Maska məcburiyyətinin ilk günündə Bakıda nələr oldu FOTO REPORTAJ
Tarix: 4-06-2020, 10:00
Baxılıb: 1 646
Google+ Paylaş
Tumblr Paylaş

Maska məcburiyyətinin ilk günündə Bakıda nələr oldu FOTO REPORTAJ

4-06-2020, 10:00

Paytaxt küçələrində əvvəlki günlərlə müqayisədə tibbi maskadan istifadə edənlərin sayı artıb, lakin...

Azərbaycanda  xüsusi karantin rejimi günlərində qanunla nəzərdə tutulan yerlərdə maska taxmayanlar cərimələnəcək. Bununla bağlı qanun iyunun 3-dən etibarən qüvvəyə minib.
Belə ki, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Bəs qərardan sonra paytaxtda vəziyyət necədir?
Əvvəlcə məlumat verək ki, Azərbaycanda koronavirusa yoluxma sayı sürətlə artır. Səbəb kimi isə insanların karantin qaydalarına əməl etməmələri göstərilir. Xüsusilə də son günlər qapalı məkanlarda, ictimai nəqliyyatda demək olar ki, heç kim maskadan istifadə etmirdi. Bütün bunların nəticəsi olaraq iyunun 2-nə olan məlumata görə, Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 5 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağırdır. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 309901 test aparılıb.
Müşahidə etdik ki, mağazalarda artıq maska taxan insanların sayı artıb. Eyni zamanda iri supermarketlərin bəzilərində yenidən içəri keçənlərin temperaturu yoxlanır, əllərinə spirt vurulurdu. Həmçinin öyrəndik ki, səbətlər, arabalar da mütəmadi olaraq dezinfeksiya edilir. Market əməkdaşlarının hamısı maskadan istifadə edirdi. Bundan əlavə, kassada oturan əməkdaşlar da bəzi marketlərdə yaradılan şəffaf maneə arxasında oturub, oradan xidmət göstərirdilər.
Dayanacaqlarda, avtobuslarda insanlara maska taxmaları ilə bağlı xəbərdarlıq edilirdi. Metronun girişində isə polis maska taxmayanı içəri buraxmırdı. Eyni zamanda metronun platformasında da polislər insanlara maskadan istifadə etməyi bildirirdilər.
Avtobuslarda isə həmişəki kimi, yenə də əksəriyyət maskadan istifadə etmirdi. Dayanacaqlarda isə yarı maskalı, yarı maskasız vətəndaşlara rast gəldik. Ümumilikdə isə Bakı küçələrində əvvəlki günlərlə müqayisədə maska taxanların sayı artsa da, maskasız gəzən də az deyil.
Ticarət mərkəzlərinin (Mall-ların) girişində dayanan mühafizəçilər insanları maskasız içəri buraxmırdılar. Bakıdakı poliklinikalardan birində  olub, oradakı durumla da maraqlandıq. Müşahidə etdik ki, həkimlərin hamısı maskadan istifadə edirlər. Pasiyentlərin isə bir qisminin çənəsində maska gördük... Bankların və bankomatların qarşısında polis nəzarəti əsasında hər kəs maskadan istifadə edirdi.
Maskasız gəzən vətəndaşlarla söhbətimiz zamanı onlar bildirdilər ki, apteklərdə maska tapa bilmirlər. Ona görə də maska taxmayıblar.
Bir neçə aptekdə olduq və öyrəndik ki, günün birinci yarısında maska qıtlığı olsa da, günün ikinci yarısında bu problem həllini tapıb.
Maskanın məcburi olduğu ilk gün kütləvi şəkildə kimlərinsə cərimələndiyinin şahidi olmadıq.
Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional bürosunun direktoru Hans Klyuge jurnalistlərlə onlayn brifinq zamanı deyib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə öz yolunu tapıb:
“Biz yaxşı bilirik ki, Azərbaycan koronavirusla mübarizə üçün fond yaradıb. Bu böhrana qarşı mübarizədə hamı birləşməlidir, həm dövlət səviyyəsində, həm də özəl sektor bu prosesə cəlb olunmalıdır. Bu, birlikdə çalışmaqla əldə ediləcək uğura çox gözəl nümunədir. Bu vəziyyətdə yalnız səhiyyə sistemini dəstəkləməklə kifayətlənmək olmaz, daha da irəli getmək lazımdır”, - o bildirib.
Qeyd edək ki, bu yerlərdə maska taxılmalıdır:
Avtobus, taksi, metro, qatarda;
Bazarlarda, ticarət mərkəzlərində;
Dövlət qurumlarında və insanlara birbaşa xidmət edən təşkilatlarda;
Ofislərdə, zavod və fabriklərdə;
Muzey, məscid, polkilinika, xəstəxana, AMEA, tədqiqat institutlarında;
Banklarda, bankomant növbələrində, dayanacaqlarda;
Parklarda, istirahət məkanlarında adamların sıx olduğu təqdirdə maska taxmaq məcburidir.
Əli RAİS,
“Yeni Müsavat”,
Fotolar: Elçin ƏKBƏROV





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ