Yeni ilin ilk həftələrində neftin qiymətləri necə dəyişəcək?
Tarix: 6-01-2022, 10:54
Baxılıb: 393
Google+ Paylaş
Tumblr Paylaş

Yeni ilin ilk həftələrində neftin qiymətləri necə dəyişəcək?

6-01-2022, 10:54

Ötən ilin son günlərindən başlayaraq neftin dünya bazar qiymətlərində əməlli-başlı artım müşahidə olunur. Yeni ilin ilk günlərində də “qara qızıl”ın qiymətində artım aktivliyi özünü göstərməkdədir. 
Bəs 2022-ci ilin ilk həftələrində neftin qiyməti hansı formada dəyişəcək?
Ekspert İlham Şaban Publika.az-a müsahibəsində söyləyib ki, neftin dünya bazar qiymətlərinin artması bir çox amillərlə əlaqəlidir. İlham Şaban onu da vurğulayır ki, OPEC-in qərarı da qiymətlərin artımına təsir göstərən tendensiyalardandır.
- İlham bəy,  yeni ilin ilk həftələrində neftin qiyməti hansı formada dəyişəcək?
- İlk olaraq bu illə ötən ilin müvafiq dövrünü müqayisə edək. Ötən 2021-ci ilin ilk günləri birjada neftin dünya bazar qiyməti 52 dollar idi. Bu ilin ilk günləri neftin qiyməti 78.90 dollarla başladı. Dünən isə “qara qızıl”ın qiyməti 79 ABŞ dolları ətrafında idi. OPEC-in qərarı çıxandan sonra neftin qiyməti 80 dolları aşdı. 
- Bu, nəyə görə belə oldu?
- Çünki bazar iştirakçıları gözləyirdilər ki, neftin həddən ziyadə yüksək qiyməti OPEC iştirakçılarının qərarından sonra dəyişəcək. Onlar gözləyirdilər ki, ənənəvi olaraq ötən ilin avqust ayından başlayaraq sutkalıq 400 min barrel neft istehsalı artırılacaq. Yəni bazara daha böyük həcmdə interverensiya olacağını düşünürdülər. Bazar iştirakçıları sutkalıq hasilatın 600, 700, 800 min dollar olacağını gözləyirdilər. Hətta onların gözləntiləri ən klassik formada 500 min barrel idi. Amma bütün bunlara baxmayaraq, OPEC öz qərarını dəyişmədi. 
- Bəs OPEC bu qərarını nə ilə əsaslandırır?
- OPEC bu qərarını onunla əsaslandırır ki, bu ilin ilk rübündə dünya bazarında dəyişkənlik çox olacaq. Çünki hələ də Avropa ölkələrində koronavirusla bağlı vəziyyətin necə dəyişəcəyi bəlli deyil. Baxmayaraq ki, OPEC ölkələri bunu böyük bir fəlakət kimi qəbul eləmirlər. O cümlədən, dünya iqtisadiyyatının artım tempi yola saldığımız illə müqayisədə daha aşağı səviyyədə olacaq. Məhz bütün bunları nəzərə alaraq OPEC ölkələri gözləmə mövqeyi tutdular. Ona görə də neftin dünya bazar qiyməti 80 dollarlıq həddi keçdi. Hələ ki, müəyyən emosionallıq faktı olsa da, biz indi də dekabr ayının əvvəllərindən bu günə qədər yaşanan 75+ dollar həddini müşahidə etməkdəyik. Digər tərəfdən, keçən ilin sonlarında neftin və qazın qiyməti səkkiz yüz dollara qədər ucuzlaşmışdı. Hətta bundan bir qədər də aşağı olmuşdu. Artıq mavi yanacağın qiyməti 1100 dollar həddindədir. Baxmayaraq ki, Avropada hava şəraiti kəskin keçmir. O cümlədən, Asiyanın bəzi ölkələrində də hava şəraiti proqnozlaşdırdığı kimi kəskin soyuqlarla müşahidə edilmir. Sadəcə olaraq enerji daşıyıcılarının fəaliyyətinə təsir göstərən əsas faktor cari ildə də “isitmə periodu”nun daha uzunmüddətli olmasıdır. İkincisi, dünyada yaşayan gərginliyin – söhbət siyasi faktorlardan gedir – enerjinin qiymətlərinə mümkün təsirləri və bu təsirlərin qabaqcadan sığortalanmış şəkildə həmin proqnoz olunan qiymətə təklif edilməsidir. Çünki Rusiya-Avropa qarşıdurması, daha qlobal masştabda Amerika Birləşmiş Ştatları-Çin qarşıdurması hələ ki, gündəmdən çıxmayıb. Təbii ki, bütün bunlar da neftin dünya bazar qiymətinin artım tempinə gətirib çıxaran amillərdir. 
- Belarus və Rusiya amili neft qiymətlərinin bundan sonrakı taleyinə hansı formada təsir göstərəcək?
- Ümumiyyətlə, bu faktorların neftin qiymətinin artmasına, onun gələcək taleyinə təsiri o qədər də böyük deyil. Çünki neftin əsas hissəsi tankerlərlə daşınır. Yəni, dünya bazarında neft açıq bazara – dənizə çıxarılır. Oradan da istehlaka uyğun olaraq mənzil başına istiqamətlənir. Bu baxımdan, əsas məsələ mavi yanacaqdır. Yəni, qazdır. Çünki qazın təxminən 75 faizi məhz boru kəmərləri vasitəsi ilə bazarlara çıxarılır. Bundan sonra satış prosedurları baş verir. Onun qiymətinin siyasi amillərdən, faktorlardan qaynaqlanması daha çox böyük təsirə malikdir, nəinki neftin... 
- Bəs 2022-ci ildə Azərbaycan nə qədər neft çıxarmağı planlaşdırır?
- 2022-ci ildə Azərbaycanda neft hasilatı cari ildəki ilə təxminən eyni səviyyədə olacaq. Bunu stabilləşmə kimi də qiymətləndirmək olar. 2021-ci ildə 34,5 milyon ton neft hasil olundu ki, bu rəqəm 2020-ci illə müqayisədə 3 milyon ton az idi. 2022-ci ildə isə, neft hasialtının 2021-ci ilə yaxın həcmdə olacağı proqnozlaşdırılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ