

13-01-2022, 09:57

Türk dövlətlərinin ortaq hərbi qüvvələrinin yaradılması təklif edilir; politoloq: “Ermənistanın sərhəddə təxribatları artırmaqda məqsədi var, Qazaxıstandakı hadisələrdən həvəslənərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını oyuna cəlb etmək istəyirlər”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstanla bağlı fövqəladə sammitləri baş tutdu. Tədbirlərin yekunları nə deyir, hansı nəticələr çıxarmaq olar? Qazaxıstanın suverenliyi və ərazi bütövlüyünün qarantı daha çox hansı qurum olacaq - KTMT, yoxsa TDT? Ümumiyyətlə, TDT iki türk dövlətini - Qazaxıstan və Qırğızıstanı KTMT-dən qopara biləcəkmi?
Türkiyəli general, hərbi ekspert Yücel Karaüz  Qazaxıstana KTMT hərbi qüvvələrinin daxil olması presedentini misal gətirərək deyib ki, Turan birliyini qorumaq üçün mədəni əlaqələrin güclənməsi, iqtisadi əməkdaşlıq yetərli deyil, Türk dövlətlərinin ortaq hərbi qüvvələrinin yaradılması da vacibdir.
Amma necə? Mexanizm necə olacaq. Bəlkə öncə yalnız Türkiyə, Azərbaycan və Orta Asiyanın bir türk dövləti ilə bunu qurmaq faydalı olar?
ABŞ-ın Azərbaycandakı səfirinin İrəvan səfəri - pərdəarxasında nə var?
Elxan Şahinoğlu 
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Rusiyanın aparıcı qəzetlərindən birinin Qazaxıstanla bağlı məqaləsinin başlığa çıxardığı təhqiramiz ifadə çox nəsnədən xəbər verirdi. Qəzetin “Rusiya Qazaxıstanı türk dünyasının zəncirindən qopartdı” başlıqlı məqaləsinin, xüsusilə bu başlığın mənası o idi ki, Rusiya hərəkətə keçməsəydi, qəzetin təbirincə desək, “Qazaxıstan türk dünyasına zəncirlənmiş olaraq qalacaqdı”. Başlığın və məqalənin bir başqa mənası odur ki, Rusiya türk dünyasının sıx inteqrasiyasına imkan vermək istəmir: “Bu, Kremlin türk dünyasının inteqrasiyasında daha çox maraqlı olan Türkiyəyə və Azərbaycana da mesajıdır. Çünki türk interqasiyasının nüvəsini Türkiyə-Azərbaycan ittifaqı təşkil edir. Ancaq Qazaxıstansız türk inteqrasiyası mümkün deyil. Rusiya türk halqasını dağıtmağa çalışır.
Qazaxıstan prezidenti Tokayevin Rusiya qoşunlarını ölkəsinə çağırması türk inteqrasiyasına zərbə oldu. Rusiyanın Mərkəzi Asiyada rolu artdığından Ankaranın bu məkanda manevr imkanları nisbətən məhdudlaşıb. Kremlin növbəti hədəfi Özbəkistandır. Ankara bundan məlumatlı olmamış deyil. Ankara Rusiyanın bu “zəncirləmə halqasını” qırmağa çalışmalıdır, əks halda, türk inteqrasiyası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kölgəsində qalacaq.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderləri yanvarın 10-da onlayn konfrans keçirdilər. Onlar Qazaxıstandakı son hadisələri müzakirə etdilər. Rusiya prezidenti Vladimir Putin Qazaxıstandakı olaylarda Qərbə işarə edərək “rəngli inqilabların” qarşısını almaq üçün aralarındakı əməkdaşlığı gücləndirməyin vacibliyini vurğuladı. Belarus prezidenti Aleksandr Lukaşenko isə “rəngli inqilabın” növbəti ünvanını - Özbəkistanı göstərdi. Belarus prezidenti bu açıqlaması ilə bilərəkdən və ya bilməyərəkdən özü növbəti təlatümün düyməsinə basıb.
Ermənistanın baş naziri Nikol Paşinyan isə yaranmış fürsətdən istifadə edərək Qazaxıstandakı son olaylarla İkinci Qarabağ müharibəsi arasında bu cür paralel apardı: “Qazaxıstanda olduğu kimi Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər yeni təhlükələrlə üz- üzə qala bilər”.
Beləliklə, Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərdi. Paşinyan demək istədi ki, “Ermənistan beynəlxalq terrorçularla üzləşəndə Siz bizə dəstək vermədiniz, qoşunlarınızı göndərmədiniz, Qazaxıstana isə dərhal reaksiya verdiniz, gələn dəfə bizim çağırışı da eşidin”.
Əlbəttə, Paşinyanın növbəti sayıqlamasına fikir verməmək də olardı. Azərbaycan öz ərazisini azad etmək uğrunda savaşırdı, ordumuz üzərinə düşəni etdi. Paşinyan isə yenə “beynəlxalq terrorçular” haqqında nağıl danışmağa çalışıb. Buna baxmayaraq, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib. KTMT-nin son toplantısının ortaya çıxardığı mənzərə bunlar oldu".
Politoloq qeyd etdi ki, bundan sonra xüsusilə diqqətli olmalıyıq. İrəvan Azərbaycanla sərhəddə, o cümlədən Qarabağ separatçılarının əli ilə gərginliyi artırıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət üçün bəhanə axtarır: “Ermənistan ordusu yanvarın 11-də Kəlbəcər istiqamətində, sonra isə Tovuz istiqamətində sərhəddə təxribat törətdi. Kəlbəcər istiqamətində Azərbaycan hərbçisi həlak oldu. Ermənistan hakimiyyətinin sərhəddə təxribatları artırmaqda məqsədi də var, Qazaxıstandakı hadisələrdən həvəslənərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını oyuna cəlb etmək istəyirlər. Ermənistan təxribatlarla təşkilatın nəbzini yoxlayır, bundan sonra ”bizə kömək edin" şəklində müraciətləri istisna deyil. Odur ki, belə vəziyyətdə Azərbaycan Türkiyə ilə hərbi ittifaqı gücləndirməlidir".
Ekspertin sözlərinə görə, Qazaxıstan hadisələri göstərdi ki, hazırda TDT türk dövlətlərini KTMT-dən qoparmaq imkanında deyil: “Türk Dövlətləri Təşkilatının Qazaxıstana təsirləri hələ ki Rusiyanın təsiri qədər deyil. Elə Qazaxıstan olayları, KTMT sülhməramlısı adı ilə əslində Rusiya qoşununun Qazaxıstana daxil olması həm də bu ölkənin türk dünyası ilə yaxınlaşmasının qarşısını almaq, onu TDT-dən uzaqlaşdırmaq üçündür. Türk dövlətlərinin ortaq hərbi qüvvələrinin yaradılması üçün öncə atılacaq addımlardan biri Türkiyə-Azərbaycan hərbi ittifaqının gücləndirilməsidir. Bu ittifaq nüvə rolunu oynaya bilər. Türk dövlətlərinin istər TDT formatında, istərsə də hərbi ittifaq formatında birliyi gücləndirilmədən keçirilən sammitlər istənilən effekti verməyəcək və qeyd olunan türk dövlətlərini KTMT-dən qoparmaq mümkün olmayacaq. Məsələnin digər tərəfi isə odur ki, gərək həmin dövlətlərin özlərinin KTMT-dən çıxmaq istəyi olsun. Bu istək olmadan TDT-nin hər hansı cəhdləri boşuna gedər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ