"COVID dalğası" xəbərdarlığı: vəziyyət pisləşəcək?
Tarix: 1-11-2022, 12:19
Baxılıb: 379
Google+ Paylaş
Tumblr Paylaş

"COVID dalğası" xəbərdarlığı: vəziyyət pisləşəcək?

1-11-2022, 12:19

Avropa Dərman Vasitələri Agentliyi xəbərdarlıq edib ki, yaxın həftələrdə Avropa COVID-19-a yoluxmaların yeni dalğası ilə üzləşəcək. Qurumun nümayəndələri pandemiyanın hələ bitmədiyini, virusun “omikron” variantının mutasiyasının davam etdiyini bildiriblər. Onların sözlərinə görə, payız və qışda qrip və COVID eyni vaxtda yayılacaq. Bununla əlaqədar, avropalılara, xüsusilə risk qrupunda olanlara peyvənd olunmaq, profilaktik tədbirlər görmək tövsiyə edilir.
Virusun son mutasiyası vəziyyəti yenidən dəyişə bilərmi? ADVA-nın xəbərdarlığı bizi nə qədər narahat etməlidir?
Tibbi elmləri doktoru, professor Adil Qeybulla Publika.az-a bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın bitməsi ilə bağlı raportu yoxdursa, bu proses də ciddi nəzarət altında olmalıdır:

“Pandemiya davam edir, yeni dalğalar ola bilər. Amma bu dalğaların əvvəlkilər kimi güclü və ölümcül olacağını düşünmürəm. Ola bilsin ki, yoluxuculuq indeksi yüksək olsun, amma ölüm faizi və ağırlaşma riskinin həmin səviyyədə olması proqnozlaşdırılmır. Payızda yuxarı tənəffüs yollarının respirator xəstəliklərinin xüsusi çəkisi artır. “Omikron” ştamının mutasiyası da davam edir. Nəzərə alaq ki, bütün dünyada kollektiv immunitet yaranmayıb, xüsusilə Afrikada immundefisitli xəstələrin, sifilis, AIDS, HİV daşıyıcılarının sayı çoxdur. Orada COVID-19-a yoluxanların bədənində virus uzun müddət qalır və mutasiyaya uğrayır, yeni formaları yaranır. Buna baxmayaraq, ayrı-ayrı ölkələrdə kütləvi vaksinasiya və yoluxma nəticəsində yaranan immunitetin fonunda ciddi bir dalğanın olacağı proqnozlaşdırılmır”.
Professorun sözlərinə görə, meydana çıxacaq yeni situasiyada buster dozanın vurulmasına ehtiyac yarana bilər:
“Hazırda daha çox profilaktik tədbirlərə ehtiyac var. Sərhədlərin bağlı olması da karantin rejiminin davam etdiyinə, istənilən an epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilə və yumşaldıla biləcəyinə işarədir. Buna görə də biz hər bir sürprizə hazır olmalıyıq. Bəzən insanlar buna adekvat yanaşmırlar, hələ də COVID-i yalan hesab edən zehniyyətlər var. Amma nəzərə almaq lazımdır ki, dövlətin gördüyü tədbirlər ÜST tərəfindən koordinasiya edilir və dünyanın xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin nəzarətindədir. Biz də bu tədbirlərə mütləq əməl etməliyik. Bu, əslində həm də milli təhlükəsizlik məsələsidir”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ