Əliyevlə Paşinyan dekabrda görüşəcəkmi? - İrəvan nikbindir, Bakı isə...
Tarix: 3-12-2022, 11:57
Baxılıb: 521
Google+ Paylaş
Tumblr Paylaş

Əliyevlə Paşinyan dekabrda görüşəcəkmi? - İrəvan nikbindir, Bakı isə...

3-12-2022, 11:57

İlin sonunadək Brüssel formatında görüş reallaşmasa...

Azərbaycan Prezidentinin məlum açıqlamasından sonra İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüşün nə vaxt, harada baş tutacağı məsələsi açıq qalıb. Eyni zamanda, erməni tərəfində bundan dolayı bir təlaş yaşanır. Vəziyyəti hətta 2020-ci ilin 27 sentyabr ərəfəsi situasiyaya bənzədənlər var. Nə vaxt ki, Paşinyan hökumətinin sülh oyunbazlığı böyük müharibəyə gətirmişdi. Odur ki, erməni rəsmiləri Nikol Paşinyanın “yanlışı”nı düzəltməyə çalışırlar.
“Ermənistan Azərbaycanla danışıqların gedişində yaranmış vəziyyəti çıxılmaz hesab etmir”.
Bunu jurnalistlərə müsahibəsində parlamentin xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Mülki müqavilə” partiyasının üzvü Eduard Ağacanyan deyib.
“Biz vəziyyəti dalana dirənmiş saymırıq, sadəcə, bildiririk ki, görüşlə bağlı aydın razılıq olub və Ermənistan bu razılaşmadan imtina etmir”, - deputat vurğulayıb.
Onun iddiasına görə, “Azərbaycanın mövqeyi və iş metodları yeni deyil” və guya əvvəllər də Azərbaycanın razılaşmaları yerinə yetirməkdən imtina etməsi halları olub: “Təbii ki, vəziyyəti müsbət adlandırmaq çətin olsa da, biz bunu dalana dirənmiş nöqtə hesab etmirik. Ermənistan tərəfi dekabr ayı ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün təşkili üzərində işləyəcək”.
Xatırladaq ki, Azərbaycan lideri noyabrın 25-də Bakıda ADA Universitetində keçirilən beynəlxalq tədbirdə dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağını açıqlayıb. Səbəb kimi də Ermənistan tərəfinin danışıqlarda Fransa prezidentinin iştirakında israr eləməsini göstərib.
Öz növbəsində Ermənistan Xarici İşlər Nazirliyi görüşdən imtina etmədiyini və onun keçirilməsinə mane olmadığını bəyan edib. Ermənistan XİN həmçinin iddia edib ki, Praqadakı son görüş Fransa prezidentinin iştirakı ilə dördtərəfli formatda keçirilib və guya oxşar formatda görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub.
Göründüyü kimi, İrəvan nikbindir, Bakı isə görüş naminə görüşlərə qatılmayacağını dəfələrlə bildirib. Xüsusən də sülh prosesini tormozlamaq üçün əlindən gələni edən bir fitnəkar dövlətin - Fransanın prezidenti Emmanuel Makronun da qatılacağı görüşlərə.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ