Əmisi qızını öldürdü, kişilərə müraciət etdi: "Kənddə basdırmağa qoymayın” - Şəmkirdə dəhşət
Tarix: 23-01-2023, 14:26
Baxılıb: 449
Google+ Paylaş
Tumblr Paylaş

Əmisi qızını öldürdü, kişilərə müraciət etdi: "Kənddə basdırmağa qoymayın” - Şəmkirdə dəhşət

23-01-2023, 14:26

Şəmkir rayonunda 1998-ci il təvəllüdlü Namil qısqanclıq zəminində əmisi qızı Naziləni (adlar şərti verilib – red.) qətlə yetirib.
Reportyor.tv  xəbər verir ki, Namil 24 fevral 2022-ci ildə saat 17 radələrində Şəmkir rayonunun İrmaşlı kəndində onunla qonşuluqda yaşayan əmisi qızı Nazilənin Vaqiflə qeyri-rəsmi nikah münasibətində evli olmasına baxmayaraq, TikTok sosial şəbəkəsində tanış olduğu Xalidlə çəkdirdiyi fotoşəkli özünün vatsap sosial şəbəkəsinin status hissəsində paylaşdığını görüb.
O, Nazilənin yaşadığı evə gəlib, hansı səbəbdən həmin şəxslə şəkil çəkdirərək paylaşmasını soruşub. Onların aralarında mübahisə yaranıb. Həmin şəxsin kurs yoldaşı olduğunu deyən Nazilə əmisi oğluna onun şəxsi həyatına müdaxilə etməyə ixtiyarı çatmadığını bildirib. Bundan qəzəblənən Namil Naziləni öldürmək qərarına gəlib.
Qadının əllərini iplə bağladı
Namil fevralın 27-də saat 10.30-da pres kəndiri və Zəyəm bazarından hadisədən təxminən 10 gün əvvəl aldığı bıçağı özü ilə götürüb, “VAZ- 2107” markalı avtomobilinin qabaq sandıqçasında gizlədib. Daha sonra Nazilənin yaşadığı evə gəlib. Qadına avtomobilə oturmağı təklif edib və onu İrmaşlı kəndi ərazisində yerləşən “Sulu dərə” adlandırılan meşəlik sahəyə gətirib.
Maşını həmin ərazidə saxlayıb və yenidən fotoşəkil çəkdirdiyi şəxsin kimliyini soruşub. Nazilə bu məsələnin ona heç bir aidiyyəti olmadığını deyib.
Namil avtomobilin salonunda Nazilənin əllərini əvvəlcə qabaq tərəfdən pres kəndiri ilə bağlayıb. Sonra boğaz nahiyəsindən tutaraq sıxmaqla boğub. Daha sonra ona bıçaqla zərbələr vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindən vəfat edib.
İstintaq orqanı tərəfindən Namilin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 145.1-ci (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
“Əri qadağan etmişdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namil ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şəmkir rayonu, İrmaşlı kəndində ailə üzvləri ilə birlikdə yaşayıb: “Subayam, rəsmi olaraq heç bir yerdə işləmirəm. 2018-ci ildən mütəmadi olaraq işləmək üçün Ukraynanın Odessa şəhərinə gedib-gəlmişəm. Orada kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olmuşam. 20 dekabr 2021-ci ildə Odessa qayıtdım və bir daha geri getmədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Nazilə onun doğma əmisi Səmədin böyük övladıdır: “Nazilə Vaqif adlı şəxslə ailə həyatı qurub. Bu evlilikdən Faiq adlı oğlu dünyaya gəlib. Əmim Səməd 2021-ci ildə xərçəng xəstəliyindən vəfat etdi. Nazilə ailə həyatı qurduqdan sonra Vaqiflə mehriban münasibətdə olsa da, təxminən 2 il idi ki, münasibətləri pozulmuşdu.
Vaqif tez-tez işləmək üçün Odessaya gedirdi. Odessaya gedərkən Naziləyə mobil telefon işlətməyi qadağan edirdi. Çünki Nazilə sosial şəbəkələrdən çox geniş istifadə edirdi. Bu isə Vaqifin xoşuna gəlmirdi”.
“Ailəmizin ləyaqətini alçaldacaq hərəkətlərə yol verib”
Namilin sözlərinə görə, bununla əlaqədar Nazilə bir neçə dəfə əri Vaqifdən küsüb, oğlu Faqilə ata evinə qayıdıb: “Hətta bir dəfə Naziləni bu fikrindən daşındıraraq övladı ilə birlikdə əri evinə qaytardım. Təxminən 2020-ci ildə Nazilə övladı ilə atası evinə qayıdanda daha bu məsələyə qarışmadım.
Nazilə səhv yolda idi, ərinin və nəslində olan kişilərin şərəf-ləyaqətini düşünmədən, rəsmi qaydada boşanmadan adını bilmədiyim şəxslərlə münasibət yaratmışdı. İstifadəsində olan “Samsung” telefonda vatsap vasitəsilə gecə saat 03-04 radələrində naməlum şəxslərlə yazışır, ailəmizin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verirdi”.
“Daha əriylə yaşamaq istəmədiyini dedi”
Təqsirləndirilən şəxs qeyd edib ki, 24 fevral 2022-ci ildə saat 17 radələrində qardaşı arvadı Yeganənin telefonunda vatsapa baxarkən Nazilənin status bölməsində cavan oğlanla qucaqlaşmış fotolarını görüb: “Bu məni özümdən çıxardı. Təmkinli şəkildə Nazilənin yaşadığı əmim evinə gedərək ondan bu fotoların kimə məxsus olduğunu soruşdum. Şəkillərdəki oğlanın sinif yoldaşı olduğunu, Türkiyəyə gedəcəyi üçün onunla səmimi şəkil çəkdirdiyini dedi.
Buna əsəbiləşdim, Nazilənin üzünə şillə vurdum və biz mübahisə etdik. Daha sonra siqaret çəkmək üçün həyətə çıxdım.
Həyətdə siqaret çəkərkən Nazilənin evdə əmim arvadı Bahar və anam Xumarla söhbət etdiyini, bu şəkildə yaşamaqdan bezdiyini və əri Vaqiflə evliliyini davam etdirmək istəmədiyini eşitdim.
İçəri girdim, onunla mübahisə etdim. Şəmkir şəhərinə gedərək həmin fotodakı oğlanı axtarmağa başlasam da, tapa bilmədim. Bütün bunlardan sonra Nazilənin hərəkətlərinə son qoymaq məqsədilə onu öldürmək qərarına gəldim”.
“Nazilə oğlu ilə gəldi”
Namilin ifadəsinə görə, fevralın 27-də saat 9 radələrində təxminən 10 gün əvvəl Zəyəm bazarından aldığı kustar üsulla hazırlanmış bıçağı, evdə olan digər məişət təyinatlı bıçağı və pres kəndirini avtomobilə qoyub:
“Məqsədim Nazilənin əl-qolunu bağlayaraq bıçaqla öldürmək idi. Onun düşüb qaçmasının qarşısını almaq üçün avtomobilin qabaq sağ qapısının cəftəsini və şüşə qaldıranını sındırdım.
Saat 10 radələrində Nazilənin yaşadığı evə getdim. Amma geri, öz evimizə qayıtdım, qardaşım arvadına Nazilə ilə söhbət etmək istədiyimi, onu çölə çağırmasını istədim. Qardaşım arvadı da Nazilənin yaşadığı evə getdi və onu çölə çağırdı. Nazilə oğlu ilə birlikdə gəldi. Ona söhbət etmək istədiyimi dedim, sakit bir yerə getmək üçün avtomobilə əyləşməsini təklif etdim.
Nazilə oğluna evə qayıtmağı tapşırdı, özü isə avtomobilə əyləşdi. Nazilə ilə hərəkətlərinə son qoyması məqsədilə söhbət aparmağa başladım. Avtomobilin qabaq sağ qapısının cəftəsini, şüşə qaldıranı əvvəlcədən sındırmışdım.
Maşını işə saldım və əvvəlcədən planlaşdırdığım kimi “Sulu dərə” adlanan əraziyə tərəf hərəkət etdim”.
“Sözümü ciddiyə almadı, əlini irəli uzatdı...”
Təqsirləsnidirlən şəxs qeyd edib ki, təxminən 15 dəqiqə yol getdikdən sonra avtomobili “Sulu dərə” deyilən ərazidə, torpaq yolun qurtaracaq hissəsində saxlayıb:
“Yol boyunca dəfələrlə Nazilədən hər şeyin düzünü deməyi, yad kişilərlə yaxın münasibət saxladığını etiraf etməsini tələb elədim, amma o, mənim əksimə getdi. Dedi ki, mənim işlərimə qarışma, fotodakı oğlan mənim sinif yoldaşımdır. Onun yalan danışdığını bildim. Bu məndə Naziləni öldürmək fikrini daha da qətiləşdirdi.
Avtomobili saxladıqdan sonra sağ arxa ayaqaltının üzərindən 2 ədəd pres kəndiri götürdüm, ön oturacağın qapısını açdım və Nazilədən son dəfə fotodakı oğlanın kim olduğunu soruşdum. Pres kəndirini arxamda gizlətmişdim. Həmin əsnada Nazilə mənə daha sərt cavab verdi və “sən kimsən ki, mənim işimə qarışırsan, anam da, qardaşım da, sən də mənim şəxsi işlərimə qarışmayın”, – deyərək məni son həddə çatdırdı.
Arxamda gizlətdiyim kəndiri Naziləyə tərəf uzadaraq onun əllərini bağlamaq istədim. Ondan əllərini qabağa uzatmasını tələb etdim. Nazilə sözümü ciddiyə almadı, bu sözlərimin onu qorxutmaq məqsədi daşıdığını hesab etdi, heç bir etiraz etmədən hər iki əlini qabağa uzatdı. Nazilənin əllərini bağladım və avtomobildən düşürdüm”.
“Müqavimət göstərmədi”
Namil bildirib ki, bu zaman heç bir müqavimət hərəkətləri ilə qarşılaşmayıb: “Çünki Nazilə hələ də onu sadəcə qorxudacağımı, öldürməyəcəyimi düşünürdü. Naizlənin əllərini bağladıqdan sonra avtomobillə 2 metrlik məsafədə qabağa gətirdim, avtomobilin sandıqçasına qoyduğum bıçağı götürdüm, 2 metrlik məsafədə qabağa atdım. Daha sonra sol əlimlə var gücümlə Nazilənin boğaz nahiyəsindən boğmağa başladım.
Nazilə heç bir ciddi müqavimət göstərmədi, ancaq “məni burax” deyə qışqırmağa başladı. Onun müqavimətini qıraraq yerə yıxdım. Nazilə üzüstə yerə yıxıldı. Hər iki dizimi kürək nahiyəsinə qoyaraq onun hərəkət etməsinə mane oldum. Bıçağı sağ əlimlə götürdüm, onun çənə nahiyəsindən yapışdım, bıçaqla boğaz nahiyəsini hissəvi kəsməyə başladım.
Nazilənin bədən nahiyəsi titrəməyə və boğaz nahiyəsindən güclü qan axmağa başladı. Öldüyünə əmin olmaq üçün ikinci dəfə bıçağı sürtməyə başladım”.
“Mən öz pozğunumu təmizlədim”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Naziləni öldürdüyünə tam əmin olduqda bıçağı meyitin sol tərəfinə atıb: “Son dəfə üzüstə yıxılmış Nazilyə və bıçağa baxdıqdan sonra əlimin qanını ota sildım. Avtomobilə əyləşərək üzü İrmaşlı kənd istiqamətində hərəkət etməyə başladım.
On dəqiqə sonra “Şəmilin mağazası”nın qarşısına çatdım. Tanışlardan siqaret aldıqdan sonra həmkəndlim Elsevəri gördüm. Elsevərə baş verənlər barəsində, yəni əmim qızını namussuz hərəkətlərinə görə öldürdüyümü bildirdim. Ondan məni Zəyəm polis bölməsinə aparmağı, ancaq bölməyə getməzdən əvvəl kəndin mərkəzində avtomobilini saxlamasını da xahiş etdim.
Elsevər xahişimi nəzərə alaraq kəndin mərkəzində avtomobili saxladı. Orada avtomobildən düşdüm və üzümü çayxanada olan kişilərə tutaraq,“mən öz pozğunumu təmizlədim, siz də gedin öz pozğununuzu təmizləyin, Nazilənin meyitini kənddə basdırmağa qoymayın, əgər basdırsanız, yas verməyin”, – məzmunlu sözlər dedim.
Daha sonra Elsevər avtomobildən düşərək məni maşına əyləşdirdi, Zəyəm polis bölməsinə apardı”.
“Ayrı-ayrı kabinetdə oturduq”
Cinayət işi üzrə adı keçən Xalid iş üzrə şahid qismində tanınıb. O bildirib ki, mərhum Nazilə onun tanışı olub:
“Nazilə ilə təxminən 2022-ci ilin fevral ayının əvvəllərində Tik-Tok sosial şəbəkəsində tanış olmuşam. Nazilənin telefon nömrəsini almışam və biz vatsapda danışmağa başlamışıq. Nazilə ilə bir müddət danışdıqdan sonra bu barədə əmim oğlu Əliyə dedim. Nazilənin rəfiqəsi Lətifə ilə Əlinin münasibətini təşkil etdik. Daha sonra qızlarla Şəmkir rayonunda görüş təyin etdik. Əli ilə birlikdə 24 fevral 2022-ci ildə, saat 11 radələrində onun qardaşına məxsus “Mercedes” markalı avtomobillə Şəmkir rayonu ərazisində yerləşən “Romantik” restoranına getdik.
Restoranın yerləşdiyi küçəyə çatdıq, Nazilə ilə Lətifə də bizim avtomobilimizə əyləşdilər. Restoranda ayrı-ayrı kabinetlərdə oturduq. Mən Nazilə ilə, Əli isə Lətifə ilə kabinetə getdi.
Kabinetdə sadəcə söhbət etdik, yemək yedik. Daha sonra Əli ilə Lətifə bizim əyləşdiyimiz kabinetə gələrək xatirə üçün kollektiv şəkil çəkdirdik. Təxminən 40-50 dəqiqə oturduqdan sonra Samux rayonuna qayıtdıq. Nazilə ilə Lətifə isə evə gedəcəklərini deyərək oradan uzaqlaşdılar.
Restorandan çıxarkən Nazilə evli olduğunu, himayəsində azyaşlı övladı olduğunu dedi. Bunu biləndən sonra onunla münasibətimi kəsmək qərarına gəldim”.
“Öldüyü xəbərini televizordan öyrəndim”
Xalidin ifadəsinə görə, həmin gün saat 17 radələrində Nazilə ona mesaj yazıb və əmisi oğlu Namilin vatsapda şəkillərini gördüyünü, buna görə də ailəsində problem yarandığını deyib: “Bir az keçdikdən sonra Nazilə yenə mesaj yazaraq problemin həll olunduğunu dedi. Ona daha münasibətimizi kəsməli olduğumuzu, evli qadınla münasibət saxlamağın düzgün sayılmadığını söylədim. Nazilə əvvəl buna etiraz etsə də, sonra mənimlə razılaşdı.
Nazilə ilə aramızda başqa heç bir danışıq olmadı. Onun öldüyü xəbərini fevralım 28-də xəbərlər proqramından öyrəndim”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namil 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ