Putin hakimiyyətdən çəkilir?: Kreml Rusiyanı parçalanmadan xilas etməyə çalışır
Tarix: 25-03-2022, 11:13
Baxılıb: 288
Google+ Paylaş
Tumblr Paylaş

Putin hakimiyyətdən çəkilir?: Kreml Rusiyanı parçalanmadan xilas etməyə çalışır

25-03-2022, 11:13

Rusiyanın siyasi elitası yeni dünya düzəninin qurulmasına rəhbərliyi öz üzərinə götürdüyünü rəsmən elan etmiş ABŞ-la və Ağ Evin müttəfiqləri ilə nüvə silahı üzərindən "siyasi bazarlığa" cəhd göstərir; Kreml ABŞ və Qərbi nüvə zərbəsi ilə şantaj etməklə, prezident Vladimir Putinin hakimiyyəti altında vahid Rusiyanın mövcud olacağına tam qarantiya almağa can atır...
Dünyada hadisələr böyük sürətlə dəyişir. Beynəlxalq məkanda ziddiyyətlər dərinləşməkdə, gərginlik artmaqda davam edir. Və yaxın gələcəkdə bu situasiyanın müsbətə doğru dəyişə biləcəyi o qədər də inandırıcı görünmür.
NATO ölkələrinin dövlət başçıları təcili toplanıblar. Mövcud beynəlxalq situasiyanı, o cümlədən, indiki vəziyyətin əsas qaynağı olan Ukrayna savaşını müzakirə ediblər. Təbii ki, bir sıra önəmli qərarlar qəbul edilib, ancaq böyük ehtimalla dünya ictimaiyyəti onların əksəriyyəti barədə məlumatsız buraxılacaq.
Hələlik məlum olan odur ki, Ukrayna savaşına münasibətdə NATO daxilində vahid mövqe hələ mövcud deyil. Ancaq bəzi iddialara görə, ABŞ NATO daxilində avanqard dövlət statusunu ön plana çıxartmaqda israrlıdır. Eyni zamanda, Ağ Ev Avropa Birliyi ölkələrinə də təzyiqləri artırmaqdır. Əsas hədəf isə Avropa Birliyinin Rusiya enerji resurslarından imtinasına nail olmaqdır. Və bəzi məlumatlara görə, ABŞ bu hədəfinə böyük ölçüdə yaxınlaşıb.
1736868113_0_160_3072_1888_1920x0_80_0_0_14abd32d6de04e1ded2a87a9b1262dc1.jpg (169 KB)
ABŞ prezidenti Co Bayden NATO sammitinə gedərkən, bu hərbi-siyasi alyansdakı müttəfiqlərinə, eləcə də, Avropa Birliyi liderlərinə hansı iradları və təklifləri çatdıracağına aydınlıq gətirməkdən yayınmışdı. Ağ Ev sahibi bütün bunları yalnız NATO üzrə müttəfiqlərin və Avropa Birliyindəki tərəfdaşların özlərinə birbaşa çatdıracağını vurğulamaqla, kifayətlənmişdi. Və bu, nə qədər qəribə də olsa, Qərb mətbuatında narazılıqla qarşılanmışdı.
Əslində, bu narazılıq da qətiyyən təəccüblü deyil. Çünki dünya üçün belə qarışıq və təhlükəli dönəmdə yaxın gələcəkdə baş verə biləcək hadisələr barədə daha müfəssəl məlumatların alınması vacibdir. Halbuki, əslində, Ağ Ev yaxın gələcəkdə cərəyan edəcək proseslərin anonsunu ümumi şəkildə artıq verib.
Məsələ ondadır ki, ABŞ prezidenti Co Bayden "Hazırda elə bir dönəmdir ki, hər şey dəyişir" deməklə, yaxın gələcək barədə təxmini təsəvvürlərə şərait yarada bilmişdi. Üstəlik, Ağ Ev sahibi dünyada cərəyan edən indiki proseslərin bəşəriyyətin gələcək taleyini dəyişə biləcək qədər önəmli məzmun və keyfiyyətə malik olduğuna da eyham vurmuşdu: "Yeni dünya düzəni mövcud olacaq. Məhz biz  digərlərini də birləşdirməliyik və bu prosesə rəhbərlik etməliyik".
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin yeni dünya düzənində Rusiyaya superdövlət rolu ayırmadığı da artıq qətiyyən şübhə doğurmur. Əksinə, indi Rusiyanı daha çox kənar təzyiqlərə davamsız və öz sərhədləri içərisinə qapadılmış dövlətə çevirməyə çalışırlar. Ona görə də, bütün bunları anlayan Kreml ən qorxunc və yolverilməz vasitələrlə müqavimət göstərməyə çalışır, beynəlxalq rəqiblərini nüvə zərbəsi ilə təhdid edir. Rusiya siyasi dairələrində isə ölkənin gələcək mövcudluq şərtlərinə ağır zərbələr vurulmaqda olduğu qənaəti də möhkəmlənməkdədir.
İndi bir çox rus siyasətçisi də Rusiyanın Ukrayna ilə müharibəyə başlamasının tarixi və taleyüklü səhv olduğuna yəqin ki, şübhə etmir. Bu barədə açıq danışa bilməsələr də, hər halda, müəyyən üstüörtülü eyhamlar vururlar. Bununla da, əslində, Ukrayna savaşına qərar vermiş prezident Vladimir Putinin Rusiyanın gələcək taleyini böyük riskə atdığına və məsuliyyət daşıdığına işarə etmiş olurlar.
57887604_303.jpg (42 KB)
Rusiya siyasi dairələrində bu reallıq açıq mətnlə söylənməsə də, bunu onların əvəzinə Kremlin Qərbdəki rəqibləri böyük məmnuniyyətlə edirlər. NATO-nun baş katibi Yens Stoltenberq hər açıqlamasında müstəqil dövlət olan Ukraynaya qarşı müharibənin prezident V.Putinin çox böyük səhvi olduğunu təkrarlamağı xoşlayır. Onun fikrincə, Kreml sahibi Ukrayna xalqının gücünü, cəsarətini, eləcə də, Ukrayna ordusunun döyüş hazırlığını lazımınca qiymətləndirə bilməyib. Və nəticədə Rusiyanın işğalçı ordusu gözlənildiyindən qat-qat artıq müqavimətlə üzləşib.
Təbii ki, NATO baş katibinin dediklərində həqiqət payı olmamış deyil. Hər halda, böyük itkilərə məruz qalmaqda olan Rusiyanın Ukrayna savaşında böyük uğursuzluqla üzləşdiyi inkaredilməz reallıqdır. Belə vəziyyət Kremlin hərbi-siyasi manevr imkanlarını da məhdudlaşdırır. Və bu səbəbdən də, artıq sülh danışıqlarına məcbur qalan Rusiyanın anlaşma şərtləri o qədər də ciddiyə alınmır.
Məsələ ondadır ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rəsmi Kiyevin Rusiyaya elə bir ciddi güzəşt həvəsində olmadığını qətiyyən gizlətmir. O, bildirib ki, Rusiya Ukraynadan qəbuledilməz güzəştlər istəyir: "Həmin tələblər cəfəngdir. Bizi indi daha fəqrli məsələlər maraqlandırır. Ukraynaya təhlükəsizlik zəmanətləri verilməlidir, Krım və Donbas da daxil olmaqla, ərazi bütövlüyümüz tanınmalıdır. Dərhal atəşkəsə nail olmalıdr və Rusiya ordusu ölkəmizin bütün ərazilərindən çıxmalıdır”.
Göründüyü kimi, rəsmi Kiyev artıq Rusiyanın zəif düşdüyü, bir müddət sonra savaşı davam etdirmək imkanlarını tamamilə itirə biləcəyi qənaətinə gəlib. Ona görə də, bundan sonra Kremlin şərtləri ilə deyil, yeni situasiyanın diqtəsinə uyğun anlaşma variantına üstünlük verməyə başlayıb. Və belə vəziyyət hətta Rusiyanın siyasi elitasında da müəyyən çaşqınlığa səbəb olmaqdadır.
0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)
Bəzi məlumatlara görə, Rusiyanın siyasi elitası da Ukrayna savaşında dünyaya meydan oxumaq şansı verəcək qələbəyə inamını itirmək üzrədir. Nəticədə çox zəif də olsa, artıq Putin hakimiyyəti daxilində müəyyən mərkəzdənqaçma meyllərinin ilkin əlamətləri müşahidə olunur. Buna ən önəmli örnək kimi Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi postunda çalışan Anatoliy Çubaytsın istefasını göstərmək olar.
Anatoliy Çubays Ukrayna müharibəsi başlayandan sonra hələlik istefa verən ən yüksək rütbəli məmurdur. Onun istefası Rusiyanın Ukraynada apardığı müharibəyə etiraz etməsilə izah edilir. Hazırda Türkiyədə olduğu bildirilən Anatoliy Çubayts əslən yəhudidir. Onun vaxtilə prezident Vladimir Putinin hakimiyyətə gətirilməsində həlledici səviyyədə rol oynadığı da heç kəsə sirr deyil.
Ümumiyyətlə, bu məmur-oliqarx kifayət qədər məlumatlı şəxs hesab olunur. Bu səbəbdən də, Anatoliy Çubaytsın Ukrayna savaşının Rusiya üçün hansı nəticələri vəd etdiyi barədə daha aydın təsəvvürlərə malik olduğu istisna edilmir. Ona görə də, A.Çubaytsın qətiyyən təsadüfi xarakter daşımayan istefasının prezident Vladimir Putinin siyasi komandasında xaos və qopmalar yarada biləcəyi proqnozlaşdırılır.
Digər tərəfdən, bu ehtimalların doğru ola biləcəyi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin son açıqlamalarından da sezilir. Belə ki, D.Medvedev ABŞ və Qərbi son 30 il ərzində Rusiyanı parçalayıb, məhv etmək strategiyası üzrə hərəkət etməkdə suçlayır. Onun fikrincə, ABŞ və Qərbin bu strategiyası bütün dünya üçün böyük təhlükə mənbəyidir. D.Medvedev əmindir ki, Rusiyanın prezident Vladimir Putinin rəhbərliyi altında parçalanmadan mövcudluğunu qoruya bilməsi dünya üçün ən doğru variantdır.
_110968323_tass_37835137.jpg (38 KB)
Məsələ ondadır ki, D.Medvedev ABŞ və Qərbi prezident Vladimir Putinin hakimiyyətdən gedəcəyi təqdirdə, Kremlin nəhəng ölkə üzərində siyasi idarəçilik iradəsinin zəifləyə biləcəyinə eyham vurub. Belə vəziyyətdə Rusiyanın parçalanma təhlükəsi yaranacağından nüvə silahının kimin əlinə keçəcəyi də dünya üçün ciddi problemdir. Və D.Medvedev eyham vurub ki, indi Rusiyanı parçalamağa çalışan Qərb, bu, baş verəcəyi təqdirdə, nüvə zərbəsinə də əvvəlcədən hazır olmalıdır.
D.Medvedevin prezident Vladimir Putinin ən yaxın ətrafına daxil olduğunu nəzərə aldıqda, Kremlin ABŞ və Qərblə nüvə silahı üzərindən "siyasi bazarlığa" cəhd göstərdiyini də düşünmək olar. Belə anlaşılır ki, Kreml ABŞ və Qərbi nüvə zərbəsi ilə şantaj etməklə, prezident Vladimir Putinin hakimiyyəti altında vahid Rusiyanın mövcud olacağına qarantiya almağa can atır.
Əgər, bu, həqiqətən belədirsə, onda Rusiyanın gələcək taleyinin qaranlıq olması barədə ehtimallar da aktual xarakter daşıyır. Hər halda, Kreml təmsilçiləri dolayısı da olsa, ABŞ və Qərblə "siyasi bazarlığa" prezident Vladimir Putinin hakimiyyətini belə, çıxartmağa başlayıblarsa, deməli, vəziyyət üzdə göründüyündən daha ağırdır. Yəni, indi həm Rusiyanın mövcudluğu, həm də prezident Vladimir Putinin gələcək taleyi müzakirə mövzusuna çevrilməyə başlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ