Avropa Parlamentindən məscidi donuz tövləsinə çevirənlərə dəstək-Həyasızlığın son həddi
Tarix: 11-03-2022, 16:36
Baxılıb: 405
Google+ Paylaş
Tumblr Paylaş

Avropa Parlamentindən məscidi donuz tövləsinə çevirənlərə dəstək-Həyasızlığın son həddi

11-03-2022, 16:36

Növbəti ikiüzlülük və riyakarlıq! İşğala və separatizmə qarşı mübarizə aparan Ukraynaya hər cür dəstək verən, prezident Zelinskini ayaq üstə alqışlayan Avropa Parlamenti 30 ildən sonra torpaqlarını işğaldan azad etmiş Azərbaycana qarşı qətnamə qəbul etdi! 
Bu, erməni faşizminə stimul vermək, bəraət qazqandırmaqdır, başqa adı yoxdur. Əks təqdirdə Avropa Parlamentinin 679 deputatından 635-i Azərbaycan əleyhinə qətnamənin qəbuluna səs verməzdilər. Ədalət gözlədiyimiz qurumun cəmi 2 deputatı ədalətli mövqedə dayanıb. İddia olunur ki, Azərbaycan “Dağlıq Qarabağ”da mədəni irsi dağıdıb. Əclaflığın miqyasına diqqət edin! Mədəniyyət beşiyimiz Şuşanın incilərini yer üzündən silən, şəhər və kəndlərimizi, 70-dək məscidimizi tar-mar, qəbirlərimizi təhqir eləyən, donuz tövləsinə çevirən erməni işğalçılarını yox, Azərbaycanı suçlayırlar!

Faşist Njdenin nəvələrinin iddialarını tirajlamaqla Avropaparlamentarlar nəyə nail olmaq istəyirlər? Heç şübhəsiz ki, 44 günlük müharibədə erməni işğalçılarına vurduğumuz zərbələrin qıcığıdır. Qələbəmizi hələ də həzm edə bilmirlər. Zənn edirdilər ki, Ermənistan əbədi olaraq işğalda saxlayacaq Qarabağı və onlar da Azərbaycan torpaqlarnın işğalı üzərində növbənöv oyunbazlıqlar edəcəklər. Alınmadı. Hətta indiki şərtlər daxilində Xankəndiyə gəlmələri də müşkülə çevrilib. Odur ki, hikkələrini bu sayaq nümayiş etdirirlər. Hətta Naxçıvan ərazilərini də siyahıya əlavə ediblər.

Azərbaycan torpaqlarına iki əsr əvvəl köçürülmüş ermənilər haqqında elə danışırlar ki, adam heyrətlənir. Azərbaycan ərazilərinə köçürülmüş bir ovuc erməninin nə boyda “mədəni irsi” varmış bunların nəzərində? Sadəcə həyasızlıq! İrəvan xanlığının ərazisində təkcə Göy məscid qalıb e, Azərbaycan tarixindən nümunə olaraq, onu da farslaşdırıblar. Erməninin Naxçıvanda nə ölümü vardı ki, avropalı deputatlar indi onların “mədəni irsi”nə yasxana qurub? Doğrudanmı bunların içərisində bircə vicdanlısı, yaxud tarixdən xəbərdar olanı yoxdur ki, desin Qarabağ və Zəngəzur ərazisindəki kilsələr Qafqaz Albaniyasına məxsus olub, sonradan Çar Rusiyasının əli ilə erməniləşdirilib həmin dini abidələr?! Şübhəsiz ki, məlumatlıları da var, amma etiraf etmək mədəniyyəti yoxdur, həm də cəsarəti. Ermənilərin çirkli pulları gözlərini örtüb.

Avropa Parlamentinin qüruru olsaydı, vaxtilə Ermənistanın işğalından bəhs edən qətnaməsinin uzun müddət icra olunmamasını xatırlayar və işğalçını cəzalandırardı. Vaxtilə Ermənistana çağırış etmişdilər: “Qarabağa əsgər göndərməyin!” Ermənilər nə qətnaməyə məhəl qoydular, nə də çağırışı eşitdilər, illər boyunca. Saymadılar. İndi Avropa Parlamenti onu saymayanı niyə sayır və hansı əsasla?!
Təbii ki, Azərbaycan da saymazlıq nümayiş etdirə bilər. Heç qəbul olunmuş qətnaməyə də məhəl qoymaz, eyni məntiqlə. Özünü  “demokratik təsisat” adlandıran qurum özünə hörmət etmirsə, kimsədən də hörmət gözləməməlidir. Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul etdiyi saatda Qarabağdakı erməni separatçı-terrorçu dəstələrin oyuncaq “parlamenti” də “növbədənkənar iclas” keçirdi, Azərbaycanı ittiham etdi. Təsəvvür edin, Avropa Parlamenti ilə Qarabağ separatçıları “saatlarını tutuşdurdular”, eyni ittihamları yağdırdılar Azərbaycan dövlətinə qarşı. Separatçıların dərsini vermək bizə borc olsun, bəs onlara “züy” tutan avropalılarla necə davranaq? Boş verək?
Məncə, yox, cavabları mütləq verilməlidir! Necə ki, bir neçə il əvvəl bənzər riyakarlığın qarşılığında Azərbaycan Avropa Parlamentinin təsis etdiyi Avronest-dəki fəaliyyətini dondurmuşdu. Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurduğundan Milli Məclisdə müvafiq qərar da qəbul olunmuşdu. Sonradan səhvlərini başa düşdülər, minnətçi düşüb, üzrxahlıq etdilər və münasibətlər bərpa olundu.

Görünür, münasibətlərə yenidən baxılmasına ehtiyac yaranacaq. Şərq Tərəfdaşlığı proqramının aktiv üzvü olan Azərbaycanı hədəfə almaqla Avropa təsisatının məqsədi nədir? Bizi Rusiya cinahına doğru sıxışdırmaq istəyirlər? Bəlkə Nikol Paşinyanın Fransa Makronu və Avropa İttifaqı Şurasının Mişeli ilə görüşünə “mükafat”dır bu? Kimsə Azərbaycan dövləti ilə diktə dilində danışa bilməz! Özü də işğal və separatizmdən, terrorizmdən on illər əziyyət çəkən, yüz milyardlarla ziyana düşən bir ölkə ilə! Avropa Parlamenti Rusiya ilə müharibə aparan Ukraynanın yanındadır, separatçı Donbas və Luqanska sanksiya tətbiq edir, amma əlində Rusiya bayrağı tutmuş erməni separatçılarını himayə edir. Əgər azacıq vicdan və ədalət olsaydı, elə bu günlərdə Avronest xətti ilə İrəvana səfər etmiş Azərbaycan deputatlarına qarşı terror cəhdləri edən erməniləri ittiham edərdilər. Amma heç olmasa quruca bəyanat da eşitmədik, azərbaycanlı deputatların üzünə restoranı belə bağlayan erməni rəsmilərini yox, Azərbaycanı ittiham edirlər. Bir avropalı deputatda ədalətli davranış görmədik.

Oxuyuruq: Haaqa Məhkəməsinin Baş prokuroru Kərim Xan 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə görə Cənubi Osetiya separatçılarının keçmiş üç rəhbər şəxsinin həbsini tələb edir. Bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin məlumatında bildirilib.
Haaqa Məhkəməsi Qarabağda minlərlə insanımızın qanına bais olan erməni caniləri ilə bağlı nə vaxt hökmünü verəcək? Avropa Məhkəməsi hələ ki, azərbaycanlıların mülki və siyasi iddiaları ilə bağlı həvəslə qərarlar çıxarır, Azərbaycanı cərimələyir, bəs Qarabağda, Şərqi Zəngəzurda törədilən cinayətlərə görə nə zaman qərar elan olunacaq? Ədalətsizlik bu sayaq davam edəcəksə, çətin... 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ