“Köhnə komanda”dan xilas davam edir - köklü islahatlar tələb edən sahələr
Tarix: 19-04-2022, 09:58
Baxılıb: 565
Google+ Paylaş
Tumblr Paylaş

“Köhnə komanda”dan xilas davam edir - köklü islahatlar tələb edən sahələr

19-04-2022, 09:58

Prezident İlham Əliyev 90-cı illərin ortalarından, 2000-ci ilin əvvəlindən və ya ortasından vəzifədə olan məmurların tam əksəriyyətini pensiyaya göndərib, onlarla sağollaşıb. Hakimiyyət demək olar, təzələnib, nisbətən gənc kadrlar vəzifə başına gətirilib. 
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevdən sabiq nəqliyyat naziri Ziya Məmmədova, eləcə də BŞİH-in keçmiş rəhbəri Hacıbala Abutalıbovdan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadəyə kimi köhnələr gedib. Sonuncu “köhnə” kadr Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov sayılırdı ki, onu da ötən həftə yola saldılar.
Bəs bu cür irimiqyaslı kadr dəyişiklikləri idarəçilikdə, xalqın güzəranında nələri dəyişdi?
Dəyişməli ən vacib sistem məhkəmə sistemidir ki, ona da rəhbərlik edən fiqur 17 ildir Ali Məhkəmənin sədri olan Ramiz Rzayev sayılır. Hər zaman da bu sistemdən narazılıq ifadə olunub. Bütün islahatlar ədalətli məhkəmə sisteminə bağlıdır. Bu olmasa, islahat anlayışını ictimai şüura yeritmək mümkün olmayacaq.
Görünən odur ki, Ramiz müəllimin hələ də kreslodan könüllü getmək fikri yoxdur...
Razi Nurullayev Baş Prokurorluğa çağırıldı - SƏBƏB
Razi Nurullayev: “”Bütün ölkələrin inkişafı müstəqil, ədalətli məhkəmədən keçir" Qulamhüseyn Əlibəyli: “İnsanlara münasibət dəyişməlidir”
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev ən vacib məsələlərə toxundu: “Bütün ölkələrin inkişafı müstəqil, ədalətli məhkəmədən keçir. Təəssüflər olsun ki, biz bunu bu gün Azərbaycanda yüz faiz əminliklə deyə bilmirik. Bu gün hələ də sistemdə problemlər var ki, həll olunmalıdır. İlk növbədə iş adamı, vətəndaş bilməlidir ki, onlar yüz faiz hüquqlarını məhkəmə vasitəsilə həll edə bilərlər. Amma bu mümkün görünmür. Buna görə də şikayətlərin sayı çoxalır. Tam məsuliyyətlə deyirəm ki, biz Azərbaycanda tam olaraq, ədalətli və müstəqil məhkəmə sistemi yarada bilsək, o zaman ölkədə olan şikayətlərin sayı ən azından 50-60% azalar”.
Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli müəyyən dəyişikliklərin olduğunu bildirdi: “Təbii ki, kadr dəyişikliyi müəyyən dəyişikliyə səbəb olsa da, əsaslı şəkildə islahata gətirib çıxarmır. Çünki əsaslı şəkildə islahat gərək sistemin özündə, daxilində insanlara münasibətdə dəyişikliyə səbəb olsun. Doğrudur, gənc kadrlar vəzifələrə çəkilirlər, onların şəxsiyyəti barədə heç nə demirik. Amma bəzən elə fəaliyyət göstərirlər ki, cəmiyyətdə dövlətə qarşı müəyyən əks münasibət yaratmış olur. Məsələn, sosial müdafiə sahəsi ilə bağlı xeyli narazılıqlar var. Başqa sahələrdə də müəyyən narazılıqlar müşahidə olunur. Əhali istəyir ki, hər şey birdən-birə həll olunsun. Sistemin özü dəyişmədən bunları etmək mümkün deyil. Bütün hallarda yeni kadrların vəzifə başına gətirilməsi müsbət haldır. Çünki bir kadr bir yerdə daha çox işləyəndə istər-istəməz ora bağlanır, özündə arxayınlıq yaranır. Amma yenilər çalışır ki, nəsə bir yenilik gətirsinlər. Bəzi hallarda bu uğurlu olmur, amma nəyəsə cəhd olunur. Hesab edirəm ki, dəyişikliklər davam etməlidir. Konkret olaraq oturub fikirləşməmişəm ki, köhnə kadrlardan kimlər gedib, kimlər qalıb. Düz qeyd olunur, məhkəmə sistemində ciddi problemlər var. Qanunvericilikdə dəyişikliklərə ehtiyac var. İnsanlara münasibət dəyişməlidir. Məhkəmə sistemində müstəqilliyi təəssüflər olsun ki, hələ görə bilmirik. Uzun illər bir vəzifədə işləmək bir növ həmin vəzifəni mənimsəmək kimi çıxır. Daha çox məhkəmə sistemində kadr islahatlarına ehtiyac var. Bu istiqamətdə deyilən fikirləri tam bölüşürəm”.
Rusiya Ukraynada biabırçı bir formada məğlub olacaq" - Qabil Hüseynli »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı
Qabil Hüseyni: “Demirəm ki, bu gənclər həddindən artıq səriştəlidir, amma...”
Sabiq dövlət müşaviri Qabil Hüseynli proseslərin davamlı olacağını düşünür: “Köhnə komanda daha çox rüşvətxorluğun, korrupsiyanın bir növ simvolu idi. Onlar çəkinmədən rüşvət və korrupsiyaya bulaşır, üstəlik də özlərinin birbaşa vəzifələrini həyata keçirməyə o qədər də meylli olmurdular. Heç kimə sirr deyil ki, son vaxtlara qədər idarəetmədə müəyyən boşluqlar, kadr özbaşınalığı var idi. İndi onların böyük bir qismi gənclərlə əvəz olunub. Demirəm ki, bu gənclər həddindən artıq səriştəlidir, işinin yönünü bilirlər və ona tapşırılmış işlərin öhdəsindən uğurla gəlirlər. Amma hər halda, rüşvət, korrupsiya amilinin müəyyən qədər azaldığının, hətta deyərdim ki, hiss ediləcək qədər bunun azaldığını deyə bilərəm. Cənab Prezident gəncləri işbaşına göndərərkən qəti surətdə xəbərdarlıq edir, hər hansı neqativ halın onların həyatında necə bir mənfi rol oynaya biləcəyini dönə-dönə onlara xatırladır. Məncə, gənclərin böyük bir hissəsi rüşvət və korrupsiyadan uzaq durmağa çalışırlar. Vəzifələrini yerinə yetirmək üçün ciddi səylər göstərirlər. Onlar çevikdirlər, proseslərə tez vaqif olmağa çalışırlar. Bu da idarəetmə aparatının səmərəliliyini və effektivliyini xeyli yüksəldir. Ölkədə bu proseslərin davam edəcəyi gözlənilir. Bu proseslər xüsusilə hakimiyyətin əsas qollarından biri olan məhkəmə sahəsini əhatə etməlidir. Ən biabırçı və xoşagəlməyən vəziyyət bu sahədə yaranıb və bu durum illərdir ki, davam edir. Zənnimcə, bu sahədə çox köklü islahatlara ehtiyac var. Ali Məhkəmənin sədri ilə yanaşı Ağır Cinayətlər Məhkəməsinin sədri də uzun zamandır o vəzifədədir, özünün şəxsi xarakterli işlərini həyata keçirməklə məşğuldur. Məhkəmə sistemində çox ciddi boşluqlar var. Bu sistem cəmiyyətimizin mənəviyyatına çox ciddi xəsarət vurur, çox ciddi əskiklər gətirir. Əminəm ki, ölkə Prezidentinin növbəti addımları məhkəmə sisteminin dəyişdirilməsi, reforma edilməsi və bura tamamilə çevik, dinamik kadrların gətirilməsi istiqamətində olacaq. Çünki bu məsələ ilə bağlı hamının giley-güzəranı var. Bu məsələnin bu formada saxlanılması ölkəmizdə idarəetmə sisteminin səmərəliliyini, effektivliyini xeyli dərəcədə azaldır. Ölkə Prezidenti hər zaman olduğu kimi məhkəmə sahəsində də müsbətə doğru dəyişmələr üçün lazım olan addımlar atacaq. Buna tam əminəm”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ