Putinin önündəki Peten deyil - Zelenskinin qarşısındakı daha betərdir
Tarix: 19-04-2022, 10:00
Baxılıb: 302
Google+ Paylaş
Tumblr Paylaş

Putinin önündəki Peten deyil - Zelenskinin qarşısındakı daha betərdir

19-04-2022, 10:00

Üstündən 82 il keçib, hələ də Fransanın 1949-cı ilin may-iyun aylarında Hitler Almaniyasına 6 həftənin içində məğlub olması faktı fransızlar üçün baş qaxıncı olaraq qalır.
Vaxtilə bütün Avropanı işğal etmiş Napoleonun Fransası cəmi 42 günün içində Hitlerə təslim olub. Bu üzdən Almaniyanın vassalı olmağa razılaşanları lideri olan marşal Anri Peten Fransa tarixinin ən xəcil personasıdır.
O biri Avropa dövlətlərindən - Niderland, Danimarka, Belçika və digərlərindən fərqli olaraq, almanlara şərəfli müqavimət göstərəcəyi gözlənilən, ancaq bütün Avropanı məyus edən fransızların almanlara təslimiyyəti istehza doğuracaq dərəcədə biabırçı olub. Hətta müharibədən sonra, Nürnberq tribunalında mühakimə olunan faşist liderlərdən biri üzünü SSRİ, ABŞ və İngiltərəni təmsil edən hakimlərə tutub, əli ilə Fransadan olan hakimi göstərib və soruşub: “Bunların burada nə işi var?”
Yəni bu üç dövlət qalibdir, bəs tam məğlub olmuş Fransa nədən qalib dövlətlərin cərgəsində yer alıb?
Hazırda Ukraynanın iki aya yaxın bir müddətdə Rusiyaya qarşı mətanətlə döyüşən siyasi və hərbi rəhbərliyini kapitulyasiya aktını imzalamağa çağıranların sayı artır. Onların hamısı bilir ki, bu təslimçiliyə görə çağdaş nəsillərlə yanaşı, gələcək nəsillər də işğalçıya boyun əyənləri ittiham edəcək. Nə Zelenski, nə də bir kimsə Peten olmaq istəmir.
Ukraynanın təslim olmağa çağıranları çoxu Rusiyadadır. Bəziləri açıq mətnlə təhdid tonunda tələb edir: “Tezliklə təslim olun, müqavimət göstərməyin!” Bəziləri az qala yalvarır: “Xahiş edirik, müqaviməti dayandırın, təslim olun!” Az qala “bizi biabır etməyin, təslim olun, bu iş bitsin” deyənlər də var.
Ancaq hiss olunur ki, işğal altına düşmüş Buça, İrpen, Mariupol, Nikolayev və başqa şəhərlərdə mülki insanların başına gətirilmiş faciələrə (kütləvi qətllər, zorlamalar, qarətlər, işgəncələr, qadın və uşaq oğurluqları) dair faktlar açıqlandıqca müharibənin təslimçiliklə başa çatmasını istəyən ukraynalıların sayı sıfırlanır. Çünki artıq kapitulyasiya can və əmlak təhlükəsizliyi vəd etmir, kütləvi əsarət, dövlətçiliyin itirilməsi, hüquqsuzluq vəd edir.
Ukraynanı təslimiyyətə çağıranlar arasında başqa ölkələrin siyasət adamları da var. Onlar azdırlar və ictimai təzyiqdən qorxduqları üçün birbaşa çağırış etmirlər, fikirlərini dolayısı ilə, qımıldana-qımıldana dilə gətirirlər, deyirlər, yeganə çıxış yolu budur, amma seçim Ukrayna xalqınındır.
Bizim ölkədə də bu düşüncədə olanlar var. Onlar bəzən müharibə edən tərəflər arasında bərabərlik işarəsi qoyur, bəzən isə hərbi təcavüzə məruz qalan Ukraynanı, onun rəhbərliyini qınayırlar.
“Ukrayna Qərbin fitvasına getməməliydi”, “Rusiya müharibədən qaçmaq üçün çox çalışdı”, “ABŞ və NATO Ukraynanı güdaza verərək Rusiyanı çökdürmək istəyir”, “Udan ABŞ olacaq, arada Ukrayna xərclənəcək”, “Rusiya hücum etməsə, Ukrayna Donbasa qoşun yeridəcəkdi” və sair bu kimi fikirlər tirajlandıqca tirajlanır.
Bunlar dolayısı ilə də yox, birbaşa Rusiyanın hərbi aqressiyasına bəraət qazandırmaq cəhdləridir.
Azərbaycanın 2020-ci ilin sentyabrında öz işğal olunmuş rayonlarını azad etmək üçün hərbi kampaniyaya başlamaq haqqı nə qədər idisə, Ukrayna da işğal olunmuş Donbası azad etmək üçün hərbi qüvvədən istifadə etməkdə o qədər haqlıydı. Bu, birmənalıdır. Müzakirə, mübahisə predmeti olacaq şey deyil.
İkincisi, Rusiya bu müharibədə o zaman haqlı tərəf ola bilərdi ki, Ukrayna ordusu Rusiyanın şəhərlərinə - Stavropola, Belqoroda hücum etsin və Rusiya müdafiə olunsun.
Ortada hərbi təcavüz faktı var, Ukraynanın şəhərləri dağılıb, mülki insanları, eləcə də vətənini müdafiə edən hərbçiləri həlak olub. Müstəqil dövlətin ərazisində yadelli ordu silsiləvi qaydada hərbi cinayətlər törədir.
Bunları kənara qoyaraq, görməzliyə vuraraq, Ukraynadan təslimiyyət tələb etmək, ummaq problemə düzgün yanaşma deyil. Təslimçilik vəziyyətdən çıxış yolu ola bilməz. Ukraynanın bu cür müqaviməti isə Rusiyanın yaxınlığında yerləşən kiçik dövlətlərin xilası deməkdir.
Bəlkə də 1940-cı ildə Fransa Hitler Almaniyasına layiqli müqavimət göstərsəydi və 42 günə təslim olmasaydı, Hitler bu qədər iştahlanıb, o biri dövlətlərə hücum etməz, dünya ağalığı sevdasına düşməzdi.
Hazırkı situasiyada yeganə çıxış yolu aqressorun tam cilovlanması və məğlub edilməsi ola bilər.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ