"Tərtərin icra başçısı Müstəqim Məmmədov ağır ifadə işlədib, deyib, siz bilirsiniz ki, oğlunuz nə qələt edib?"
Tarix: 21-04-2022, 12:29
Baxılıb: 1 337
Google+ Paylaş
Tumblr Paylaş

"Tərtərin icra başçısı Müstəqim Məmmədov ağır ifadə işlədib, deyib, siz bilirsiniz ki, oğlunuz nə qələt edib?"

21-04-2022, 12:29

“Tərtər işi”ndə “Vətən xaini” damğası ilə işgəncələrə məruz qaldığı üçün öldürülən, dünən isə ölümündən sonra bəraət alan Elçin Quliyev Aprel döyüşləri vaxtı məzuniyyətdə olub. Hərbi hissədə su maşını idarə edirdi.
2017-ci ilin mayın 3-də gəlib Elçini evindən götürüb aparıblar. 5-i də işgəncələrdən ölüb. Hətta Elçinə deyiblər ki, təzə maşın almısan, hansı pulla? Adam gedib kredit götürübmüş, həyətindəki inəyi satıbmış, min manat da faizə borc alıbmış. Bunun faktları, sübutları, bank sənədləri də var.
Mayın 8-də Elçinin ailə üzvlərini çağırıblar. Orada öldürülənlərin siyahısı açıqlananda yaxınları şoka düşüb. Soruşublar ki, necə yəni ölüb? Tərtərin icra başçısı Müstəqim Məmmədov ağır ifadə işlədib, deyib, siz bilirsiniz ki, oğlunuz nə qələt edib? (yüngül formada yazdım).

Təsəvvür edirsiniz, icra başçısı da əlində heç bir sənəd, sübut olmadan Elçini vətən xaini çıxarıb camaatın içində. Orada Hikmət Həsənovun müavini Babək Səmidli də olub. Babək Səmidli deyib ki, bəs, Elçin Aprel döyüşlərində yemək maşını sürürdü, yeməyin içinə narkotik atıbmış ki, hərbçilər yatsın, ermənilər gəlib Tərtəri alsın. Elçinin əmisi də qayıdıb ki, nə danışırsan? Elçin Aprel döyüşlərində başqa maşını sürürdü, özü də həmin vaxt məzuniyyətdə olub. Babək Səmidli daha deməyə söz tapmayıb. Deyib, sakit dayanın, səs-küy salmayın. Deyiblər, götürün meyiti aparın.
Atası deyib oğlumu bayrağa büküb gətirməsəniz, qəbul etməyəcəm. Birtəhər ailənin başını aldadıblar.
Dünən tutuların hamısı demək olar ki, Elçinə işgəncə verməkdə, onun ölümünə səbəb olmada iştirak edib. Xüsusən baş gizir Cabir Qəhrəmanov, gizir Sənan Maşıyev. Təsəvvür edin, 2019-cu ildə məhkəmənin qərarı ilə Cabir 6 il, Sənan isə 5 il 6 ay müddətinə həbs ediliblər. Amma 2020-ci ildə türmədən çıxıblar. Deyilənə görə, Sənan Maşıyev keçmiş korpus komandiri, hazırda həmin vəzifədən uzaqlaşdırılan general-mayor Hikmət Həsənovun qohumudur, adama hətta “Ağdamın azad olunmasına görə” medalı da verilib.
Maşıyev məhkəmədə son sözündə heç nəyə görə peşman olmadığını demişdi:
“İki ilə yaxındı burdayıq, bir dəfə də valideynlərimiz bir dövlət orqanının qapısını döyüb deməyib ki, dövlətimiz üçün bu qədər xidməti olan oğlanlarımızı niyə həbs etmisiniz? Etməyəcəklər də. Amma görürsünüz, xainlərin valideynləri aləmi dağıdır. Ola bilər ki, haradasa qanundan kənara çıxmışıq, amma lazım olanı etmişik”.
Dünən Baş Prokurorluğun açıqladığı rəsmi məlumatdan sonra vaxtilə Elçinə “Vətən xaini” damğasını vuranların, işgəncə verənləri qəhrəman adlandıranların gecə yuxusu gəlməməliydi, vicdanları sızıldamalıydı. Təbii ki, əgər vicdanları varsa... İlahi ədalət onsuz da gec və ya tez öz yerini tapacaq!

Emin Səfərov (jurnalist)
Teref.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ