20 Yanvar - Qan yaddaşımız
Tarix: 18-01-2023, 11:56
Baxılıb: 1 099
Google+ Paylaş
Tumblr Paylaş

20 Yanvar - Qan yaddaşımız

18-01-2023, 11:56

SSRİ-nin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasəti, azərbaycanlıların tarixi torpaqları olan İrəvandan köçürülməsi, Azərbaycan xalqının milli azadlığını boğmaq siyasəti, Sumqayıtdakı və Dağlıq Qarabağdakı hadisələr, 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Azərbaycan xalqı öz azadlığını və istiqlaliyyətini SSRİ-dən ayrılaraq müstəqil Azərbaycan Respublikası qurmaqda görürdü.
XX yüzillik Azərbaycan xalqının tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və  qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil oldu. Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq  kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcıdır. Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olan yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Qanlı Yanvar faciəsində sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.
Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gəldi, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi. Məhz ümummilli lider Heydər Əliyevin bu cəsarətli addımı sayəsində dünyanın mütərəqqi qüvvələri də Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi.
Əlbəttə, ermənilərin iştirakı ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir. Faciənin otuz üçüncü ildönümü ilə əlaqədar Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə anım mərasimləri, sərgilər, konfranslar keçirilir, bu qanlı qırğın, eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığı bütün dünyaya çatdırılır. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2019-cu il dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik mübarizəsində yeri və rolunun xüsusi vurğulandığı həmin Sərəncamda deyilir: “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”.
Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlət başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncamlar və fərmanlar verib. Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Hər il əlil və şəhid ailələrinə yeni mənzillər verilir, onların arasında 20 Yanvar əlilləri və şəhidlərinin ailələri də var. 20 Yanvar faciəsində şəhid olan şəxslərin ailələrinə Prezident təqaüdü verilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır.
Vətən uğurunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Xalqımız qanı bahasına da olsa istəyinə – azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Bu gün qalib xalq kimi cənnətməkan şahidlərimizi böyük ehtiramla yad edir, onların əziz xatirəsini və uca adını daima yüksək səviyyədə tutmaqla,  üzərimizə düşən bu şərəfli missiyanı yerinə yetirməyə çalışır və and yerimiz olan müqəddəs ruhların qarşısında baş əyirik! 

Natiq Cavadov – 
Ağdam Dövlət Sosial-İqtisadi kollecinin direktoru,
 professor


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ