Milli Konqres Partiyası fəaliyyətini dayandırdı - SON BƏYANAT
Tarix: 11-05-2023, 14:22
Baxılıb: 345
Google+ Paylaş
Tumblr Paylaş

Milli Konqres Partiyası fəaliyyətini dayandırdı - SON BƏYANAT

11-05-2023, 14:22

Azərbaycanda fəaliyyət göstərən daha bir partiya özünü buraxıb. 
reportyor.orgxəbər verir ki, bu, İxtiyar Şirinovun sədrlik etdiyi, 1998-ci ildən fəaliyyət göstərən Milli Konqres Partiyasıdır. Partiya öz fəaliyyətini dayandırmaqla bağlı bəyanat qəbul edib.
“Qurucu rəhbərimiz İxtiyar Şirinovun Vətənə, xalqa və milli dövlətçiliyə xidmət məqsədilə yaratdığı Milli Konqres Partiyası fəaliyyəti dövründə öz prinsipləri uğrunda həmişə aktiv mübarizə aparıb. Azərbaycanın tarixi dövlətçilik ənənələrinin qorunması, dövlətimizin güclənməsi naminə milli qüvvələrin səfərbər olması üçün fəaliyyət göstərən partiyamız daim üzvlərinin etimadını doğrultmağa və ölkəmizin inkişafına xidmət etməyə çalışıb.
Ölkəmizə qarşı olan beynəlxalq ədalətsizliklərə, torpaqlarımızın uzun müddət işğal altında olmasına, ermənilər tərəfindən sərvətlərimizin talanmasına göz yuman beynəlxalq təşkilatlara davamlı şəkildə etirazını bildirən, dövlət idarəçiliyində baş verən nöqsanların zamanında aradan qaldırılmasına çağırışlar edən Milli Konqres Partiyası siyasi tariximizdə özünəməxsus yer tutub.
1998-ci ildə təsis olunan və qısa müddət ərzində dövlət qeydiyyatından keçən Milli Konqres Partiyası siyasi təsisat kimi mövcud qanunvericiliyin tələblərinə davamlı əməl edib, aidiyyəti qurumlara lazımi hesabatları zamanında təqdim edib, müstəqil siyasi iradə nümayiş etdirərək ölkə gündəmində öz açıq mövqeyini ortaya qoyub.
Son zamanlar ölkəmizdə həyata keçirilən mütərəqqi islahatlar, xüsusən ölkəmizin xarici siyasətində əldə edilən böyük uğurlar, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə, dövlətimizin sosial-iqtisadi gücünün artması Milli Konqres Partiyası tərəfindən də yüksək dəyərləndirilib. Partiyamız həyata keçirilən mütərəqqi islahatların uğurla nəticələməsi üçün əhatə etdiyi üzvlərin vahid mövqeyi ilə mövcud hakimiyyətin uğurlarını dilə gətirib və bu münasibətlə ölkə rəhbərini alqışladığını bildirib.
Bu gün reallaşdırılan çoxşaxəli islahatlar dalğası qanunvericiliyin təkmilləşdirilməsini də labüd edib və bunun nəticəsində “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilib. Hesab edirik ki, bu Qanun özlüyündə müxtəlif siyasi baxışları olan şəxslərin dövlətçiliyimizin inkişafı, xalqımızın firavan həyatı, işğaldan azad edilən torpaqlarımızın bərpa olunması, soydaşlarımızın öz doğma yurdlarına Böyük Qayıdışı üçün birliyini də şərtləndirir. Ölkəmizin bədnam niyyətli xarici qüvvələr tərəfindən təhdidlərə məruz qalması və terrorla təqib edilməsi, məkrli güclərin tolerant Azərbaycan xalqını formalaşdıran milli və dini kimliklərin arasında ədavət yaratmaq cəhdləri bizi də dərindən düşündürür. Belə bir məqamda biz Milli Konqres Partiyası olaraq dövlətimizin, ali rəhbərliyin yanında olduğumuzu bəyan edir, insanlarımızı siyasi milli birliyimizin monolit olması yolunda lazımi addımlar atmağa səsləyirik.
Bu mənada, biz siyasi partiya kimi fəaliyyətimizi hüquqi baxımdan sona çatdırdığımızı, dövlətçiliyimizin qorunması uğrunda birlik nümayiş edirdiyimizi ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik. İnanırıq ki, üzvlərimizin yekdil razılığı ilə verdiyimiz bu qərar xalqımızın siyasi birliyi naminə atılan önəmli addımlardan biri olacaq”.
Musavat.com



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ