Araz üzərindəki hidroqovşaqlarla bağlı Bakı və Tehran razılığa gəldi
Tarix: 19-04-2022, 09:59
Baxılıb: 439
Google+ Paylaş
Tumblr Paylaş

Araz üzərindəki hidroqovşaqlarla bağlı Bakı və Tehran razılığa gəldi

19-04-2022, 09:59

Nazirlik: “Su anbarında işlər 95 faizdən çox tamamlanıb”

Azərbaycanla İran Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsinə dair razılığa gəlib. Bu barədə iki tərəfin yaratdığı Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar Birgə Texniki Komissiyanın iclasında məlumat verilib.
İclas İranda "Qız Qalası" bəndində iki ölkənin nümayəndələrinin iştirakı ilə keçirilib. İran və Azərbaycan Xudafərin və "Qız Qalası" elektrik stansiyaları ilə bağlı öncədən razılaşdırılmış sənədlərin icrası, eləcə də hidroqovşaq və elektrik stansiyalarında işlərin davam etdirilməsi, investisiya və podratçıların müəyyənləşməsi haqqında razılıq əldə ediblər.
İşlərin tamamlanması üçün 22 milyon ABŞ dollarından artıq xərc lazım olduğu və elektrik stansiyalarına dair müqavilənin DB qaydası ilə müəyyənləşməsi haqqında razılıq əldə olunub. Yaxın 4 ay ərzində podratçıların müəyyənləşməsi və işlərin icrasına başlanılması proqnozlaşdırılır (APA).
Qeyd edək ki, adları çəkilən hidroqovşaqlarla bağlı Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə danışmışdı: “Bu il ”Xudafərin" və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir. İran İslam Respublikası ilə danışıqlar aparılır və hesab edirəm ki, daha da sürətlə aparılmalıdır ki, biz tezliklə burada da razılığa gələk. Çünki bu stansiyaların potensialı çox böyükdür - 240 meqavat gücündədir və bu stansiyalar inşa ediləndən sonra bunun yarısı bizə çatacaq".
Tarixinə nəzər salsaq, görərik ki,  “Xudafərin” və “Qız Qalası” layihələrinin, təxminən yarım əsrlik tarixi var. Belə ki, 1970-80-ci illər ərzində SSRİ ilə İran mütəxəssisləri arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə çoxsaylı qarşılıqlı razılaşma əldə edilib. 1988-ci il dekabrın 6-da iki ölkə arasında layihəyə dair əməkdaşlıq haqqında Saziş imzalanıb. 1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin tikintisinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycanın müstəqilliyinin bərpasından sonra da layihənin həyata keçirilməsi üzrə fəaliyyət davam etdirilib.1992-ci il mayın 18-də Azərbaycan Nazirlər Kabineti “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikilməsi məsələləri haqqında 267 saylı Qərar qəbul edib və layihənin reallaşdırılması “Azərenerjitikinti” dövlər şirkətinə həvalə edilib. 1992-ci il mayın 25-də “Azərenerjitikinti” şirkəti İran Enerji Nazirliyinin Şərqi Azərbaycan su idarəsi ilə Araz çayı üzərində 2 avtomobil körpüsünün tikintisi, müvəqqəti avtomobil yollarının və asfalt-beton örtüklü daimi yolların salınmasına dair Saziş imzalanıb.  Bu sazişin icrası daxilində biri “Xudafərin”, digəri isə “Qız Qalası” layihəsi üçün nəzərdə tutulan iki körpünün tikilməsinə başlanılıb.
Xudafərin” və “Qız Qalası” layihəsi ilə bağlı — Tarixi faktlar
1993-cü ilin fevralında “Xudafərin” bəndinin tikintisi üçün yardımçı körpünün açılış mərasimi keçirilib. Paralel olaraq Azərbaycan hökuməti “Qız Qalası” layihəsi üçün də yardımçı körpünün tikintisinə başlasa da, ərazilərin Ermənistan tərəfindən işğalı səbəbindən Azərbaycan şirkətləri bəndlərin tikintisində fəaliyyətlərini tamamilə dayandırıb və bundan sonra körpünün tikintisi İran tərəfindən başa çatdırılıb.
SSRİ dağılandan sonra müstəqil Azərbaycan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi, istismarı, su və elektrik enerjidən istifadə şərtlərinə dair İranla ikitərəfli saziş bağlamalı idi. İki ölkə arasında tikinti, birgə istifadə və idarəçiliklə bağlı hökumətlərarası çərçivə sazişi olmasa da,  su ehtiyatlarına kəskin ehtiyac duyan İran rəsmi Bakının da müvafiq qərarı olduğunu nəzərə alaraq ərazilərimizin işğalından sonra tikintini birtərəfli qaydada davam etdirib.
İranla uzunmüddətli danışıqlardan sonra 2016-cı ilin fevralında Azərbaycanın bu infrastruktura sahibliyi, su və elektrik enerjisinin bərabərhüquqlu istifadə qaydaları, bəndlərin tikintisinin davam etdirilməsində, istifadə və istismarında Azərbaycanın iştirakını və nəzarətini təmin edən Saziş imzalanıb. Sazişin 1-ci maddəsində deyilir ki, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında tikintinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcək.
Ərazilərimiz işğaldan azad olunana qədər İran tərəfinin təxminən 700 milyon dollara başa gəldiyi bildirilən hidroqovşaqların tikintisinə çəkdiyi xərclərdən Azərbaycanın payına düşən hissə bəndlər üzərində inşa olunan su elektrik stansiyalarından əldə olunan elektrik enerjisi ilə ödəniləcək.
Xudafərin və Qız Qalası hidroqovşaqlarında turbinlərin quraşdırılmasına  başlanıb
Azərbaycan Nazirlər Kabinetinin 2017-ci il 28 fevral tarixli 150s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində ”Xudafərin" və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"in 2-ci maddəsinə əsasən yaradılmış Birgə Texniki Komissiyanın ilk iclası 2018-ci ilin 7 may tarixində İran İslam Respublikasının Tehran şəhərində keçirilib.
Məlumat üçün bildirək ki, “Xudafərin” SES-in ümumi gücü 200 meqavat (100 meqavat Azərbaycan tərəfinin payına düşür), “Qız Qalası” SES-in ümumi gücü isə 80 meqavatdır (40 meqavat Azərbaycan tərəfinin payına düşür). Hər iki SES-də ildə ümumilikdə 716 milyon kilovat/saat (358 milyon kilovat/saat Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır. Eyni zamanda hidroqovşaqların istismara verilməsi nəticəsində Azərbaycan tərəfində 252 min hektar mövcud, 12 min hektar isə yeni kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təminatı nəzərdə tutulur.
Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədilə Birgə Texniki Komissiya 2017-ci ildə yaradılıb.
Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi işləri 99 faiz başa çatdırılıb. Su elektrik stansiyalarının tikintisinin və hidroqovşaqların istismara verilməsi üçün qalan digər işlərin görülməsi sahəsində Azərbaycan tərəfindən layihələr üzrə sifarişçi “Azərenerji” ASC-dir.
Sazişə əsasən hidroqovşaqların və su elektrik stansiyalarının qorunması, istifadəsi və saxlanılmasına görə məsuliyyət bərabər şəkildə tərəflərin üzərinə düşüdür. İran o zamankı mövcud şəraitdə, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycnın ərazi bütövlüyü bərpa olunanadək bu məsuliyyəti fors-major halları istisna olmaqla, öz üzərinə götürb. Azərbaycana məxsus “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi başa çatdırılsaydı, onlarda istehsal olunan elektrik enerjisi Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran ərazisində istifadə edilə bilərdi. Azərbaycan tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmək hüququna malik idi.
Energetika Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata əsasən elektrik enerjisini istehsal edən hidroqovşaqlar və su elektrik stansiyalarının tikintisinin 2-2,5 ilə yekunlaşması gözlənir.
““Xudafərin” su anbarının tutumu 1,612 milyard kubmetr, minimal həcmi isə 117 milyon kubmetr təşkil edir. Su anbarında işlər yekunlaşdırılıb. “Qız Qalası” hidroqovşağının su tutumu 56,75 milyon kubmetr, minimal həcmi isə 7,5 milyon kubmetr təşkil edir. Su anbarında işlər 95 faizdən çox tamamlanıb".
Onu da qeyd edək ki, ərazilərimizin işğaldan azad olunmasından sonra “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi məsələsi İranla Azərbaycan arasında münasibətlərin gündəmində olub. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi ərazidə yeni reallıqlar yaradıb. Bu reallıqlar hidroqovşaqların tikintisindən də yan ötməyib. İndiyədək tikintini təkbaşına aparan İran tərəfi Azərbaycanın 2016-cı il sazişindən irəli gələn səlahiyyətlərinin icrasına başlaması prosesini təmin edib.
Hər iki qovşaqda su bəndlərinin tikintisi son mərhələdədir. Artıq su elektrik stansiyalarının tikilməsi məsələsi gündəmdədir. İranın ABŞ-ın sərt sanksiyaları altında olduğunu nəzərə alsaq, stansiyalar üçün tələb olunan müasir avadanlıqları əldə etməkdə çətinliklər yaşaması çox realdır. Bu baxımdan, Azərbaycanın İran tərəfinə böyük yardımı toxuna bilər.
Azərbaycanın azad olunan ərazilərində alternativ mənbələrdən elektrik enerjisi istehsalı üçün böyük potensial mövcuddur. Hökumət bu potensial hesabına əldə ediləcək enerjinin bir qisminin İran ərazisindən Naxçıvana çəkiləcək elektrik xətti ilə ixracını planlaşdırır. İranla əldə olunan razılığa əsasən Naxçıvana, oradan isə Türkiyəyə dəmir və avtomobil yolları ilə yanaşı yüksək gərginlikli elektrik xətlərinin də çəkilməsi nəzərdə tutulur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ