Tez gəlib, tez də çıxıb gedən KTMT qüvvələri - Qazaxıstan presedenti Qarabağa nə vəd edir?
Tarix: 15-01-2022, 13:08
Baxılıb: 195
Google+ Paylaş
Tumblr Paylaş

Tez gəlib, tez də çıxıb gedən KTMT qüvvələri - Qazaxıstan presedenti Qarabağa nə vəd edir?

15-01-2022, 13:08

Ekspert: “KTMT qüvvələrinin ölkədən bu qədər tezliklə çıxmasını Rusiya öncədən düşünməmişdi”

Qazaxıstan Prezidenti Kasım Jomərd Tokayevin KTMT qüvvələrinin yanvarın 13-dən ölkə ərazisindən 10 günə çıxarılmağa başlayacağı barədə verdiyi vəd ayın 13-dən həyata keçməyə başlayıb. KTMT qüvvələrinin ölkədən çıxarılmasına başlanıb. 
Tez gəlib, tez də çıxıb gedən KTMT qüvvələri. Bu presedent nədən xəbər verir? İddialar var ki, bu “Rus NATO-su” üçün gözlənilməz olmaqla yanaşı, onun imici üçün neqativ ştrixdir. Bəs Azərbaycan üçün, sülhməramlıların yerləşdiyi Qarabağımız üçün hansı anlama gəlir?
Bu arada sabiq prezident Nursultan Nazarbayevin kiçik qızı Aliya danışıb və qazaxıstanlılara atasına dəstəyə görə təşəkkür edib. Lakin Tokayevin, hakimiyyətin adını çəkməyib. Nazarbayevin özü isə dekabrın 28-dən üzə çıxmır. 
Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, KTMT qüvvələrinin Qazaxıstana tez gəlməsi daha çox Rusiyaya lazım idi: “Rusiya bununla bütün dünyaya göstərdi ki, mənim təsir dairəmdə olan ətraf ölkələrdə hər hansı bir hakimiyyət dəyişikliyinə, çevrilişə cəhd yaranarsa, əlimdə dərhal müdaxilə etmək və qarşısını almaq üçün operativ qüvvələr var. Rusiya bu mesajını çatdırmış oldu. Amma KTMT qüvvələrinin Qazaxıstandan bu qədər tezliklə çıxmasını məncə Rusiya öncədən düşünməmişdi. Odur ki, tez çıxmaq qərarı sonradan verilib. Mən hesab edirəm ki, bu, həm xarici amillərlə, həm də daxili amillə bağlı verilən qərardır. Xarici amil ondan ibarətdir ki, artıq ABŞ-dan açıq və sərtləşməkdə olan bəyanatlar verilməyə başlanmışdı. Avropa Birliyi sorğu-sual xarakterli mövqe ortaya qoymağa başlamışdı. Onsuz da Rusiya ilə Qərbin münasibətlərində kifayət qədər problemlər var. Moskva əlavə və daha böyük problemin yaranmasından zərər görəcəyini düşünərək buna ehtiyac olmadığı qənaətinə gəldi.
Murad Sadəddinov | Banker.az
Murad Sadəddinov
Daxili amil ondan ibarətdir ki, Tokayevi hakimiyyətdə qalmaq üçün möhkəmləndirmək lazımdır. Amma KTMT qoşunlarının ölkədə olması Qazaxıstan əhalisində, xüsusən ölkənin Qərbində prezident Tokayevə qarşı mənfi rəyi daha da kəskinləşdirir və genişləndirirdi. Bu mənfi rəy, bu proses yaxın gələcəkdə Tokayevin hakimiyyəti üçün böyük risklər vəd edirdi. Xarici qoşunlar ölkədə uzun müddət qalsaydı, bir qədər sonra qazax xalqının ayağa qalxması qaçılmaz ola bilərdi. Bu təhlükəni Rusiya dəqiq görürdü. Ona görə də bu faktoru aradan götürmək üçün KTMT qoşununun Qazaxıstandan çıxarılması qərarı verildi. Yəni əslində qoşunları ölkədən Tokayev çıxarmadı və burada onun iradəsi həlledici rol oynamadı".
Ekspertin sözlərinə görə, Qazaxıstana Rusiyanın KTMT qüvvələrini məlum formada daxil etməsi, reallaşa biləcək inqilabın qarşısını güc yolu ilə dərhal alması şübhəsiz digər ətraf ölkələr üçün də müəyyən presedent yaratmış oldu: “Artıq Rusiyanın ətrafında və təsir dairəsində olan respublikalarda, həmin respublikaların siyasi qüvvələrində, cəmiyyətlərində ehtiyatlılıq, ”hakimiyyət dəyişikliyinə cəhd etsək Qazaxıstanın aqibətini yaşayarıq" kimi düşüncə ən azı bir müddət formalaşacaq. Bu düşüncə ciddi çəkingənlik yaradacaq. Lakin Qazaxıstanla bağlı yaşanan sülhyaratma prosesini Qarabağa sülhməramlı missiya göndərməklə eyniləşdirmək istəmirəm. Çünki bunlar tamamilə fərqli məsələlərdir. Bunların arasında hər hansı bir eynilik, uyğunluq yoxdur. Müharibələrin başa çatdığı dönəmdə müxtəlif sülhməramlı qüvvələrdən istifadə olunması bəllidir. Ortada konkret sənəd var və o sənədə əsasən sülhməramlılar konkret müddətə daxil olublar, orada onların fəaliyyət dairəsi, Azərbaycan ərazisindən çıxarılma şərtləri hamısı göstərilib. Burada KTMT qüvvələri deyil, ancaq və ancaq Rusiyanın silahlı qüvvələrindən ibarət sülhməramlılardan söhbət gedir".
Nazarbayevin qızının xalqa təşəkküründə Tokayevin adını çəkməməsinə gəlincə, M.Sadəddinov qeyd etdi ki, Tokayevlə Nazarbayev klanı arasında problemlərin olduğu məlumdur: “Tokayev çıxışlarında Nazarbayev ailəsinə yaxın şirkətlərin adını çəkib və onları ölkənin çətin durumunda müxtəlif qanunsuz maliyyə əməliyyatları keçirməkdə suçlayıb. Bu amil də münasibətlərə öz təsirini göstərir. Amma bir qaranlıq məsələ qalır. Hələ Nursultan Nazarbayevin özünün dilindən hər hansı bəyanatın şahidi olmamışıq. Onun istefa verdiyini Tokayev açıqlayıb. Sonradan onun adından mətbuat nümayəndəsi çıxışlar edib. Lakin hadisələr başlayandan bəri Nursultan Nazarbayevin nə görüntüsü yayılıb, nə şəxsən özünün dilindən hər hansı bəyanat səsləndirilib. Onun nədən üzə çıxmadığı və danışmadığı ortaya suallar çıxarır”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ