Azərbaycan dünya silah bazarında önəmli yerə sahiblənə bilər
Tarix: 18-01-2023, 13:19
Baxılıb: 317
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan dünya silah bazarında önəmli yerə sahiblənə bilər

18-01-2023, 13:19

“Od bazarı”ndan nə qazana bilərik?
“Biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.
Ölkə başçısının sözlərinə görə, dünya silah bazarında boşluq yaranıb: “Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik”.
Yada salaq ki, ötən il sentyabrın 6-dan 8-dək Bakıda keçirilən “ADEX” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edib. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaranmasından  18 il ötür. Bu  müddətdə günün tələblərinə cavab verən silah istehsal etmək olduqca məsuliyyətli və çətin bir məsələdir. Azərbaycan bunun öhdəsindən gələ bildi. Bu müddətdə təkcə hərbi sursatlar deyil, eyni zamanda hərbi texnika və silah istehsalına nail oldu. Azərbaycan bir sıra hərbi texnikanın özündə istehsalını təşkil etdi, bu isə xarici bazardan asılılığımızı azaltdı. Bu gün Azərbaycan müdafiə sənayesinin buraxdığı məhsullar təkcə Azərbaycan Silahlı Qüvvələrinin deyil, eyni zamanda xarici ölkələrin də ordularında arzuolunan silahlardır. Hərbi sənayesi günü-gündən daha da təkmilləşən qardaş Türkiyənin təcrübəsindən, eyni zamanda öz mütəxəssislərimizin bilik və bacarıqlarından geniş istifadə olunur.
Rusiya-Ukrayna müharibəsi dünyada son aylar sürətlə hərbi sahəyə həm diqqəti artırıb, həm də yaxın perspektivdə bu sahəyə əlavə maliyyə vəsaitlərinin ayırılmasını zərurətə çevirib. Bu tendensiyanın yaxın onilliklərdə daha da artacağı gözlənilir. Bütün bu deyilənlərin fonunda, Azərbaycan dünya silah bazarında yaranan boşluqları doldura bilərmi?
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirdi ki, dünya silah bazarı böyük olsa da burada əsas bir neçə oyunçu var. Yəni ən çox silah istehsal edən və onun satışını həyata keçirən dövlətlər ABŞ və Rusiya hər zaman olub: "Rusiya-Ukrayna müharibəsi və müharibənin uzanması bu vəziyyəti dəyişir. Həm Amerika, həm də Rusiya istehsal etdikləri silahların satışı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq edir. Daha çox istifadə olunan hərbi təyinatlı vasitələrin, silahların satışına qadağa qoyublar. Belə olan şəraitdə əsas oyunçulardan sonra müdafiə sənayesi sahəsində inkişaf etməkdə olan dövlətlər önə çıxa bilirlər, buna təbii olaraq cəhdlər edirlər. Belə ölkələrdən biri də təbii ki, Azərbaycan ola bilər. Əlbəttə, Azərbaycanın müdafiə sənayesi ilə bağlı potensialı böyükdür. 18 il elə də uzun zaman olmasa da Azərbaycan müdafiə sənayesi bu müddətdə çox böyük məsafə qət edib, ciddi uğurlara nail ola bilib. 18 il öncə adi patronları belə, xaricdən almağa məcbur idiksə, indi özümüz xaricə silah-sursat satırıq. Dediyim kimi, potensialımız böyükdür. Lakin müəyyən məsələlər var ki, o məsələlər də tam həllini tapsa, dünya bazarında hərbi təyinatlı məhsullarımızın ciddi yer tutmasına nail olarıq. Bu, xammalların-metalın əldə olunması məsələsidir. Hərbi təyinatlı məhsulların hazırlanması üçün xammallar heç də hər ölkədə istehsal olunmur. Yerli xammal istehsalı isə əlbəttə ki, yeni müstəqilliyini əldə etmiş və yeni müdafiə sənayesini quran ölkə üçün tez bir zamanda əlçatan olmur. Biz indiyə qədər olan müddətdə əsasən öz silahlı qüvvələrimizin hərbi təyinatlı məhsullarla təminatına əsas diqqət ayırmışıq. Müdafiə sənayemiz böyüdükcə artıq istehsal etdiyimiz məhsulları həm də xarici bazara çıxarmağa nail ola bilmişik”.
Ekspert qeyd etdi ki, ötən 18 il ərzində Müdafiə Sənayesi Nazirliyi və onun bazasında fəaliyyət göstərən müəssisələr maksimum imkanlardan istifadə etməklə bir çox məhsulların istehsalını həyata keçirdə bildilər: "Atıcı silahların, radioelektron qurğuların istehsalını reallaşdırmaq çox böyük nailiyyətdir. Həmçinin İsraillə birlikdə pilotsuz uçuş aparatlarının istehsalı da reallaşdırılıb. Müşahidə, kəşfiyyat, kamikadze zərbə PUA-larımız artıq dünyada məşhurlaşıb. Vətən müharibəsində bu silahlarımız özlərini uğurla təqdim edə bildilər. Gələcəkdə Azərbaycan silah istehsalı üçün xammalla da özünü təmin edə bilən ölkəyə çevriləndə müdafiə sənayemizin gücü daha da artacaq. Dünya silah bazarında müəyyən faiz dərəcəsinə sahiblənmək böyük bir layihədir. Düşünürəm ki, Azərbaycan dövləti bu layihə üçün gərəkən çoxşaxəli işlərin gerçəkləşdirilməsinə nail olacaq. Xammal-metal istehsalı üçün proqramlar reallaşdırılacaq. Bütün bunlardan sonra Azərbaycan dünya silah bazarında önəmli yerə sahiblənə bilər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ