Saysız qətllərə qol qoyan “narkom” – bir müddət qaçaqlıq edən Uspenski xaricə qaçmağa macal tapmayıb
Tarix: 18-04-2020, 13:21
Baxılıb: 785
Google+ Paylaş
Tumblr Paylaş

Saysız qətllərə qol qoyan “narkom” – bir müddət qaçaqlıq edən Uspenski xaricə qaçmağa macal tapmayıb

18-04-2020, 13:21

1930-cu illərdə SSRİ-də aparılan “Böyük təmizlik” və qanlı repressiya çoxlarının həyatına son qoyduğu kimi, elə çoxlarının da siyasi və hərbi karyerası üçün əlverişli şərait yaradıb. Çoxsaylı məmurların sürgünə göndərilməsi, güllələnməsi ölkədə böyük kadr dəyişikliyinə zərurət yaradıb. Bu zərurətdən səmərəli istifadə edənlərdən biri də Aleksandr Uspenski olub.
1938-ci ildə İosif Stalin Nikita Xruşovu Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinə 1-ci katib göndərəndə, Xruşov Stalindən bir neçə nəfərin müttəfiq respublikanın yüksək vəzifələrinə təyin olunmasını xahiş edib. O, həmçinin Aleksandr Uspenskinin Ukrayna “NKVD”-sinə rəhbər təyin edilməsi ilə bağlı fikirlərini də bildirib. Stalin Xruşovun təkliflərini qəbul edib. “NKVD”-yə rəhbərlik edən Nikolay Yejov Aleksandr Uspenskinin təyinatını dəstəkləyib, onun bacarıqlı kadr olduğunu bildirib.
Beləliklə, 1938-ci ildə 36 yaşlı Aleksandr Uspenski Ukraynada ən mühüm vəzifələrdən birinə təyin edilib. Bu təyinatdan sonra o, Ukraynada daha çox “Xruşovun narkomu” adı ilə tanınıb.

Aleksandr Uspenski 1902-cu ildə Tulada anadan olub. Natamam orta təhsil aldıqdan sonra bir müddət meşə təsərrüfatında işləyən atasına kömək edib. 17 yaşında milis orqanlarında xidmətə qəbul olunub, bir il sonra xidməti yerini Fövqəladə Komissiya (ÇK) orqanlarına dəyişib.
Xidməti vəzifələrini yuxarı pillələr üzrə sürətlə dəyişən Uspenski 1934-1935-ci illərdə “NKVD”-nin Moskva vilayəti üzrə idarəsinin rəis müavini, 1935-1936-cı illərdə Kreml komendantının müavini, 1937-ci ildə isə “NKVD”-nin Orenburq vilayəti idarəsinin rəisi vəzifələrində işləyib.
Xidmət illəri ərzində Aleksandr Uspenski bacarıqlı kadr kimi tanınıb, müəyyən əməliyyat tədbirlərində yuxarılarla, o cümlədən Nikita Xruşovla, Nikolay Yejovla münasibətləri yaranıb və bu münasibətlər onun Ukrayna “NKVD”-sinə təyinat almasında böyük rol oynayıb.

Uspenski Ukraynada qısa müddət ərzində özünü tanıtdırmağı bacarıb. “Xruşovun narkomu”ndan daha çox qorxublar, nəinki Xruşovun özündən. Yejovun 20 min, 35 min, 38 min və bu kimi repressiya planlarını Uspenski artıqlaması ilə icra edib.
Adətən, işıq aydınlığa bir işarədir. Uspenskinin kabinetində gecə-gündüz yanan işıq isə yerli əhali üçün cəhənnəm məşəlinə çevrilib. Səhərə yaxın saat 5-6-ya qədər kabinetdə olan Uspenski həbs olunanları öz kabinetində “qəbul” edib və bu kabinetdə minlərlə insanın taleyinə son qoyulub.
Uspenski bütün həyatını işə sərf edib. O, həm də Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olub, büro iclaslarında sərt və amansız mövqeyi ilə fərqlənib.
O, öz gələcəyi, Moskvada yüksək vəzifəyə təyinatı üçün bütün vasitələrə əl atıb. Xəyallarında canlandırdığı xoşbəxt gələcək isə, mövcud mürəkkəb şəraitdə, Stalin rejiminin amansızlığında elə xəyal olaraq da qalıb.
1938-ci ilin payızında Nikolay Yejovun “istismar müddətinin” sona çatdığı ərəfələrdə Uspenski Moskvadan xoşagəlməz xəbərlər alıb. Gizli əldə olunan məlumatlar onun üçün ürəkaçan olmayıb. Uspenski anlayıb ki, Yejov üzərinə düşən missiyanı yerinə yetirib, Stalin ondan yetərincə istifadə edib və Stalinin göstərişi ilə milyonları məhv edən bir şəxsin şahid kimi sağ qalması mümkünsüzdür. Uspenski onu da anlayıb ki, Yejovun aradan götürülməsi ilə, onun komandası da sıradan çıxarılacaq. Kreml isə Yejovdan əvvəl onun ətrafını, komandasını zərərsizləşdirməyi planlaşdırıb.
Uspenski bunları düşünərkən, ağlına gətirməyib ki, onun həbsi ilə bağlı artıq Moskvada planlar cızılır. Yejovun dar məqamda ona zəng etməsi də bunu sübut edib. Belə ki, Yejov Uspenskiyə zəng vuraraq onu xəbərdar edib:
- Mükafatlandırılmaq üçün Moskvaya dəvət olunursunuz. Amma gəlməyə də bilərsiniz.

Bu zəngdən sonra Uspenski öz qərarını verib. O, əvvəlcədən başqa adla özünə düzəltdiyi şəxsiyyəti təsdiq edən sənədi götürərək aradan çıxıb. Getməzdən əvvəl kabinetindəki iş masasının üstünə kağızda yazdığı qeydlərini qoyub. Həmin qeydlərdə bu cümlə də əksini tapıb: “Lazım olsa, meyidimi Dnepr çayının dibində axtararsınız...”
Həmin gün səhərə yaxın saat 6-da kabinetdən çıxanda Uspenski sürücüsünü buraxıb, evə piyada gedəcəyini söyləyib. Adətən, evə getdikdən 3-4 saat sonra yenidən iş qayıdan Uspenski gün ərzində yerində tapılmayıb. Müavinləri onu axtaranda məlum olub ki, o, evdə də deyil. Daha bir sutka keçdikdən sonra məlum olub ki, “Xruşovun narkomu” yoxa çıxıb.
Xruşovun göstərişi ilə narkomun kabinetini açıblar. Stolun üstündəki “intihar” kağızından sonra Dneprdə axtarışlar başlanıb. Sahildən Uspenskinin hərbi mundiri tapılsa da, sutkalarla davam edən axtarışlar nəticəsiz qalıb.
Məsələ Stalinə məruzə edilib. Hadisəni qəzəblə qarşılayan Stalin Xruşova zəng vurub:
- Onu Moskvadan Kiyevə sən aparmışdın, indi isə geri, Moskvaya qaytar. Əgər onun səsi hansısa bir xarici ölkədən gəlsə, sovet hökumətinin əleyhinə bir cümlə də olsun fikir səsləndirsə, buna görə başınla cavabdeh olacaqsan.

Uspenski əvvəlcə xaricə getməyi planlaşdırıb. Amma sərhəddə yarana biləcək təhlükəni nəzərə alıb, planını müvəqqəti olaraq təxirə salıb. O, əvvəlcə saxta sənədi ilə qatarla Voronejə yollanıb. Bir neçə gün Voronojdə qaldıqdan sonra yerini dəyişib. Onun qaçış xəritəsi günü-gündən böyüyüb, Arxangelsk, Kuybışev, Sverdlovsk, kiçik qəsəbələr, böyük kəndlər və s. Nəhayət o, Kaluqada məskunlaşıb. Şəhər yaxınlığındakı kəndlərin birində kirayə ev tutub, gözətçi kimi işə düzəlib. Bir aydan sonra sahə müvəkkili ev sahibəsindən kirayəşinin kim olduğu ilə maraqlananda, Uspenski Kaluqanı tərk edib.
Saxta pasportuna arxayın olan Uspenski mərkəzə, Moskvaya, köhnə sevgilisinin yanına gedib. Hər şeyi olduğu kimi danışıb. “NKVD”-nin asıb-kəsdiyi bir vaxtda sevgilisi ondan imtina edib.
Axtarışlar isə şəxsən Stalinin nəzarəti altında davam edib. Uspenskinin həyat yoldaşı Annanı həbs ediblər. Ona nə qədər işgəncə versələr də, o, bu işlərdən xəbərsiz olduğunu bildirib. Amma bir məsələni xatırlayıb. Evdə Şmakovski soyadlı bir şəxsin adına olan pasportu.
Bu fakt artıq “NKVD”-nin sükanı arxasında olan Lavrenti Beriya üçün kifayət edib.
15 aprel 1939-cu ildə Çelyabinskinin Mias şəhərinin vağzalanda Uspenski-Şmakovski həbs olunub. Onun çamadanında tapança və güllələr aşkar edilib.
27 yanvar 1940-cı ildə Ali Məhkəmənin Hərbi Kollegiyasının hökmü ilə Aleksandr Uspenski ən ağır cəzaya, güllələnməyə məhkum edilib. Cəza həmin gün icra olunub.
Beləliklə, 38 yaşlı “perespektivli” narkom iki cəlladın, Yejovun və Beriyanın arasında özünü qoruya bilməyib...


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ