Qazaxıstan bu sahələri NECƏ ÇÖKDÜRÜR?
Tarix: 7-01-2022, 18:53
Baxılıb: 568
Google+ Paylaş
Tumblr Paylaş

Qazaxıstan bu sahələri NECƏ ÇÖKDÜRÜR?

7-01-2022, 18:53

İlkin hesablamalara görə, Qazaxıstandakı son iğtişaşlar ölkəyə 100 milyon dollardan artıq ziyan vurub. Zərərin miqyası genişlənməkdədir. Ekspertlər hesab edirlər ki, ölkədə sabitlik tam şəkildə təmin olunmadığı təqdirdə, zərərin daha da artması ehtimalı var. 
Bəs iğtişaşlar fonunda dünya birjalarını nə gözləyir? MBD məkanında iqtisadi göstəricilərinə görə Rusiyadan sonra əsas yerə sahib olan Qazaxıstan iqtisadiyyatı əvvəlki göstəricilərini qoruyub saxlaya biləcəkmi?
Publika.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Qazaxıstanda baş verən hadisələrin iqtisadi təsirləri müəyyən istiqamətlər üzrə özünü artıq göstərib: “Məsələn, uranın qiymətində ciddi artım oldu. Çünki dünya bazarında uran istehsalında və xammal kimi bazara çıxarılmasında Qazaxıstanın payı 30 faizdən bir qədər yüksəkdir. Ölkədə baş verən hadisələr fonunda artıq 3 gündür ki, dünya birjalarında uranın qiymətində ciddi artım var. Qazaxıstanın qiymətli kağızlar bazarında 30 faizdən çox çöküş yaşandı. Əsasən də bank səhmlərinin və xammal istehsalı ilə məşğul olan şirkətlərin səhmlərində ciddi ucuzlaşma oldu. Nə qədər qəribə səslənsə də, kriptovalyutaların, o cümlədən də bitkoinin qiymətlərindəki ucuzlaşmada da Qazaxıstan hadisələrinin rolu oldu. Çünki dünyada bitkoin mədənçiliyi ilə məşğul olan ölkələr arasında Qazaxıstan ikinci yeri tuturdu. Çində son 2 ildə qadağa qüvvəyə minəndən sonra mədənçiliklə məşğul olan şirkətlərin bir çoxu Qazaxıstana köçdü. Qazaxıstan hadisələri də bitkoinin qiymətinə təsir göstərdi. Heç də təsadüfi deyil ki, 40 min dollara qədər ucuzlaşma oldu. Halbuki hadisələr başlayanda qiymət 48-49 min dollar civarında idi”. 


Ekspert hesab edir ki, Qazaxıstan hadisələrinin dünya iqtisadiyyatına böyük həcmdə təsirləri olmasa da, müəyyən sektorlar üzrə xüsusilə yaxın çevrədə dəyişikliklər özünü göstərdi: “Məsələn, Rusiya birjalarında ciddi təlatümlər oldu. Çünki Qazaxıstanla Rusiya iqtisadiyyatının çox sıx bağlantıları var və son aylarda ilk dəfə idi ki, rus rublu dollar qarşısında ucuzlaşdı, 77 rubl 1 dolları keçdi. Uzun zamandır ki, bu məzənnə olmamışdı. Yəni, lokal olaraq müəyyən təsirləri oldu, amma bu o demək deyil ki, qlobal birjalarda birbaşa olaraq çox böyük sarsıntı yarada biləcək təsirləri olacaq. 
Qazaxıstanın adambaşına düşən ümumi daxili məhsulunun (ÜDM) həcmi 9 min dollardan yuxarı idi. Yəni, Azərbaycandan 2 dəfə çoxdur. Rusiyadan sonra MDB məkanında bu göstəricisinə görə ikinci yerdə idi. Minimum əməkhaqqı, orta aylıq əməkhaqqı və digər kateqoriyalara görə də Qazaxıstan həmişə MDB-də ikinci, üçüncü yerləri bölüşdürürdü. Buna görə də son zamanların hadisələri yeni qarşıdurma mərhələsinə qədəm qoymasa və tezliklə həll olunsa, iqtisadiyyata dəyən zərər kifayət qədər məhdud ola bilər. Amma proseslər uzansa, Qazaxıstan iqtisadiyyatında çox böyük təlatümlər yarada bilər. Artıq maddi ziyanın hesablanmasına başlanılıb. İğtişaşlar zamanı binalara, vətəndaşların əmlakına, avtomobillərə dəyər ziyan 100 milyon dolları keçib. Bunun daha da arta biləcəyi ehtimalı var”.

Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, orta əmək haqqı məbləğinə görə Qazaxıstan Ukrayna ilə birlikdə şimal qonşumuzdan sonra MDB məkanında öndədir: “373 dollar orta aylıq əmək haqqısı olan Qazaxıstanda illik ixrac 66 milyard dollardır. Bu göstəriciyə görə sözügedən ölkə dünyada ilk əllilikdə olmaqla MDB-də ikincidir. Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib. Qlobal bazarda uranın qiyməti təxminən 8 faiz bahalaşaraq bir funt üçün 45,25 dollara çatıb. Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir. Bu arada, bitkoin də 47 300 dollardan 41 400 dollaradək ucuzlaşıb”.
V.Bayramov hesab edir ki, bütün bunlar fonunda son iğtişaşlardan Qazaxıstan iqtisadiyyatı da itkisiz çıxmayacaq: “Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan yeni mərhələyə qədəm qoyur. Ümid edirik ki, qardaş Qazaxıstan xalqı bu proseslərdən az itki ilə çıxa biləcək”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ