Ya Bakının 5 prinsipi əsasında sülh, ya da müharibə - Qərbə etimad limiti sarsılır, Rusiya isə...
Tarix: 13-05-2023, 11:59
Baxılıb: 374
Google+ Paylaş
Tumblr Paylaş

Ya Bakının 5 prinsipi əsasında sülh, ya da müharibə - Qərbə etimad limiti sarsılır, Rusiya isə...

13-05-2023, 11:59

Sabah - mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşü planlaşdırılır. Bu, belə bir üçlü formatda sayca 5-ci görüş olacaq. İyunun 1-də isə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan Kişinyovda, Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələcəklər. Bu dəfə 3+2 formatında: Əliyev-Paşinyan-Mişel-Fransa prezidenti Emmanuel Makron-Almaniya kansleri Olof Şolts.
Şarl Mişel həmçinin 2023-cü ilin oktyabrında Qrenadada keçiriləcək növbəti sammit çərçivəsində Ermənistan, Azərbaycan, Fransa və Almaniya liderlərini ikinci dəfə görüşməyə dəvət etmək niyyətində olduğunu anons edib (Kişinyov görüşü ilə bağlı rəsmi Bakı hələ yekun razılığını verməyib).
Qarşıdakı yüksək səviyyəli görüşlərlə bağlı siyasi müşahidəçilərdə hələ ki, ehtiyatlı nikbinlik var. Təxminən Vaşinqtonda mayın əvvəlində aparılmış və ciddi nəticəyə gətirməmiş 4 günlük danışıqlar kimi. Üstəlik, mayın 10-da, 11-də və 12-də sərhəddə növbəti dəfə Ermənistanın hərbi təxribat törətməsi (bir şəhidimiz var) Brüssel görüşləri ərəfəsində ümidləri daha da azaldıb.     
Bəs tilsim nə vaxt qırılacaq? Kollektiv Qərb (ABŞ + Avropa Birliyi) hansısa ciddi sənədin qəbuluna nail ola biləcəkmi, yoxsa bütün ümidlər Moskvaya bağlı qalacaq və “xod” tezlliklə Kremlə keçəcək? Yəni Rusiya iddia edə bilər ki, neçə vaxtdır vasitəçilik edirsiniz, amma ortada (masada) hələ də konkret sənəd yox. Ayrı sözlə, söhbət həm də Qərbin reputasiyasından və ona olan etimad limitinin bitmək üzrə olmasından gedir. Hərçənd rəsmi Kreml özü də indiyədək heç bir müsbət nəticəyə nail olmayıb. Çünki ona konfliktin hansısa şəkildə davam etməsi lazımdır. 
Abutalıb Səmədov: Zəngilanda aparılan bərpa-quruculuq işləri bizi  qürurlandırdı - AZƏRTAC
Abutalıb Səmədov: “Sülh prosesi sürətlənib və onun qarşısını almaq Ermənistanın, İranın, Rusiyanın imkanları xaricindədir”
Maraqlıdır ki, Brüssel görüşü ərəfəsi - mayın 10-da Rusiya XİN-in Azərbaycan-Ermənistan danışıqları üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvanda olub. İrəvanda olarkən də ermənilər sərhəddə növbəti təxribat törədib. İrəvanda Xovayev Paşinyan və Mirzoyanla görüşüb. Sonuncu dəfə Xovayev bu ilin fevralında Ermənistana səfər etmiş, Moskvaya qayıtmış, təxminən 10 gün sonra isə Bakıya gəlmişdi.
Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan isə iddia edib ki, sülh müqaviləsinin mətni artıq danışıqlar masasındadır: “Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən bir araya gələcəklər. Nazirlərin görüşü mayın 19-da baş tutacaq”.
Lakin o, görüşün harada keçiriləcəyini açıqlamayıb.
Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, sülh sazişinin yaxın müddətdə imzalanması üçün Avropa İttifaqı və ABŞ əlindən gələni edir: “Bir ildən bir az artıq müddətdə Avropa İttifaqının vasitəçiliyi ilə dörd görüş keçirilib, beşincini Ermənistan son dərəcə yanlış iddia ilə - ”Makron da yanımızda olmalıdır" tələbi ilə pozub. İndi həmin pozulmuş görüş mayın 14-də təşkil olunacaq. Son altı ayda ABŞ-ın dövlət katibi Blinkenin vasitəçiliyi ilə üç görüş  keçirilib ki, bu da ABŞ-ın sülh sazişi məsələsinə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Eyni zamanda prezident müşaviri Sallivanın vasitəçiliyi ilə də bir neçə görüş olub və orada müzakirələrin gedişi, təbiidir ki, Ermənistanı çox ciddi şəkildə narahat edir. Baxmayaraq ki, Paşinyan reallıqların qəbul olunmasının tərəfdarıdır, Qarabağ üçün heç bir status tələb etmir, Azərbaycanın Qarabağ üzərində suverenliyini qəbul etdiyini Praqadakı və Soçidəki imzası ilə təsdiq edib və əsas məqsəd kimi Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunması məsələsini qoyur.
Azərbaycan bununla razıdır. Paşinyanla Azərbaycan hakimiyyətinin münasibəti arasında bir fərq var. Azərbaycan bu prosesi özünün suveren hüququ hesab edir və Qarabağ erməniləri ilə danışıqları özünün təşkil edəcəyini dəfələrlə bəyan edib, bir neçə dəfə də görüşlər olub. Paşinyan isə bu prosesə beynəlxalq mexanimzləri, ilk növbədə Fransanı qoşmaq istəyir, Azərbaycan isə bunu qətiyyən qəbul etmir. Ancaq Paşinyanın bu mövqeyini həm Ermənistanda, həm Qarabağda, həm də Rusiyada qəbul etməyənlər kifayət qədərdir. Son təxribatı onların hansı törədib? Bu təxribatı danışıqların gedişindən narahat olan Paşinyanmı törədib? Erməni baş naziri çıxılmaz vəziyyətdə qoymaq istəyən Ermənistandakı və Qarabağdakı rəqiblərimi törədib? Çünki Paşinyanın orduya tamamilə nəzarət edə bilməməsi həm daxildə, həm də xaricdə yaxşı məlumdur. Yoxsa burada Rusiya barmağı da var? Çünki Rusiya rəsmi təmsilçiləri həm Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdən, həm sonuncu Vaşinqton görüşlərindən narahatlıqlarını gizlətməyiblər və etiraz ediblər".
Oqtay Qasımov:
Oqtay Qasımov: “Bu məsələnin yalnızca Rusiyanın iradəsi altında, onun patronajlığı ilə yekunlaşacağını düşünmürəm”
Siyasi şərhçinin sözlərinə görə, ümumiyyətlə, Rusiya sülh sazişinin yaxın müddətdə imzalanmasını qətiyyən istəmir, eyni zamanda onu da başa düşür ki, prosesi uzatmaq da mümkün olmayacaq: “Ona görə də vasitəçiliyi əlində saxlamaq, sülh sazişinin Moskvada imzalanmasına nail olmaq üçün fəallaşmağa çalışır. Rusiya rəhbərliyi Moskva görüşündə, ola bilsin ki, ondan sonra keçirməyi planlaşdırdığı digər görüşlərdə də əlindən gələni edəcək ki, vasitəçilik missiyasını özünə qaytara və burada monopolyasını bərpa edə bilsin. Bu da həddindən artıq çətindir. Ancaq bir şey ortadadır. Rusiya ötən ilin avqustunda təqdim etdiyi, Ermənistanın onu məmnunluqla qarşılamasına baxmayaraq, Azərbaycanın qəbul etmədiyi layihədən imtina edib. Yenidən Azərbaycanı qane edə biləcək, onun mövqelərinə yaxın layihə hazırlayıb. Lavrovun Mirzoyanla birgə Moskvada keçirdiyi son mətbuat konfransında Rusiyanın mövqeyini dilə gətirməsi ermənilərdə çox böyük şok yaradıb. Bir neçə gün bundan əvvəl Paşinyan ”Azadlıq" radiosuna müsahibəsində Rusiya rəhbərliyinə müraciətlə xahiş edib ki, keçən ilin avqustunda ortaya qoyulan və sonradan müzakirəyə çıxarılmayan layihənin şərtlərini yenidən müzakirəyə təqdim etsin. Deyib ki, biz Rusiyanın təqdim etdiyi həmin layihə əsasında danışıqları aparmaq istəyirik, amma Rusiya nədənsə o layihədən imtina etdi və bir daha ortaya çıxarmadı. Belə bir vəziyyət yaranıb.
Təbiidir ki, təxribat törətmək və bu danışıqları pozmağa  çalışmaq istəyən qüvvələr kifayət qədərdir. Paşinyanın sərhəddəki erməni təxribatından dərhal sonra Brüssel görüşündən imtina etməyəcəyi barədə verdiyi bəyanat göstərir ki, bu təxribat onların arzuladığı nəticəni verməyib, yaxud Paşinyan izi itirmək üçün belə bir mövqe sərgiləyib. Hər halda, yaxın günlər açıq şəkildə göstərəcək ki, Azərbaycan-Ermənistan sərhədində təxribatı törədən Ermənistandakı hansı qüvvələrdir, Rusiyanın və İranın burada iştirakı nə qədərdir".
A.Səmədov qeyd etdi ki, ən əsası, sülh sazişinin imzalanması istiqamətində proses sürətlənib və bu prosesin qarşısını almaq həm Ermənistanın, həm İranın, həm Rusiyanın imkanları xaricindədir: “Əgər Rusiya prosesdə iştirak etmək istəyirsə, Qərbdən daha əlverişli şərtlər təqdim etməlidir və təbii ki, bu şərtlər Azərbaycanın haqlı istəklərinə uyğun  olmalıdır. Çünki kimin vasitəçi olacağını günü gündən zəifləyən Ermənistan yox, Azərbaycan dövləti müəyyənləşdirir. Ötən ilin avqustunda verilən Rusiya layihəsinin fiaskoya uğramasından Rusiya rəhbərliyi ciddi nəticə çıxarmalıdır və görünən odur ki, artıq çıxarıb”.
Politoloq Oqtay Qasımov isə bildirdi ki, hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və ümumiyyətlə Güney Qafqazda proseslərin normal axarda gedib sülh mühitinin yaranması üçün hələlik ciddi problemlər var: “Bunun əsas səbəbi regiona uğrunda beynəlxalq güclərin apardığı geosiyasi rəqabətdir. Kollektiv Qərb və Rusiyanın maraqları toqquşur. Azərbaycan-Ermənistan münaqişəsinin həlli və normallaşma prosesində vasitəçilərin sayının çox olması müəyyən dərəcədə əngəl yaradan amildir. Vasitəçilərin çoxluğu maraqların çoxluğu və toqquşması deməkdir. O baxımdan proseslərin hamar getməyəcəyi əvvəlcədən də məlum idi.
Sonuncu Vaşinqton görüşündə müəyyən irəliləyişlər olduğu bildirilib. Tərəflərin verdiyi açıqlamalardan aydın olub ki, Vaşinqtonda müəyyən nəticələr əldə edilib. Bu da prosesin irəliyə aparılması üçün ümidlər yaradır. Amma bölgədə sülhün əldə olunması üçün marağı olmayan əsas dövlət Rusiyadır. Rusiya bölgədə onun iradəsindən kənar hər hansı prosesin getməsinin əleyhinədir. Ona görə də prosesi mümkün qədər əngəlləməyə çalışır və çalışacaq. Mayın 10-da, 11-də və 12-də Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatlar da bunu deməyə əsas verir. Məhz Rusiyanın prosesə əngəl yaratması sülh sazişinin gecikməsinə səbəb olur. Rusiyanın təklif etdiyi variant heç də sülh müqaviləsinə aparan variant deyil. Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və humanitar məsələləri önə çəkərək sülh müqaviləsinin imzalanmasını geri plana atır. Bu da Azərbaycanın maraqlarına uyğun deyil və bölgədə proseslərin normallaşmasına mane olan amillərdən biridir. Digər tərəfdən Qarabağdakı ermənilər məsələsini qeyri-müəyyən müddətə qədər dondurmağı təklif edir ki, bunun da tərcüməsi o deməkdir ki, Moskva bölgədə daha uzun müddətdə qalmaq niyyətindədir. Son üç gündə sərhəddə və Şuşa istiqamətində baş verən təxribatlar da bununla bağlıdır".
Bununla belə, politoloq hesab etmir ki, sülh prosesini əngəlləməyə Rusiyanın sonadək gücü çata bilər: “Əgər ABŞ və kollektiv Qərb konstruktiv davransalar, Ermənistanı həqiqətən də sülh müqaviləsini imzalamağa vadar etsələr, bunun üçün ciddi şəkildə istək olsa, İrəvan Bakı ilə sülh sazişini imzalaya bilər. Əgər Qərb bunu etməyəcəksə, sadəcə növbətçi bəyanatlarla kifayətləncəklərsə, təsir rıçaqlarını işə salmayacaqlarsa, proses uzun müddət davam edə bilər. Bu da Rusiyanın maraqlarına uyğun olar. Mən qəti şəkildə bu məsələnin yalnız və yalnız Rusiyanın iradəsi altında, onun patronajlığı ilə yekunlaşacağını düşünmürəm. ABŞ təşəbbüsü Rusiyaya vermək niyyətində görünmür”.  


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ