Sahibə Qafarova Bəhreyndə bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşdü - FOTO
Tarix: 11-03-2023, 23:39
Baxılıb: 289
Google+ Paylaş
Tumblr Paylaş

Sahibə Qafarova Bəhreyndə bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşdü - FOTO

11-03-2023, 23:39

Bəhreyn Krallığında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova martın 11-də bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşlər keçirib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən reportyor.org-a bildirilib ki, Malavi Milli Assambleyasının sədri Katrin Qotani Hara, Kot-d'İvuar Milli Assambleyasının sədri Adama Biktogo və Belarus Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeriy Belskiy ilə görüşlərdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb. Beynəlxalq təşkilatlarda əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşlərdə Parlamentlərarası İttifaq çərçivəsində dialoqun önəmi qeyd olunub.
Bu görüşlərin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İkinci Konfransı ərəfəsində baş tutduğunu qeyd edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan hazırda Qoşulmama Hərəkatına uğurla sədrlik edir və bu platforma çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi, həmçinin beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiəsi üçün ciddi səylər göstərir. O, Azərbaycan Prezidenti İlham Əliyevin mühüm qlobal təşəbbüsləri haqqında da məlumat verib.
Həmçinin qeyd olunub ki, Qoşulmama Hərəkatı həm də parlamentlərarası əlaqələrimizin inkişafı üçün platforma rolunu oynaya bilər. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təşəbbüsü ilə çıxış edib və Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib.
Eyni zamanda, bildirilib ki, 2021-ci ilin noyabrında Madriddə Parlament Şəbəkəsinin təsis, 2022-ci ilin iyun ayında isə Bakıda birinci konfransı keçirilib.
Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaranan reallıqlar, azad olunmuş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri, məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması üçün görülən tədbirlər, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar barədə məlumat verib.
Görüşlərdə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb, o cümlədən, Hərəkatın Parlament ölçüsünün yaradılması yüksək qiymətləndirilib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ