Su Ehtiyatları Agentliyində Heydər Əliyevlə bağlı konfrans keçirildi - FOTO
Tarix: 11-05-2023, 19:14
Baxılıb: 335
Google+ Paylaş
Tumblr Paylaş

Su Ehtiyatları Agentliyində Heydər Əliyevlə bağlı konfrans keçirildi - FOTO

11-05-2023, 19:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar yubiley tədbirləri çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanın su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Reportyor.tv xəbər verir ki, konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin su təsərrüfatı sektorunda xidmətlərindən bəhs edən fotosərgiyə baxış keçirilib, film nümayiş olunub.
Konfransda çıxış edən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədrinin müşaviri Əsəd Şirinov bilidirib ki, böyük dövlət xadimi Heydər Əliyev su təsərrüfatı sektorunun inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Respublikamızda su ehtiyatlarının səmərəli idarə olunması, meliorasiya və irriqasiya sahəsində əsaslı işlər ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib. Ağstafaçay, Sərsəng, Yuxarı Xanbulançay, Arpaçay, Aşağı Göndələnçay su anbarları, Mil-Muğan, Lənkərançay hidroqovşaqları Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə tikilərək istismara verilib. Bu layihələr kənd təsərrüfatının suvarma, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına töhfələr verib.
Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1970-71-ci illərdə Sovet İttifaqının ən böyük sutəmizləyici qurğularından sayılan Kür Sutəmizləyici Qurğular Kompleksi inşa edilib, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin təşəbbüsü ilə bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə içməli və tullantı su sektorunda yeni mərhələ başlanıb. Ümummilli liderin səyi nəticəsində yaranmış siyasi sabitliyi nəzərə alan Dünya Bankı keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq Azərbaycana “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində güzəştli kredit ayırıb.
Bakı şəhərinin içməli su təchizatının yaxşılaşdırılmasına səbəb olan Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı təşəbbüsün müəllifi də ümummilli lider Heydər Əliyev olub. Ulu Öndər Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi barədə tapşırıq və tövsiyələrini verib, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2007-2010-cu illərdə reallaşdırılan bu layihənin icrası paytaxtın su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Ötən müddətdə Bakı şəhəri və ətraf qəsəbələrdə, həmçinin regionlarda içməli və tullantı su sistemlərinin yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirilmişdir. Ölkə əhalisinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 44 yeni su mənbəyi yaradılıb. Oğuz-Qəbələ-Bakı magistral su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri, Külüllü su mənbəyi, Şəmkirçay, Mingəçevir, Quba, Xanbulançay sutəmizləyici qurğuları və digər mənbələr Bakı şəhəri və regionların içməli su təminatına töhfələr verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu Qarabağı işğaldan azad etdikdən sonra bu ərazilərdə infrastrukturun bərpasına başlanılıb. Ötən müddətdə Şuşa şəhərinə Kiçik Kirs və Zarıslı mənbələrindən suyun verilməsi təmin edilib, şəhərin dayanıqlı su təchizatı məqsədilə alternativ mənbə yaradılıb. Eyni zamanda Laçın şəhərinin içməli, tullantı və yağış suları sistemlərinin yaradılması layihəsinin icrası da yekunlaşmaq üzrədir. Füzuli şəhərində isə yeni layihələrin icrasına başlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair” Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su ehtiyatları və sudan səmərəli istifadənin təmin edilməsi, su itkilərinin, israfçılığın, sudan qanunsuz istifadənin aradan qaldırılması istiqamətində ciddi tədbirlərin icrasına başlanıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev çıxışında qeyd edib ki, müasir meliorasiya və irriqasiyanın təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, əsas inkişaf Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Bu illərdə su təsərrüfatı sahəsində böyük quruculuq işləri aparılıb, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi yaradılıb. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə mövcud meliorasiya potensialının dağılmasının qarşısı alınıb və bu sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib.
Z.Quliyev ümummilli lider Heydər Əliyev su təsərrüfatı sektorunda başladığı işlərin hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini xatırladıb. Qeyd edib ki, ötən illərdə Şəmkirçay, Taxtakörpü, Tovuzçay, Göytəpə su anbarları, Taxtakörpü-Ceyranbatan layihələrinin icrası kənd təsərrüfatının inkişafına və içməli su təchizatına töhfələr verib.
Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov ümummilli lider Heydər Əliyevin ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.
Yeni Azərbaycan Partiyasının “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri Günay Məmmədli ölkəmizdə siyasi sabitliyin qorunması, hüquqi dövlət quruculuğu, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərinin əvəzsiz olduğunu bildirib.
Konfrans “Su ehtiyatları və onun idarə olunması”, “Su təchizatı, tullantı suları və yağış suları sistemlərinin idarə olunması”, “Ekoloji təhlükəsizlik və iqlim dəyişmələri” mövzularında keçirilən panel iclaslarla öz işini davam etdirib.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ